“Milan” ingilis sağ cinah müdafiəçisi Kayl Uokeri “Mançester Siti”dən icarə müqaviləsi əsasında “rossoneri”nin heyətinə qatıb.
Arena.az bu barədə İtaliya klubunun rəsmi saytına istinadən məlumat verir.
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədə olacaq. Müqavilə klublar arasında ödənişsiz əsasda gerçəkləşdirilib. Uoker “Milan”da “32” nömrə altında çıxış edəcək.
Kayl Uoker 2017-ci ilin iyul ayından “Mançester Siti”də çıxış edir. Uoker “şəhərlilər”in düşərgəsinə 52,7 milyon avro məbləğ müqabilində “Tottenhem”dən keçib. İngilis futbolçunun Mançester klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Uoker “şəhərlilər”in heyətində bütün yarışlarda 18 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Kayl Uokerin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi 319 oyun, 6 qol və 23 məhsuldar ötürmədən ibarətdir.
Kayl Uoker 2011-ci ilin noyabrında debüt etdiyi İngiltərə yığmasının heyətində 93 oyun keçirib, 1 qol vurub və 10 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı ingilis müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.
“Milan”ın sol cinah müdafiəçisi Fode Ballo-Ture isə İtaliya klubundan ayrılaraq Fransanın “Havr” komandasına keçib. 28 yaşlı seneqallı futbolçu Liqa 1 təmsilçisinə azad agent kimi qoşulub. O, yeni klubu ilə 2025-ci ilin 30 iyununadək anlaşıb.
Fode Ballo-Ture Fransa nəhəngi PSJ-nin yetirməsidir. O, “Lill”, “Monako”, “Fulhem” kimi klubların da formasını geyinib. “Milan”ın əsas komandasında 26 oyuna 1 qol vurmuş müdafiəçi Fransanın U-16 və U-21 yığmalarında oynasa da, 2021-ci ildən Seneqal millisinin uğurları üçün çalışmağa başlayıb. O, indiyə qədər Seneqal yığmasında 16 oyuna çıxıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı müdafiəçinin transfer dəyərini 1,2 milyon avro məbləğində qiymətləndirir.