“Mançester Yunayted” komandanın sabiq qapıçısı Devid Qaskellin dünyasını dəyişdiyini açıqlayıb. Onun 84 yaşı var idi.
Publika.az xəbər verir ki, Qaskell “Mançester Yunayted” tarixində debüt edən ən gənc futbolçudur. O, 24 oktyabr 1956-cı ildə 16 yaş 19 gün ikən İngiltərə Superkubokunda “Mançester Siti”yə qarşı oyunda böyük komandada debüt edib.
“Mançester Yunayted”in əsas qapıçısı Rey Vud zədələnib və Qaskell onun yerinə meydançaya çıxıb, qapısını toxunulmaz saxlamağı bacarıb. Həmin görüşdə “Mançester Yunayted” 1:0 hesabı ilə qalib gəlib.
“Mançester Yunayted”in rəsmi saytında ayrıca qeyd edilir ki, Qaskell həyat yoldaşı Barbara ilə 68 il evli olub. Onların üç qızı var idi.