Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
İdman.biz xəbər verir ki, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çempionatın əhəmiyyətindən söz açıb. O, idmana xüsusi dövlət qayğısının olduğunu vurğulayıb: “2024-cü il ağırlıqqaldıranlarımız üçün uğurlu nəticələrlə yadda qalıb.Ötən il Bəhreynin paytaxtı Manamada keçirilən dünya çempionatında ağırlıqqaldıranımız Dadaş Dadaşbəyli gümüş medal qazandı. Onun uğuru hamımızı sevindirdi. İnanıram ki, bundan sonra da bu yolu davam etdirən idmançılarımız yetişəcək. Bu cür yarışların keçirilməsinin yeni idmançıların üzə çıxarılmasında böyük rolu var. Çempionatda iştirak edən idmançılar beynəlxalq turnirlərdə iştirak şansı qazanacaq. Bütün idmançılara uğurlar arzulayıram”.
Sonra Azərbaycanda ağırlıqqaldırma idman növünün inkişafında müstəsna xidmətləri olan Əməkdar məşqçi Vaqif Hüseynova AAF tərəfindən 80 illik yubileyi münasibətilə ilə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, ölkə çempionatına yanvarın 26-da yekun vurulacaq.
Aytac Sahəd
İdman.biz