Türkiyənin Konya şəhərində çökən yaşayış binasında aparılan axtarış-xilasetmə işləri başa çatıb. Binanın dağıntıları altından iki nəfərin cəsədi tapılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, binada ümumilikdə 79 nəfər yaşayıb. Hadisə baş verdikdən dərhal sonra dağıntılar altından iki nəfər sağ çıxarılıb, ardınca daha üç nəfər xilas edilib. Dağıntılar altından yeni evli gənc cütlüyün cəsədi tapılıb.
Hadisə ilə bağlı 4 nəfər saxlanılıb.
Xatırladaq ki, yanvarın 24-ü yerli vaxtla saat 20:05-də Türkiyənin Konya şəhərində dördmərtəbəli yaşayış binası çöküb.
***
14:25
Türkiyənin Konya şəhərində çökən yaşayış binasının dağıntıları altından bir nəfərin cəsədi tapılıb, beş nəfər isə sağ olaraq çıxarılıb.
Modern.az xəbər verir ki, bölgədə axtarış-xilasetmə işləri təxminən 12 saatdır fasiləsiz davam edir.
Axtarışlara AFAD qrupları, yanğınsöndürmə və 112 ilkin təcili-tibbi müdaxilə heyətləri ilə yanaşı, xüsusi təlim keçmiş itlər də cəlb edilib.
Xatırladaq ki, çökmə ilə bağlı ilkin məlumat dünən yerli vaxtla saat 20:05-də daxil olub. Saat 20:15-dən etibarən axtarış-xilasetmə işləri başladılıb.