Təhsil sahəsinə isə təcrübəli pedaqoqlara ciddi ehtiyac var
Azərbaycanda bütün sahələrdə nöqsanlar var, amma ölkənin təhsil sahəsində peşəkar kadrların təyinat çatışmazlığı daha dözülməzdir. Azərbaycanda təhsil sahəsində ən ciddi nöqsan ondan ibarətdir ki, təhsilə rəhbərlik edən şəxslər heç biri peşəkar müəllimlər deyil.
Dərd burasındadır ki, Elm və Təhsil naziri Emin Əmrullayevin pedaqoji təhsili yoxdur, (o, İdarəçilik akademiyasını bitirib), Elm və Təhsil Agentliyinin sədri Ülkər Səttarovanın da pedaqoji təhsili yoxdur, (Texnika elmlər namizədidir), Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin olunan Eşqi Bağırovun da pedaqoji təhsili yoxdur, hüquqşünasdır.
Bir sözlə, Azərbaycanda təhsilə rəhbərlik edənlər nazirdən tutmuş agentlik, hətta regional təhsil idarələrinin rəhbərlərinin bir çoxunun belə, pedaqji təhsili yoxdur, belə də təhsil sistemi olar?!
Bundan başqa, dünyanın hansı inkişaf etmiş dövlətinin büdcəsinə diqqət yetirsəniz, həmin ölkələr büdcədə ən çox maliyyə ayırdığı sahələrdən biri təhsildir. Hazırkı dünyada yüksək inkişafa malik olan ABŞ və Avropa İttifaqı ölkələri elm və təhsili inkişaf edirməklə böyük nəticələr əldə ediblər.
Azərbaycanda isə təhsilin inkişafını siyasətə və biznesə çevirən iqtisadçılar və hüquqşünaslar rus dilində təhsil verən məktəblərin sayının artması ilə öyünürlər. Mövcud Azərbaycan təhsil sistemisə dünyada ən geridə qalmış hesab olunur. Çünki hər bir ölkənin təhsil sisteminə əldə edilən nəticələrə əsasən, dəyər verilir. Azərbaycan təhsilində isə müsbət nəticə, inkişaf yoxdur.
Ölkəmizin təhsil sisteminin inkişafına maneə olan əsas səbəb əsasən aşağıdakılardır. Birinci, təhsilin inkişafını əngəlləyən bütün sahələrdə olduğu kimi, təyinatda və idarəetmədə dərin kök salmış rüşvətxorluq və korrupsiyadır! İkinci səbəb isə hakimiyyətin bütün yuxarı pillələrində kadrların qohumbazlıq, yerlibazlıq əsasında seçilməsidir. Eyni zamanda aşağı pillədə çalışan təhsil işçilərinin qrup halında hakim partiyaya kütləvi üzv qəbul olması pis vərdişə çevrilib. Məktəblərdə müəllim işləyən kişilərin sayının kəskin şəkildə azalması isə bu kimi ciddi nöqasanlarla bağlıdır.
Azərbaycanda təhsil sahəsində dövlət vəzifələrində çalışanların qohumlardan, yerlilərdən və YAP-çılardan ibarət olması ölkədə ən ciddi mənfi nəticələrə gətirib çıxarıb. Deməli, dövlət vəzifəsi tutanların 90 faizini bu qruplar təşkil edirsə, dövlətdən əmək haqqı alan məmurlar da elə bu qruplara daxildirlər. Bəs YAP üzvü olmayan yerdə qalan müəllimlər nə etsinlər?!
Abbas