“Əl-Hilal”ın artıq braziliyalı ulduza ehtiyacı yoxdu. Bunu bu klubun təcrübəli baş məşqçisi Jorje Jezuş açıqlayıb. “Əl-Hilal” son turda “Əl-Fateh”i darmadağın edib - 9:0. Portuqaliyalı mütəxəssis həmin qarşılaşmanın ardından Neymarla bağlı önəmli açıqlamalar verib:
“Neymarı ikinci dövrə üçün iştirak ərizəsinə salmayacağıq! Səudiyyə Ərəbistanı çempionatı sizə asan görünməsin. Bu liqa hazırda dünyanın ən güclü liqalarından biridi. “Əl-Hilal”ın bütün futbolçuları Avropanın istənilən klubunda rahatlıqla oynaya bilər. Neymar artıq alışdığımız səviyyədə bir futbolçu deyil. Ondan gözləniləni vermir. Bu, onun üçün heç də asan bir durum deyil”.
Jezuşun belə sərt açıqlamalarını başa düşmək olar. Ünlü futbolçu 2023-cü ilin yayında böyük ümidlərlə 90 milyon avro qarşılığında PSJ-dən transfer edilmişdi. Amma ilk mövsümündə o artıq oktyabrda dizindən ağır zədə alaraq uzun müddətə sıradan çıxdı. Təxminən birillik fasilədən sonra sıraya qayıdan və 2024-ün oktyabrında oynamağa başlayan Neymar çox keçmədən yenə zədə alaraq bir neçə aylığa sıradan çıxdı. Nəticədə “Əl-Hilal”a transfer olunduğu gündən artıq 17 ay ötməsinə baxmayaraq, bu klubda o cəmi 7 rəsmi oyuna çıxıb və hesabına 1 qol, 3 məhsuldar ötürmə yazıb. İllik maaşı 100 milyon avro olan bir futbolçudan, təbii ki, bundan qat-qat artığı tələb olunur. Onun “Əl-Hilal” ilə müqaviləsinin müddəti bu ilin iyununda başa çatacaq.
Aydın məsələdi ki, klub ona yeni müqavilə təklif etməyəcək. Yəni Neymarın indidən istədiyi klubla danışıqlar aparmaq hüququ var. Ona görə də onunla bağlı müxtəlif şayiələr dolaşır. Təbii ki, onu bir dönəm “Barselona”da birlikdə xarüqələr yaratdığı Lionel Messi və Luis Suareslə eyni klubda yenidən görmək maraqlı olardı. Amma “İnter Mayami”nin baş məşqçisi Xavyer Masçerano bir neçə gün öncə etiraf etmişdi ki, maddi səbəblər üzündən onların Neymarı transfer etməsi mümkün görünmür. Amma 32 yaşlı futbolçu yenə də Amerikaya can atır. Onun MLS-də çıxış edən bəzi klublarla danışıqlar apardığı deyilir.
“Sambaçı”ya ən ciddi maraq göstərən klub isə “Çikaqo”du. “Transfermarkt”da indiki dəyəri 15 milyon avro göstərilən Neymarın ilk peşəkar klubu olan “Santos”a qayıtmaq ehtimalı da mövcuddu.