AZ

Mehmet Topal Rumıniya macərası və Mourinyo haqda nələr dedi?

Məlum olduğu kimi, Mehmet Topal uğurlu futbolçu karyerasını başa vurandan dərhal sonra - ötən yay məşqçi karyerasına start verərək Rumıniya təmsilçisi “Petrolul”un başına keçdi. Amma həm maddi sıxıntılar, həm də rəhbərliklə yaşadığı fikir ayrılığı üzündən Topal dekabrın sonlarında istefa verməli oldu.

O, komandanı 6-cı pillədə təhvil verdi. 38 yaşlı mütəxəssis “TRT Spor” kanalına son açıqlamasında həm Rumıniyada yaşadıqları, həm Joze Mourinyonun köməkçisi olacağı barədə yayılan şayiələr, həm də başqa məqamlar haqda danışıb:

“Məşqçi karyeramın bu qədər çətin şərtlər altında başlayacağını düşünmürdüm. Amma bir tərəfdən belə başlaması yaxşı oldu. Çünki böyük təcrübə qazandım. Uşaqlıqdan bəri gördüyüm şeyləri, yəni məşqçilərin yaşadıqlarını bu dəfə özüm yaşadım. Qısa, amma yorucu bir dönəm oldu. Ona görə də bir müddət ailəmlə vaxt keçirmək istəyirəm. Amma bir tərəfdən də gözəl təkliflər alıram. Onların arasından ən yaxşısını dəyərləndirəcəm. Bu arada Rumıniyanın başqa klublarının da mənə maraq göstərməsi sevindirici haldı. Bu məqam işimizin öhdəsindən yaxşı gəldiyimizi göstərir. Futbolçu kimi həmişə ən böyük arzum premyer-liqada oynamaq idi. Təəssüf ki, bu arzumu həyata keçirə bilmədim. Ümid edirəm ki, bunu heç olmasa, məşqçi kimi yaşamaq mənə qismət olacaq. Amma premyer-liqa tam başqa səviyyədi. İngiltərə ilə digər ölkələr arasında böyük fərq var. Orda işləyə bilmək üçün hələ üzərimdə bir qədər də çalışmalıyam. Okan Buruk bu səviyyəyə heç də asanlıqla çatmayıb. Belə desək, dırnaqlarıyla qazıyaraq buralara gəlib çıxıb. “İstanbul BŞ” və “Qalatasaray”da çempionluqlar yaşayıb. İndidən mükəmməl karyeraya malikdi. Onunla həm bərabər oynamışam, həm də məşqçim olub. Birlikdə çalışdığı məşqçilərdən də çox şey mənimsəməyi bacarıb. Düzdü, onunla bəzən fikirlərimiz üst-üstə düşmürdü. Amma heç vaxt aramızda ciddi problem olmurdu. Əksinə, ən yaxşı anlaşdığım məşqçilərdən biri idi. Bu uğurları yaşamağa layiqdi. Hələ Avropa klublarında da çalışaraq sözünü deyəcəyinə inanıram. Bizim çempionat dünyanın ən çətin və təzyiqin ən yüksək olduğu çempionatlardan biridi. Düşünürəm ki, Mourinyo artıq uyğunlaşma dönəmini geridə qoyub. Ona şübhə ilə yanaşmaq düzgün deyil. Futbol tarixinin ən güclü məşqçilərindən biridi. Artıq çempionatımızı da, insanlarımızı da, mədəniyyətimizi də yaxından tanıyır. İkinci dövrədə nələr olacağını bilmirəm. Amma Mourinyo həm ölkəmiz, həm də “Fənərbaxça” üçün böyük bir dəyərdi. Mourinyonun köməkçisi olmaqla bağlı “Fənər”dən heç bir təklif almamışam. Lap təklif alsam belə, bu qərarı vermək asan olmayacaq. Çünki mənim artıq öz köməkçilərim var. Son 7-8 ayda onlarla birlikdə olmuşam. Qərar verərkən yanımdakı insanları da düşünməliyəm”.
Seçilən
18
38
football-plus.az

10Mənbələr