“Sabah”ın baş məşqçisi Vasili Berezutski Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, rusiyalı mütəxəssis qolsuz bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Danışmaq bizim üçün çətindir. Bu gün həqiqətən də yaxşı oynadıq, topa nəzarət edən tərəf biz idik. Çoxlu qol fürsətləri yaratdıq. Amma bunlardan yararlana bilmədik. Çalışmağa davam edəcəyik”.
Vasili Berezutski komandasının son oyunlarda qələbəyə həsrət qalması barədə danışarkən “Sabah”da eniş olmadığını vurğulayıb:
“Komandada eniş olduğunu o zaman deyə bilərik ki, yetərincə qol fürsətləri yaratmayaq. Bəzən buna psixologiya ilə kömək edirlər. Bu gün çoxlu qol epizodları yaratdıq. Bəzən daha keyfiyyətli çıxış edə bilərdik. Oyuna nəzarət bizdə idi. Rəqibin cərimə meydançasında 5-6 qol fürsətimiz oldu. Futbolda belə hallar olur. Bunun üzərində çalışmalıyıq”.
Baş məşqçi yeni transfer olunmuş qapıçı Stas Pokatilovun heyətdə yer almamasının səbəbi də açıqlayıb:
“O, hələ hazır deyil. 4-5 gündür məşq edir. Formasını yığdıqdan sonra onu qapıda görəcəyik. Onu da qeyd edim ki, Yusif İmanovun son oyunlardakı performansından razıyam”.
“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov isə matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
“Mübarizəli oyun oldu. Komandama əzmkarlığa görə təşəkkür edirəm. Zədəli və xəstə oyunçularımız var. Komanda bu situasiyada belə bir rəqibə qarşı yaxşı futbol oynadı. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Amma 1 xala görə də futbolçulara alqış düşür. Növbəti oyunlarda da belə əzmkarlıq olsa, ancaq qələbəyə doğru gedəcəyik”.
Cavadov “Sumqayıt”ın transfer planlarından da söz açıb: “Daha bir futbolçu yoldadır, gələcək. Bu oyuna baxsaq, qol imkanlarımız oldu, vura bilərdik. Belə rəqibə qarşı ağıllı futbol oynamaq lazımdır. Bu gün futbolçularım bunu göstərdilər. Gərgin çempionat keçir, hər xal dəyərlidir”.