“Qarabağ”ın qapısına vurulan 3-cü qol cari avrokubok mövsümündəki bütün çatışmazlıqların, əyər-əskiklərin ən bariz təcəssümü idi: yenicə meydana çıxan Patrik mərkəzdə kobud ötürmə səhvinə yol verdi, rəqib əks-hücum sonucunda künc zərbəsi qazandı, həmin vaxt Buntiç çıxışda səhv etdi, Mateus topa uğursuzcasına toxundu, nə etmək istədiyi bilinməyən Nəriman “yatdı”, Şutun zərbəsindən sonra Elvinlə Yankoviçin toxuna bilmədiyi top tora daxil oldu.
“Qarabağ” 2-ci yarının 46-70-ci dəqiqələri arasında aramsız hücumlar etmiş, amma qol vura bilməmişdi. FKSB isə ilk tutarlı hücumda qapıya yol tapdı.
Total və kütləvi səhvlər, qol vəziyyətlərinin boşa verilməsi, “ev tapşırığı”nın olmaması, monoton hücumlar, anlaşılmaz transfer siyasəti – cari avrokubok mövsümündə “Qarabağ”ı səciyyələndirən cəhətlər bunlardı. Kim nə deyir-desin, Buntiçlə Koxalski birlikdə Lunyovun komandaya verdiyi özgüvəni verə bilmədi. Belədə maaşının artırılmasını tələb edən rusiyalı qapıçını layiqincə əvəz etməyə qadir birini tapmadan göndərmək nə dərəcədə düzgün addım idi? Cica ilə bağlı müəmmalı durum, ona özünü göstərmək imkanının verilməməsi, yararsız Addainin transferi, Kaşukun avrokubok oyunlarındakı vecsizliyi, avrokubok mövsümünün əvvəlindən axırına qədər oyun böhranının aradan qaldırılmaması... Ümumiyyətlə, baş məşqçi Qurban Qurbanova və futbolçulara ünvanlanası sual çoxdu. Düzdü, Qurban bəy oyunsonrası mətbuat konfransında bəzi məqamlara izah verməyə çalışıb, daha doğrusu, “hər komandanın həyatında eniş olur” kimi ənənəvi klişedən yararlanıb. Amma uzaq tarixdə yox, ötən ilin fevral-mart aylarında bu komandanın ifasında bütün Avropanı heyrətləndirən oyun görən azarkeşlər belə cavabdan razı qalacaqmı? Təbii ki, yox.
Səmimi deyəcəm: srağagünkü “Qarabağ” mənə ötən əsrin 80-ci illərinin “Neftçi”sini, daim adamı üzən, standart vəziyyətlərdən inanılmaz qollar buraxan, qələbəni nadir hallarda qoruya bilən komandanı xatırlatdı. Künc zərbəsindən ardıcıl üç qol buraxırsansa, standart vəziyyətlərdə müdafiə olunmağı bacarmırsansa, bu artıq böyük dərddi. Məğlubiyyətdən daha çox adamı yandıran məqam məhz bu idi – gücsüzlüyünü görmək və buna heç bir çarə tapa bilməmək!
“Qarabağ” ötən ilin martında “Bayer-04”ə qarşı fenomenal oyun göstərməklə qitədə marka dəyərini artırdı (örnək: Juninyo 5 milyon avroya satıldı), amma eyni zamanda hər kəsin də araşdırma obyekti oldu. Dolayısıyla artıq istənilən rəqib Azərbaycan çempionuna daha diqqətli yanaşır, oyununu lazımi şəkildə təhlil edir və çarə tapır. Belədə sən də oyunun strukturu, məzmunu baxımından yerində sayırsansa, futbolçular artıq maksimuma çatdığını düşünüb inkişafdan dayanırsa, üstəlik başgicəlləndirici transfer təkliflər onların yuxusuna haram qatırsa (örnək: Juninyonun “gecə sevincdən yata bilməmişəm, “Şamaxı” ilə oyuna hazır deyiləm” etirafı), onda belə məğlubiyyətlər qaçılmaz olur.
Mənə elə gəlir ki, artıq “Qarabağ” camiəsi uğursuz avrokubok mövsümü yaşadığını, oyun baxımından da aşkar enişdə olduğunu etiraf etməli, dirçəliş yoluna bu nöqtədən çıxmalıdı. Reallıqları dilə gətirmədən inkişafa nail olmaq mümkünsüzdü. O acı reallıqlar isə ortadadı: əlbəttə, bu heyətlə yenə də oynaya-gülə Azərbaycanda çempion olacaqsız, hələ bəlkə kuboku da qazandız. Amma Avropadakı şöhrəti bərpa etmək, azarkeşlərin könlünü almaq üçün daha güclü futbolçular, “nöqtəvi” transferlər lazımdı. Dünyanın hər yerində necədisə, ölkəmizdə də elədi: azarkeş sənə məhz indiki uğurlarına görə qiymət verir, keçmişinə görə yox. Xüsusən də uğurlar ənənəvi hal alanda, seriya 10-11 il davam edəndə gözləntilər də artır, ümidlər də, umacaqlar da.
...Cari mövsümdə keçilən yola bir daha nəzər salmağa, işıqlı məqamlar tapmağa çalışıram. Açığı, “Ludoqorets”lə səfər oyunundan başqa heç nəyi xatırlamıram. Yalnız həmin gün – avqustun 13-də “Qarabağ” yazdakı obrazını xatırlatdı, ardından addım-addım gerilədi, Avropa Liqasının əsas mərhələsində cəmi 3 xal qazana bildi. Evdə keçirdiyi ardıcıl 6 oyunda uduzan komandanın, nə yazıq ki, artıq azarkeşdən gileylənmək haqqı da yoxdu. Faciə yoxdu, amma böhran var. Komandanı bu böhrandan çıxarmaq isə artıq Qurban Qurbanovun borcudu.
HUŞƏNG
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta