AZ

Tramp ölkənin xarici yardımlarını dayandırıb

ABŞ xarici ölkələrə mövcud yardım ödənişlərini dondurub. Bununla bağlı dövlət katibi Marko Rubio xarici yardım qrantlarının əksəriyyəti üzrə ödənişlərin 90 gün müddətinə dondurulması və yeni qrantların dayandırılması barədə sərəncam imzalayıb. “Reuters” agentliyinin məlumatına görə, bununla ABŞ xarici siyasətinə uymayan, əksinə, əks mövqedə olan ölkələrə yardımları dayandırır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp andiçmə mərasiminin ilk günündə ABŞ-ın bütün xarici yardım proqramlarının dayandırılması barədə sərəncam imzalayıb. “Sərəncamın məqsədi həmin yardımların müəyyən olunmuş hədəflərdə istifadə olunmasını və ünvanına çatmasını yoxlamaqdır. Yardımların ünvanlılığı yoxlanılana qədər dayandırılacaq", – nəşr yazıb.

Sərəncamda vurğulanıb ki, xarici yardım ABŞ-ın maraqları ilə uyğun gəlmir və bir çox hallarda Amerika dəyərlərinə ziddir. O da qeyd olunub ki, bu yardımlar bir çox hallarda dünyada sülhü pozmağa xidmət edir. 

Məsələ ilə bağlı mövqeyini açıqlayan Tramp bildirib ki, Birləşmiş Ştatların bun[1]dan sonra heç bir xarici yardımı ABŞ prezidentinin xarici siyasətinə tam uyğun gəlməyən şəkildə bölüşdürülməyəcək. 

“Reuters”in qeyd etdiyi kimi, agentlik Dövlət Departamentinin Xarici Yardım İdarəsi tərəfindən tərtib edilmiş və dövlət katibi Marko Rubio tərəfindən təsdiq edilmiş sənədi əldə edib. Orada qeyd edilib ki, yalnız İsrail və Misirə münasibətdə hərbi maliyyələşdirməyə icazə verilib. İsrail hər il təxminən 3,3 milyard dollar hərbi maliyyə alır, Misirə təxminən 1,3 milyard dollar maliyyə yardımı göstərilir. Ukrayna ilə bağlı isə heç bir məlumat yer almayıb. Ukraynada təhsil və səhiyyə sahələrindəki layihələr də dondurulub. ABŞ bu ölkəyə müharibə başlayandan bəri yardım proqramları çərçivəsində 30 milyard dollar ayırıb.

Bu müddət ərzində USAID Kiyevə 2,6 milyard dollar humanitar yardım və 5 milyard dollar inkişaf dəstəyi göstərib. Bundan sonra göstəriləcək maliyyə yardımının məbləği isə məlum deyil. Çünki Dövlət Departamentinin yüksək vəzifəli məmurlarına yeni xarici yardım öhdəliklərinin qəbul edilməməsini təmin etmək tapşırılıb. Dövlət katibi 85 gün ərzində hesabat hazırlayıb Trampa verməlidir. Bundan sonra, yuxarıda qeyd etdiyimiz kimi, hansı xarici yardım proqramlarının davam etdirilməsi və hansının dayandırılması ilə bağlı qərarlar veriləcək. Nəşr vurğulayır ki, maliyyələşdirmənin bərpası və ya birdəfəlik dayandırılması barədə qərar proqramları öyrəndikdən sonra şəxsən Rubio tərəfindən veriləcək.

Ukraynaya yardımın verilib-verilməyəcəyi isə qərardan asılı olacaq. Bundan əvvəl Tramp Amerikanın Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasını istisna etməyib. 

Trampın administrasiyası Ukraynaya Amerika silahlarının tədarükünün maliyyələşdirilməsində dondurulmuş Rusiya aktivlərindən istifadə edilməsini gündəmə gətirir. “Fox News” telekanalına müsahibəsində Ukrayna üzrə xüsusi elçi Keyt Kelloq deyib ki, bu, müzakirə olunan mövzudur: “Bu, həmişə işin bir hissəsidir, çünki bütün seçimləriniz var və onlardan bir neçəsini ABŞ prezidentinə təqdim etmək istəyirik ki, o, seçə bilsin. Biz bu barədə dəfələrlə danışmışıq. Dondurulmuş Rusiya aktivlərindən ABŞ silahlarını almaq üçün istifadəsi müzakirə üçün prezidentin masasında olacaq”.

Əslində, Tramp Ukraynaya yardımın çox hissədinin Avropa İttifaqı (Aİ) tərəfindən qarşılanmasının tərəfdarıdır. 2022-ci ilin fevralından etibarən Aİ birbaşa büdcə yardımının ən böyük donorudur. Bu dövr ərzində büdcənin prioritet xərclərinin maliyyələşdirilməsi üçün təşkilata üzv ölkələrdən 45 milyard avro cəlb edilib. 2024-cü ildə Aİ-nin büdcə yardımı bütün xarici daxilolmaların 40 faizdən çoxunu – 16,1 milyard avro təşkil edib. Bu yardıma qrant şəklində 3 milyard avro daxildir. Qalan məbləğ güzəştli kreditlərdən ibarətdir. Bu il isə Ukrayna Aİ-dən 30,6 milyard avro büdcə dəstəyi cəlb etməyi planlaşdırır.

ABŞ-ın maliyyə yardımını dayandırdığı olkələrdən biri də Gürcüstandır. ABŞ “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstana yardım proqramını dayandırıb. Bu məbləğ 95 milyon ABŞ dollarından çoxdur. İki ölkə arasındakı indiki münasibətləri nəzərə alsaq, bu il Tbilisiyə maliyyə yardımının göstərilməsi mümkün deyil. 

USAİD-in Gürcüstan ofisi Dövlət Departamentinin qərarının onların işinə necə təsir edəcəyi ilə bağlı hələ heç bir açıqlama verməyib. Baş nazir İrakli Kobaxidze bu qərarı alqışladığını bildirib: “Amerika pulları tez-tez yanlış prosesləri maliyyələşdirmək, konkret ölkələrin suverenliyini pozmaq üçün istifadə olunurdu”. 

...ABŞ dünyanın ən böyük yardım donorudur. 2023-cü maliyyə ilində bu məqsədlər üçün 72 milyard dollar ayırıb. Xarici ölkələrə yardımların ayrılmasının dondurulması isə ABŞ-da birmənalı qarşı[1]lanmayıb. “Beynəlxalq sərmayələrin dondurulması bizim beynəlxalq tərəfdaşlarımızın digər maliyyə mənbələri axtarışı ilə nəticələnəcək. Çox güman ki, onlar ABŞ-ın rəqibləri olacaq. Yardım vəsaitlərinin don[1]durulması davam etdikcə ABŞ-ın təsiri də azalacaq”,- “Reuters”in ABŞ Konqresindəki mənbəyi deyib. Mənbə, həmçinin bildirib ki, ABŞ dostlarını itirmək istəməz, amma xarici ölkələrə maliyyə yardımlarına nəzarəti gücləndirəcək.

Onu da qeyd edək ki, ABŞ xarici ölkələrə yalnız maliyyə yardımı etmir, həm də hərbi məhsul tədarük edir. 2024-cü maliyyə ilində Xarici Hərbi Satış sistemi çərçivəsində həyata keçirilən hərbi məhsullar, xidmətlər və hərbi əməkdaşlıq fəaliyyətləri 117,9 milyard dollar təşkil edib. Bu, 2023- cü maliyyə ilindəki 80,9 milyard dollarla müqayisədə 45,7 faiz artım deməkdir. Ümumi məbləğ ABŞ-ın müttəfiqləri və tərəfdaşları tərəfindən maliyyələşdirilən 96,9 milyard dollarlıq silah satışını əks etdirir. Qalan məhsullar müxtəlif proqramlar çərçivəsində hədiyyə edilib.

ABŞ istehsalçıları tərəfindən digər şirkətlərə və ölkələrə hərbi məhsul və xidmətlərin ümumi birbaşa satışı 2024-cü maliyyə ilində 200,8 milyard dollar təşkil edib ki, bu da 2023-cü maliyyə ilindən (157,5 milyard dollar) 27,5 faiz çoxdur.

Pünhan ƏFƏNDİYEV 

XQ

 

 

Seçilən
5
22
xalqqazeti.az

10Mənbələr