Ən böyük qazancın sıradan çıxmasının çox ciddi və təhlükə daşıyan səbəblərini gözardı etmək olmaz
ABŞ-də “American Perspectives Survey Senter” də dərc edilən məqalədə göstərilir ki, amerikalılar əvvəllər olduğundan daha az dostluq edir. Tədqiqat aparan mütəxəssislər anket sorğuları tərtib edib. Sorğuda iştirak etmiş hər 10 insandan 9-nun əvvəllər dost olduğu insanla artıq ünsiyyət qurmadığı məlum olub. Anket sorğusuna əsasən, keçmiş dostlarla əlaqələrinin itməsinin bir sıra səbəbləri var. İştirakçıların 46 faizi yeni dost qazandıqlarını, 30 faizi başqa yerə köçdüklərini əsas göstərib. Həmçinin, yaşlı insanların bu dövrdə yeni dost tapmağı daha az ehtimal olunsa da, tədqiqat bunun əksinə olduğunu göstərib. Yaşı 55-dən yuxarı olanların 18-29 yaşlılarla müqayisədə daha tez və çox dost tapdıqları məlum olub. Qeyd edək ki, Anket "Survey Center on American Life" tərəfindən hazırlanıb və təsnifatlandırılıb.
Nə vaxtsa ən böyük qazanc hesab edilən dostlar – dostluq niyə getdikcə azalır?
Sosioloq Əhməd Qəşəmoğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, dostluqların sıradan çıxmasının çox ciddi və təhlükə daşıyan səbəbləri var. Bu, cəmiyyətdə insanlar arasında bir-birinə inamın, etibarın itməsinə səbəb olan deqradasiya prosesinin, mənəvi aşınmanın nəticəsidir:
- Cəmiyyətimizdə, təəssüf ki, maddi dəyərlər önə keçib mənəviyyat arxa planda qaldığından, bir çoxları dostunun hansı statusda olmasına, ailəsinin statusuna, cəmiyyətdəki mövqeyinə, hətta gələcəkdə hansı vəzifəni tuta biləcək, deyə təxmin edərək seçir. Bu, məqsədli, planlı, gələcəyə hesablanmış dostluqdur. Belə dostluğun ömrü az olar. Heç bir vəzifəyə təyin edilməz, status aşağı düşər, mövqeyi zəifləyər və həmin “dostdan” asanlıqla imtina edilər. Amma illərin dostları var ki, dostluqları vəzifəsinə, sosial statusuna rəğmən davam edir, heç zəifləmir. Bu cür dostluqlara keçmişdə daha çox rast gəlinirdi. Birisi çətinə, dara düşəndə ona yardım edən adamla dostlaşır, qardaş olurdular. Bu, sınanmış dostluqdur. Dost necə olmalıdır, kim əsl dostdur, sualına hamımız təxminən eyni cavabı verəcəyik: dar gündə köməyə çatan, yardım edən, yəni pis günün dostu olmalıdır. Amma özümüz buna əməl edirikmi? Başqasından gözlədiyimizi özümüz icra edirikmi? Əsas budur. Bəzən insanlar başqasından gözlədiklərini özləri etmir. Qarşısındakından çox şey tələb edir, amma özü əvəzində heç nə vermir. Belə dostluğun ömrü qısa olacaq.
Ə.Qəşəmoğlu bildirdi ki, sosioloji sorğu dostluğun meyarlarını üzə çıxarır. Məsələn, “əsl dost kimdir?” sualına cavablar “əsl dost birlikdə əylənə biləcəyiniz, vacib anları paylaşa biləcəyiniz insanlardır. Dostlar bir-birilərini olduğu kimi sevər”. Və yaxud “yaxşı dost, kədərləndiyiniz zaman sizi sevindirəcək və tənha olduğunuzda sizi yalnız qoymayacaq insandır. Biri sizə qarşı kobud davrananda dostunuz sizə sadiq qalır. Əslində, yaxşı bir dosta sahib olmaq kiminsə sizi narahat etmə ehtimalını azalda bilər. Çünki dostlar bir-birini qoruyur”, kimi cavablar verilir.
Ə.Qəşəmoğlu qeyd etdi ki, dost tapmaq hazırda yeniyetmələr üçün daha da çətinləşib:
- Həyat şərtləri ağırlaşdıqca dost tapmaq, dostlaşmaq da çətinləşir. Orta nəslin nümayəndələri, yaşlı insanlar niyə bir-biriylə tez dostlaşır, mehribanlaşır, çünki birincisi, həyat təcrübələri var artıq, insanları tanıyırlar, azca söhbət edən kimi bu adamın özünə uyğun olub-olmadığını bilirlər. Həm də yaşlı insanların dosta, ürək qızdıra biləcəkləri bir insana daha çox ehtiyacları var. Ailə üzvləri azalıb, hərə bir tərəfdədir, hamı gündəlik qayğıları ilə məşğuldur. Gənclər isə hələ yetişkin insan olmadıqlarından onlara elə gəlir ki, dostsuz da keçinmək olar. Valideyn himayəsi var, maddi cəhətdən təmin edilir. Halbuki dostluqlar kiçik yaşlardan, məktəb, daha sonra tələbəlik illərində qazanılsa, daha yaxşıdır. Bu yaş dövrlərində insanın köməyə, arxa-dayağa daha çox ehtiyacı olur. Sadəcə, indi cəmiyyətdə şərtlər çox dəyişib. Uşaqlar evə və smartfonlara qapanıb. Küçədə, həyətdə bir-biriylə oynayan, bəzən dalaşan, sonra da barışan uşaqları getdikcə daha az görürük. Bu onu göstərir ki, biz sosiallaşmaqdan uzaqlaşırıq get-gedə. Hər kəs, necə deyərlər, öz qınına çəkilib. Dostluğa ehtiyac qalmır artıq.
Ə.Qəşəmoğlu bildirdi ki, valideynlər uşaqlarının həyətdə, bağçada, məktəbdə yoldaşları ilə dostlaşmasına çalışmalıdır:
- Bunun üçün uşaqlara kiçik hədiyyələr vermək, paylaşmağı öyrətmək lazımdır. Amma təəssüf ki, biz valideynlərin “dostluğuna” şahid oluruq, hansısa məsələləri birgə həll etmələrində, nəinki uşaqların. Sanki uşaq bağçası, məktəb böyüklər üçündür, uşaqlar üçün deyil. Əlbəttə, valideyn övladının kiminlə dostluq etdiyinə fikir verməlidir. Kənardan daim müşahidə aparmalıdır. Uşaq onu incidən, alçaldan birisinin təsiri altına da düşə bilər. Bütün bunlarla bərabər canlı ünsiyyətə, fərdlər arasında canlı əlaqələrə üstünlük verilməlidir. Kiçik yaşlarından dostluğu bacaran, özünə dost tapanlar həyatın sonrakı mərhələsində də sadiq dostlara yiyələnə bilir. Yaxşı dost tapmaq üçün gərək əvvəlcə özün yaxşı dost olasan.