Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 26-da İraqa rəsmi səfər edib. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, səfər çərçivəsində nazir Hakan Fidan İraq prezidenti Əbdüllətif Rəşid, Baş nazir Məhəmməd Şia əl-Sudani, Nümayəndələr Palatasının sədri Mahmud Məşədani və baş nazir müavini və Xarici işlər naziri Fuad Hüseyn də daxil olmaqla, İraqın yüksək vəzifəli rəsmiləri ilə bir araya gəlməsi planlaşdırılır.
Görüşlərdə Türkiyə-İraq ikitərəfli əlaqələrinin gündəmindəki əsas məsələlər və cari regional proseslər müzakirə ediləcək. Hakan Fidanın toplantılarda əsasən Türkiyənin İraqla münasibətlərini inkişaf etdirmək niyyətini vurğulaması, İraqdakı sabitlik və təhlükəsizliyin bölgə üçün əhəmiyyəti, İraq və Suriyadakı yeni hökumətlər arasında konstruktiv dialoq və yaxşı qonşuluq əlaqələrinin bölgə üçün faydaları, terrorla birgə mübarizə kimi məsələlərə diqqət çəkəcəyi gözlənilir.
Qeyd edək ki, İraq 20 milyard ABŞ dollarına yaxın ticarət həcmi ilə Türkiyənin ən mühüm tərəfdaşlarından biridir. Türkiyənin İraqla ikitərəfli əlaqələri və müxtəlif sahələrdə qurduğu əməkdaşlıq son dövrlərdə əhəmiyyətli inkişaf mərhələsinə keçib.
Hakan Fidanın ötən il martın 14-də Bağdada səfəri çərçivəsində iki ölkə arasında Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizmi toplantısı keçirilmişdi. Bu görüşdə PKK-nın “ortaq təhlükə” olaraq təyin edilməsi mövzusu daha da irəlilədilmiş, İraq hökuməti İraq Milli Təhlükəsizlik Şurasının PKK-nı “qadağan olunmuş təşkilat” elan etdiyi qərarı barədə məlumat vermişdi. Bu qərar İraqla terrorla mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq baxımından mühüm bir addım kimi qiymətləndirilib.