Məşhur tarzən yeni duet ortağından danışdı - "Bu səsi hamı tanımalıdır"
Xəbər verdiyimiz kimi, sevilən tarzən Humay Qədimova yenidən müğənni kimi fəaliyyətə başlayıb. Yenidən mahnı ifaçılığı ilə bağlı Manset.az-a açıqlama verən tarzən bildirib ki, əvvəllər sənətkarlarla və gənc ifaçılarla tarda ifa etsə də sonra qərara gəlib ki, solo fəaliyyətlə tarı Humayın obrazında tanıtsın: "Yaradıcılığımda uzun müddət idi ki, heç bir xanəndə ilə iş birliyim yox idi. Məzahir Fikrətoğlu mənə təklif etdi ki, ustad sənətkarımız Hacıbaba Hüseynovun Şur təsniflərində tar ilə ifa edim. Mən də Məzahirin istedadını, gözəl səsini, həddindən artıq muğama bağlı olduğunu bildiyimə görə, rəhmətlik ustad sənətkarlarımızın yolunu davam etdirdiyinə, hətta səsində də bənzərlik sezdiyimə görə, həm də bizim onunla çox gözəl ailə münasibətlərimiz olduğuna görə iş birliyinə başladıq. Mən tarda ifa etdim, bir yerdə çox möhtəşəm duetimiz oldu. Sonra ikinci mahnını bərabər işlədik. Orda da tarda ifa etdim. Hər iki işimiz çox uğurlu oldu. Sonra Məzahir təklif etdi ki, bir duet də mənimlə bərabər oxuyaq. Və qərarlaşdıq ki, illər əvvəl mənim ifa etdiyim bir mahnını bu dəfə duet şəklində ifa edək. Məzahir Bakı kəndlərində öz səsi ilə, insanlığı ilə sayılıb-seçilən insandır. Bakı toylarını Məzahirsiz təsəvvür etmək olmaz". Humay Qədimova onu da qeyd edib ki, duet ortağı Məzahir Fikrətoğlunun səsini hamı tanımalıdı: "Çox az sayda insanlar var ki, istedadlı insanlara yol açırlar. Mən də o minvalla duet ifa etdim ki, bizim dəyərli musiqiyə düzgün qiymət verən insanlar, təkcə Bakı sakinləri deyil xalqımızın hər bir nümayəndəsi Məzahirin ürəyə çox yatımlı səsini, potensialını, ifaçılıq bacarığını bilsin, hər kəsin xəbəri olsun. Mənim də əsas məqsədim burada Məzahir kimi istedadlı insana dəstək olmaqdır. Bu sənət elə bir sənətdir ki, istedadlı insanlar gərək bir-birlərinə dəstək olsunlar. Düşünürəm ki, bu duetimiz də digərləri kimi çox uğurlu olacaq".