“İşimdən hər zaman zövq almışam, heç vaxt yorulmamışam. Fevralın 2-də 93 yaşım olacaq. Allah nə qədər ömür veribsə o qədər də yaşayacağıq. Nəslimiz uzunömürlüdür. Qardaşım Tahir Salahov 92 yaşında dünyasını dəyişib. Atam 1937-ci ildə Mircəfər Bağırov tərəfindən güllələnib. Bəlkə də yaşasaydı o da uzunömürlü olardı”.
Bunu Medianews.az-a açıqlamasında Miniatür Kitab muzeyinin təsisçisi və rəhbəri, “Şöhrət”, “Şərəf” ordenli Zərifə Salahova deyib.
O daha sonra bildirib ki, muzeyə gələn ziyarətçilər arasında əcnəbi vətəndaşlar üstünlük təşkil edir:
“Miniatür Kitab muzeyi təkcə Azərbaycandadır, dünyada belə bir muzey yoxdur. Çox təəssüf ki, bizim insanlarımızı kitab maraqlandırmır. Kitabla dostluq etmirlər. Xarici ölkələrdən xüsusilə uçurlar ki, gəlsinlər bu muzeyə. Muzeyimizə giriş pulsuzdur. Biz qeydiyyat aparırıq. Xüsusi siyahımız var. Statistika bizə də maraqlıdır. Mən sizi də dəvət edirəm, gəlin bizim muzeyə və qeydiyyat kitabına baxın görün ki, kimlər gəlib-gedir” deyə muzeyin təsisçisi deyib.
“Miniatür kitablardan hədiyyə istəyən olurmu?” sualına Zərifə Salahova belə cavab verib:
“Əlbəttə ki, hədiyyə istəyən olur. Mən muzeyin eksponatlarını necə onlara bağışlaya bilərəm? Heç vaxt heç kimə hədiyyə etməmişəm. Əlbəttə ki, əlavə kitab olubsa sevib-seçdiyim insanlara vermişəm. Ulu Öndər Heydər Əliyevə Allah qəni-qəni rəhmət etsin. Ona həsr olunan 19 miniatür kitab çap etdirmişəm. Bu kitablardan ona da hədiyyə etmişəm” deyə Zərifə Salahova bildirib.
Zərifə Salahova efirlərə çıxmaması ilə bağlı suala belə cavab verib:
“93 yaşım var. Səhhətimdə əlbəttə ki, problemlər var. Ona görə də efirlərə çıxmıram və danışmıram. Vaxtında o qədər çıxmışam ki” deyə o bildirib.
Əli ƏSGƏR