İlk biznesi reklam sahəsində olur, amma sonra görür ki, bu iş ona uyğun deyil və uzaqlaşır. Daha sonra bibisindən 15 min manat borc alıb uşaq inkişaf mərkəzi açır, amma onu da borcla bağlayır. Üstəlik, o biznesdəki ortağının da pulunu ödəməli olur. Üçüncü biznes cəhdi isə bağça açmaq olur və bu dəfə alınır, zamanla biznesi genişlənir. Söhbət “Bağçam” Uşaq Bağçaları Şəbəkəsinin qurucusu, biznes konsultant Rasif Dünyamalıdan gedir.
Valyuta.az-ın qonağı olan Rasif Dünyamalı biznes yolu ilə bağlı təcrübəsini bölüşdü.
Qeyd edək ki, Rasif Dünyamalı 1985-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində doğulub. Bakı Dövlət Universitetində tarix üzrə bakalavr, Azərbaycan Universiteti ilə George State universitetinin ortaq MBA proqramında biznes idarə edilməsi üzrə magistr təhsili alıb.
- Rasif bəy, Zəngilanda doğulmusunuz, uşaqlıq illəriniz orda keçib. Necə mühitdə böyümüsünüz?
- Atam qaynaqçı, anam evdar qadın olub. Atam tərəfdən bir əmim müəllimlik təhsili alıb. Ciddi ziyalı ailədə böyüməsəm də, ailəmiz həmişə təhsilə dəyər verib, ziyalıya hörmət edib. Yadıma gəlir, babamın evi kənddə yolun qırağında idi, məktəbdən gələn müəllimləri evə dəvət edirdi, söhbət edirdi. Düşünürəm ki, hamı ziyalı olmaya bilər, amma hər kəs elmə, savada, biliyə önəm verməlidir. Gələcəyi formalaşdıran uşaqlar təhsilə önəm verən ailələrdə böyüyür. Valideynlərim mənim və bacılarımın təhsil almağını istəyirdilər.
- Valideynləriniz ali təhsil almasa da, sizin təhsilinizə xüsusi yanaşıblar?
- Bəli, amma tale elə gətirib ki, mənim orta təhsil ardıcıllığım olmayıb. Orta məktəb dövründə 7 məktəb dəyişmişəm. 1-ci sinfi Zəngilanda oxumuşam, 2-ci sinfin 2 ayını orda oxudum, sonra məcburi köçkün olaraq Bakıda əmimgildə qaldıq, 3 ay orda oxudum. Sonra Gəncəyə köçdük. Orda da bir məktəbdə başladım, məcburi köçkün məktəbi idi. 2-3 ay ora getdim, sonra 2 məktəb dəyişdim. Sonrakı sinifləri isə Bakıda oxudum. Bakıya gəlmə səbəbimiz ali təhsil üçün hazırlaşa bilməyim idi. Bakıda hazırlıqlara getdim. 2003-cü ildə universitetə qəbul oldum.
“2-ci kursdan sonra ictimai fəaliyyətə başladım”
- Niyə tarixi seçmişdiniz?
- Bir versiya odur ki, sən tarix üzrə təhsil almaq istəyirsən, onu yazırsan. Biri də odur ki, sən hüquq filan yazırsan, ora düşə bilmirsən, son seçim olaraq tarixi yazırsan (Gülür). Mənim istədiyim ixtisasa düşmək üçün balım çatmamışdı.
- Bu səbəbdən, tarix üzrə təhsil alsanız da, o istiqamətdə heç bir fəaliyyətiniz olmayıb?
- Universitetdə 2 ili çox yaxşı oxudum, sonra başa düşdüm ki, tarix fakültəsində aldığım bilikləri kommersiyalaşdıra bilməyəcəm. Elm yönündə gedə bilərdim, amma xarakterimi analiz etdim, gördüm ki, məndən alim olmayacaq. Alim olmaq üçün bir yerdə otura bilmək lazımdır. Mən isə stabil ola bilmirəm, disiplin formalaşdırmağım çətindir. Yəqin ki məktəb dövründəki kəsintilərin burada rolu var. Bir yerdə oturanda darıxıram. Bu səbəbdən, 2-ci kursdan sonra ictimai fəaliyyətə başladım. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinə qoşuldum, orada danışmağı, müzakirə etməyi, arqumentləşdirməyi öyrəndim. Sonra gənclərin müzakirə platforması olan “Avropa və biz” verilişi var idi, ora dəvət olunmağa başladım. 2005-ci ildə Azərbaycanda Gənclər Parlamenti deyə platforma yaradıldı. Ora seçilən 50 nəfərdən biri oldum, sonra katibliyə seçildim. Maraqlı layihə idi. Gənclər parlamentində müzakirələr edirdik. Sərbəst idik, efirə canlı gedirdi. Sonra “İrəli” İctimai Birliyi yarandı, ora da qoşuldum. 2009-cu ilə qədər ictimai fəaliyyətim davam etdi, sonra dayandım. Çünki 24 yaşıma gəlmişdim və pul qazanmaq lazım idi (Gülür).
- Biznes həyatına ailə qurandan sonra başlamısınız.
- Bəli, Samirə xanımla tanış olana qədər ictimai fəaliyyətə fokuslanmışdım. 24 yaşdan sonra dəyişməyə başladım. Məni dəyişdirən şəxs həyat yoldaşım oldu. O, özəl sektordan gəlmişdi. Onun üçün mənim getdiyim yol çətin idi. Mən də özəl sektorla onun sayəsində tanış oldum. Sonra düşündüm ki, nə edə bilərəm? Tarixi bitirmişdim, bir-iki yerə CV göndərdim, gördüm ehtiyac yoxdur. İctimai fəaliyyət dönəmində bizneslə bağlı təlimlər almışdım. Başa düşdüm ki, ora yönəlmək lazımdır.
- İlk biznesiniz bağça oldu?
- Yox, ilk işim sərmayə tələb etməyən reklam sahəsində oldu, amma gördüm ki, mənlik deyil. İşsiz-gücsüz vaxtı araya salıb evləndim. İnsanlar çox vaxt bekar olanda evlənirlər (Gülür). Evlənəndən sonra dedim artıq məsələ ciddidir, pul qazanmalıyam. Bağça üçün lisenziya filan çətin idi. 2010-cu ildə “Mery Poppins” adında uşaq inkişaf mərkəzi açdıq, amma 8 ay saxlaya bildik, uğursuz oldu.
"Zamansız başladıq, ona görə də batdı"
- Zamansız açmışdız?
- O illərdə hamı uşağının yuxarı siniflərdə hazırlığında maraqlı idi. Uşağın erkən yaşda inkişafı o qədər də qəbul olunmadı. Azərbaycan üçün yenilik idi, bazarda oturması üçün biz onu davamlı saxlaya bilməliydik. Bunun üçün isə vəsaitimiz yox idi. Stiv Cobs “İphone 1”i çıxaranda heç kim nə olduğunu başa düşmədi. Yavaş-yavaş onu cəmiyyətə təqdim etdi. Sonra ikincini çıxardı. Üçüncüdə artıq hamı onun telefonunu almaq istəyirdi. Arxasında güc var idi, gözləyə bildi. Bizim o zamanı gözləmək üçün maliyyəmiz yox idi.
Qısası, bəli, zamansız başladıq, ona görə də batdı. Bazarı araşdırmamışdıq. Biz öz ağlımızdakını qurduq, müştərinin ağlındakını qursaq, uğurlu olardı.
- Bibinizdən 15 min manat borc alıb başladığınız biznes o idi?
- Bəli, 8 ay sonra borcla bağladıq. Ortağımız var idi, batanda ortağın pulunu da qaytarmalı oldum. Çünki onu inandırıb bu işə salmışdım (Gülür).
- Bağça açmaq üçün də pul lazım idi. Onu hardan tapdınız?
- “Mery Poppins”də işlədiyimiz vaxtı keyfiyyətli iş görmüşdük deyə, insanlar bizə inanırdı. Müştərilərimizdən biri bizi başqa bir investora apardı. Biz bağça ideyasını həmin investorla reallaşdırdıq. Həmin investor Xudu Rzayevdir. O, bizdəki enerjini gördü, dəstək oldu. Biz də öz məsuliyyətimizi dərk etdik. İlk bağçanı Əhmədlidə qurduq. 2011-ci ilin mart ayında açdıq. Oktyabrda artıq ora mənfəət verməyə başladı.
10 milyondan çox investisiyanı sektora cəlb edib
- Bağça biznesi də uğursuz ola bilərdi, bu sahədə təcrübəniz yox idi. Uğurlu olma səbəbi nə idi?
- O vaxt dövlət bağçalarından narazı qalanlar özəl bağçalara üz tuturdular. Özəl bağçalar isə çox baha idi. Orta seqment üçün bağça yox idi. Biz o orta seqment üçün uyğun qiymət, dövlətdən fərqli yanaşma (Valideynlə əməkdaşlıq, valideyn məmnuniyyəti) təklif etdik, əlavə xidmətlər gətirdik və s. İnsanlar bunu aldı. Beləliklə, uşaq bağçası hekayəmiz başladı.
- Biznesin bütün xərclərini investor qarşıladı?
- Bəli, uşaq inkişaf mərkəzi biznesimiz uğursuz alınanda, sonlara yaxın öz xərclərimizi qarşılamaq üçün mən SOS Uşaq Kəndləri Assosiasiyasında işə düzəldim. 3 il orda işlədim. Layihə rəhbəri olaraq başlamışdım, marketinq meneceri olaraq işdən ayrıldım.
- Bağçanı paraleldə işlədirdiniz?
- Mən bu işə yoldaşımla başladığım üçün, bağça işini paraleldə aparırdım. İlk bağçanı qurandan sonra növbəti bağça şifarişləri aldıq. 2013-cü ildə 5 bağça qurduq. Ona görə işdən ayrılmalı oldum. Seçim etməli idim. Ya karyeram, ya biznes? Biznesi seçdim.
Bu günə qədər 45-dən artıq bağça qurmuşam. Həmçinin əlavə olaraq 5-ə yaxın uşaq inkişaf mərkəzi qurmuşam, 1 məktəbin qurulması prosesində iştirak etmişəm, 1 təlim mərkəzi, 1 düşərgə və 3 reabilitasiya mərkəzi layihələrini də icra etmişəm. 45 bağçanın hərəsində 20 nəfərdən hesablayanda 900-dən çox əməkdaş edir. Ümumilikdə, bu, 10 milyon manatdan çox investisiyanın mənim vasitəmlə sektora cəlb olunması deməkdir.
“Bağçam” şəbəkəsinə daxil olan, bizim şəbəkə vasitəsilə idarə olunan 12 uşaq bağçasında isə 280-ə yaxın əməkdaş çalışır.
- Bəs neçə bağça sırf sizin özünüzə məxsusdur?
- “Bağçam” şəbəkəsinə daxil olan 12 müəssisədən 5-i “İndigo” bağçaları mənimdir. 7-si başqa sahibkarlarındır, amma onların idarəetməsi bizim standartlarla həyata keçirilir. Sırf Rasifin investisiya etdiyi cəmi 4 müəssisə var. Qalanlarını isə başqa investorların dəstəyi ilə həyata keçirmişik.
"Hər şeyi özün edə bilməzsən..."
- İnvestorlara siz gedirsiz, yoxsa onlar gəlirlər?
- Heç kimə təklif göndərmirik, özləri bizə müraciət edirlər. Bəs necə olur? Xidmətimizdən istifadə edən valideynlər və investorlarımızın ətrafından gəlir. Hər şeyi özün edə bilməzsən, təməlində investor olmalıdır.
- Məktəb, kurs müəllimləri deyirlər ki, valideynlərlə işləmək çətindir. Bağçaya da bu cəhətdən yanaşsaq, necə biznesdir?
- Bağça ilə bağlı Azərbaycanda cidi boşluq var. Hazırda uşaqların məktəbəqədər təhsilə cəlb edilmə faizi 35-dir. 2010-cu ildə isə bu, 15 faizdən də aşağı idi. Çünki həmin dönəmdə məktəbə hazırlıq sinifləri yox idi. Yəni, biznes cəhətdən yanaşsaq, bazarda kifayət qədər uşaq var, amma valideynlərin məktəbəqədər təhsillə bağlı dünyagörüşü tam formalaşmayıb. Onlar 6 yaşdan aşağı uşaqların inkişaf ehtiyaclarını tam başa düşmürlər. “Yeyəcək, içəcək, məktəbə hazırlığa qoyacağıq, sonra məktəbə gedəcək” kimi düşünürlər. Amma o, düşünmür ki, uşaq filan yaşda tək ayaq üstdə 2 metr tullana-tullana gedə, muncuqları ipə düzə, ayaqqabı bağını rahat bağlaya və s. bilməlidir. Yaxud artıq filan yaşda fikirlərini sərbəst ifadə etməyi bacarmalıdır. Bunları təsəvvür edə bilmədiyimizə görə bağçaya ehtiyac yaradılmır. Bağçaya tələb yaradanların çoxu işləyən analardır. Uşağı qoymaq üçün təhlükəsiz, qidasını, qayğısını təmin edən bir yer kimi baxılır. Yəni bağçanın dəyəri Azərbaycan ata-anasının gözündə aşağıdır deyə, onun bir bağçaya 300 manat verməyə əli gəlmir. Valideynlərin bu yanaşması bizə problem yaradır. Biz “Bağçam”ı quranda bu çətinliklə üzləşirdik. Dedik insanları maarifləndirək. 4 il səhifəmizdə sərhasər məktəbəqədər təhsilin önəmindən yazdıq, canlı yayımlar açdıq, mütəxəssisləri danışdırdıq. İzah edirdik ki, sizin verdiyiniz pul təkcə yemək-içməyə, təhlükəsizliyə getmir. Uşağın inkişafına xərcləyirik.
“Nəyi bilmədiyini bilmək çox önəmlidir”
- Xanımınızla bir yerdə işləyirsiniz. Deyirlər ki, evlilik üçün cütlüklər bir-birini tamamlamalıdır. Bəs biznesdə bir-birinizi necə tamamlayırsınız?
- Biznesin bir nəfərin işi olduğunu düşünmürəm. Mən çox səbirsiz, tələskən adamam. Nəticənin tez əldə olunmağını istəyirəm. Samirə xanım səbirlidir, gözləyir. Bu da bizi bir növ balanslaşdırır. Bəzən mənim tələskənliyim lazımdır, bəzən onun səbri. Xarakterimizə uyğun olaraq işləri bölmüşük. Mən ümumiyyətlə, şəbəkənin idarəetməsinə heç bir halda qarışmıram. Maliyyə, investor, dövlət müsəssiələri ilə məsələləri həll edirəm. Nəzəri-metodiki dəstək göstərirəm.
- Yəni, rəhbər bir nəfər olmalıdır?
- Bəli. İşçilər görəndə ki, Samirə xanım bir şey deyir, Rasif başqa, o zaman liderin kim olduğunu müzakirə etməyə başlayırlar və yanılırlar. Ona görə qərar verdik ki, mən o işlərdən çıxım. Həm də mən kabinetdə oturub taktiki və rutin qərarlar verən adam deyiləm. Mənə denən ki, gəl burda təzə bağça qur, onda daha çox motivasiyam olur.
- Xanımla biznesdə ortaq olmaq necədir?
- Alternativ olsaydı (Gülür).
- Biznes böyüdükcə daha peşəkarlıq lazım gəlir. Bu sahədə özünüzü necə inkişaf etdirdiniz?
- Nəyi bilmədiyini bilmək çox önəmlidir. Bu zaman eqon aşağı olur. “Hər şeyi bilirəm” deyirsənsə, eqon yüksəlir və bir gün səni partladır. Mən nəyi bilmədiyimi bilirəm. Dedim ki, biznes qurmuşam, təcrübə qazana-qazana, ordan-burdan oxuyub idarə edirəm, bəs görüm təhsili necədir? Buna görə, 2012-ci ildə Azərbaycan Universiteti ilə Corc State Universitetinin birgə MBA proqramına qəbul oldum. Çox unikal proqram idi. Həmin proqramda dərs keçən mütəxəssislərin hamısı biznesdən gələn adamlar idi. Biznesin nəzəriyyəsini də öyrəndim. 2015-ci ildə şəbəkənin korporativ formasını yaradanda, təcrübəmlə universitetdən aldığım bilikləri birləşdirdim.
“İnvestorun qarşısına iki nüansla - biznesim və təcrübəmlə çıxıram”
- Məsələn, sizə hansı fərqi qatdı?
- Əvvəllər investorlarla işləmə şərtlərimiz bugünkü reallıqla çox acınacaqlı idi. Hansısa sahibkara biznes qururdum, sonra onu idarə edirdim, sahibkar ordan mənə 10 faiz verirdi. Biz belə başlamışıq. Güllük-gülüstanlıq olmayıb (Gülür). Onun pulu var idi, mən də qarşısına ya təcrübəmi qoymalı idim, ya biliyimi, ya da hazır biznesimi. Hazır biznesim olmadığı üçün özümü gücləndirməli idim. Özümü gücləndirdikcə, bu tərəfdən biznes genişləndi, komandam formalaşdı. Mən bu gün investorun qarşısına iki nüansla - biznesim və təcrübəmlə çıxıram. O isə pul təklif edir, indi mən güclüyəm. Bura gəlib çıxmaq üçün o strategiyanı seçdim. Başqa adamın startegiyası fərqli ola bilər.
- Bir yerdə otura bilməyən adam biznesə gələndən sonra nələri öyrəndi, nələrə uyğunlaşdı?
- Biznes kommunikasiya məsələsidir. Biznesə gələndən sonra təqdimat etməyi öyrəndim. İnvestorla görüşə gedirsən, layihə satacaqsan. Ortada sadəcə fikir və biznes plan var. Bunlarla bir yerdə təqdimatınla şəxsi keyfiyyətlərin, bacarıqlarını da sata bilməlisən.
Yaxud valideynlə işləmək. 9-6 işləyəndə heç kim səni məcbur edə bilməz ki, müştərinin nazı ilə bu qədər oynayasan. Öz işin olanda, müştərinin nazı ilə daha çox oynayırsan. Çünki itirdiyin hər müştəri səni uğursuzluğa daha da yaxınlaşdırır.
İnvestor və müştərilərlə işlə yanaşı, əməkdaş seçməyi, insan tanımağı öyrəndik. Çox kadr gələcək. Onlardan hansılar sənə uyğundur? Hansı ilə yol gedə bilərsən? Doğru adamları bir araya gətirə bilməsə, Rasif uğurlu olmayacaqdı. Doğru adamları tapmaq və onlarla işləmək lazımdır. Biznes komanda işidir.
- İndi danışırıq, ard-arda bağçalar açılıb. Amma bir də arxa fonda keçilən çətinliklər olur. Onlardan da danışaq.
- O qədər olub (Gülür). İş qurursansa, orda çətinliklər qaçılmazdır. Yay aylarında bağçada uşaq sayı az olur. Deməli, 2018-ci ildə yaydan yığılıb qalan əməkhaqlarını verə bilmədik. Bir ay gecikdirdik, amma pul yox idi. Səhər yuxudan oyanıb maşının şəkillərini elan saytına yerləşdirdim. 15 dəq sonra zəng gəldi, satıb maaşları verdim. 20 minə yaxın maaş idi. Həmin vaxtı çox xoşbəxt idim. Çünki komandamı qoruya bilmişdim. Biznes bizim əsas işimizdir, ona görə yatırım da bura olmalıdır. Düşmələrə də öyrəşmişik. Deyirlər iş adamının cibində pul olmur, düzdür. Bu stress də yaratmır. Çünki istəyəndə tapa bilirsən. Bizim pulumuz işdədir. Pulum olanda biznesə yatırıram, cibimdə saxlamıram.
Aygün Asimqızı
Fotolar: Rəşad Mehdiyev