Muslera rekord matçında qol buraxmadı - FOTO
Türkiyə çempionatının 21-ci turunda ''Qalatasaray'' ''Konyaspor''u qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, son 2 rəsmi oyunda xal itirən İstanbul nəhəngi bu dəfə çətinliklə də olsa, fanatlarını sevindirdi. Viktor Osimhenin 22-ci dəqiqədə penaltidən vurduğu qol oyunda yeganə oldu. Minimal hesabla qalib gələn ''Cim-Bom'' xalını 54-ə yüksəldərək aktivində 45 xal olan ''Fənərbaxça''nın oyununu gözləməyə başladı. Oyun Fernando Muslera üçün tarixi alındı.
Uruqvaylı qapıçı ''Qalatasaray''ın heyətində superliqada 429-cu qarşılaşmasına çıxdı. O bununla da Bülənt Korkmazın (428) rekordunu yeniləyərək klub tarixində Türkiyə çempionatında ən çox oyun keçirən futbolçuya çevrildi! Bu məqam oyundan öncə təmtəraqlı şəkildə qeyd olundu. Tribunalarda 38 yaşlı qapıçı üçün pankartlar açıldı. Adətən çempion olan komandalar üçün yaradılan dəhliz bu dəfə ''Qalatasaray''lı futbolçular tərəfindən Muslera üçün yaradıldı.
Bundan başqa ona üzərində 429 yazılmış forma hədiyyə edildi. Ünlü qapıçı tarixə düşdüyü oyunda qapısını toxunulmaz saxlamağı bacardı. Bu, çox önəmli məqamdı. Çünki Türkiyə çempionu bu mövsüm qapısını toxunulmaz saxlamaqda çətinlik çəkir. Komandanın 11 oyunluq qol buraxmaq seriyası qırıldı. Amma Musleraya ciddi iş düşmədi. Çünki ''Konyaspor'' oyunboyu ''çərçivə''yə zərbə vurmadı. Türkiyədə 14-cü mövsümünü keçirən Muslera ''Qalatasaray'' tarixində həm də ən çox titul qazanan əcnəbi futbolçu statusundadı.
O, 7-si ölkə çempionluğu olmaqla 17 titul qazanıb. Amma Musleranın müqaviləsi mövsümün sonunda başa çatır və oyundan sonra o özü də etiraf etdi ki, artıq Türkiyə karyerası bitmək üzrədi: ''Belə anlarda kəlimələr yetərsizdi. Bu böyük kluba 2011-də gəlmişəm və saysız-hesabsız titullar qazanmışam. Adımın klub tarixində ən üst sırada olması böyük bir qürurdu. Məşqçilərimə, komanda yoldaşlarıma, fanatlara təşəkkür edirəm. Hər anın keyfini çıxarmağa çalışıram. 429-cu oyunumu keçirdim. Bu rəqəm bir tərəfdən də bu macəranın yavaş-yavaş sona yaxınlaşdığını göstərir''.
ƏLİ