AZ

Söz bitdi, iş zamanıdır...

Donald Tramp ABŞ-nin 47-ci prezidenti kimi Ukrayna müharibəsinin həlli məsələsini əsas prioritetlərindən biri olaraq ortaya qoyub.

O, çoxdan verdiyi vədini yerinə yetirməyə, Putinlə müzakirələrə başlamağa hazır olduğunu ifadə etdi. Müharibənin başlamasından üç ildən artıq vaxt keçsə də, Tramp bir neçə dəfə müharibənin sürətli şəkildə sona çatdıracağına dair sözlərini xatırlatsa da, məsələyə realist yanaşır. Lakin ABŞ liderinin belə mövqeyə gəlməsindəki məqsəd təkcə Ukrayna və Rusiya arasındakı münaqişənin bitirilməsi deyil, həm də dünya miqyasında sülhün təmin edilməsi istiqamətində atılacaq mühüm addımlardır.

İlk gün Tramp bir neçə mühüm qərar qəbul edib, o cümlədən  Baydenin 78 qərarının ləğvi, ABŞ-nin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) və Paris İqlim Razılaşmasından çıxması və xarici ölkələrə yardım proqramlarının dayandırılması kimi addımlar atdı. Bu qərarlar ABŞ-nin xarici siyasətində ciddi dəyişikliklərə səbəb ola biləcək məqamlar idi. Trampın bu siyasəti  Rusiya ilə əlaqələrin inkişafı və Ukrayna müharibəsinin həlli məsələsində dönüş nöqtəsi ola bilər. Putin ilə telefonda danışan Tramp hər iki tərəfin dialoqa açıq olduğunu və müharibəni dayandırmaq üçün razılığa gəlmək istəyini vurğulayıb.

Rusiya Prezidenti Vladimir Putin Moskvanın tələblərini açıqlayaraq, müharibənin yalnız qısa müddətli bir atəşkəs və ya müvəqqəti bir dövr üçün deyil, uzunmüddətli sülh üçün həll edilməli olduğunu vurğuladı. Putin bu münaqişənin köklü səbəblərinin aradan qaldırılmasını  istəyir. Kreml ABŞ-nin yeni administrasiyasının Rusiya ilə olan mövqeyini müəyyən etmək üçün gələcək danışıqların vacibliyini bildirib. 

Tramp Ukrayna məsələsində daha əvvəl verdiyi bəyanatlarla tanınır, lakin bu dəfə birbaşa Volodimir Zelenski ilə bağlı bir neçə vacib fikirlər irəli sürüb. O, Zelenskinin də bir anlaşma imzalamağa hazır olduğunu bildirib və Putinlə bu məsələni həll etmək üçün onun maraqlarına uyğun bir təklifin olacağına inandığını söyləyib. 

O, müharibənin qısa müddətdə sona çatacağını və hər iki tərəfin də münaqişənin nəticələrini nəzərə alaraq bir-birinə yaxınlaşacağını gözləyir. Lakin həm Putin, həm də Tramp bu məsələdə öz maraqlarını qorumağa çalışacaq. Rusiya ölkə daxilindəki iqtisadi çətinliklər və müharibənin təsirləri ilə üzləşir. Tramp isə ABŞ daxilindəki resursları və beynəlxalq təsiri ilə münaqişənin həllini istədiyini bildirib.

Trampın tarixi nitqi

Rusiyalı politoloq Darya Qrevsova “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Trampın nitqini tarixi adlandırmaq olar, çünki onun sözləri populist xarakter daşımır. Əksinə, ilk növbədə ABŞ vətəndaşlarının xeyrinə yönəlmiş konkret hərəkətlər və qərarlar çağırışıdır: 

"İlk nitqində də gördüyümüz kimi, o, bu qərarları açıqlayır. Burada diqqət yetirilməli bir neçə  məqam var. Gördüyümüz kimi, prezidentliyinin ilk günündə bəzi fərmanlar verildi. Əsas olanlardan biri budur ki, digər ölkələrə verilən xarici kreditləri 90 gün, bəlkə də daha uzun müddətə dayandırıldı.

Bu müddət ərzində ABŞ üçün bu kreditlərin nə qədər sərfəli olduğunu təhlil etmək məqsədilə araşdırmalar aparılacaq. Bu, Ukraynaya edilən yardımları da əhatə edir. Əlbəttə ki, avropalılar Ukraynaya kömək etməyə davam edə bilərlər, amma əsas yardımların hələ də ABŞ-dən gəlməsi çox vacib bir qərar olduğunu göstərir".

Trampın ilk çıxış ona görə təsirli görünür ki…

Politoloq xatırladıb ki, Trampın Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxma qərarı verib:

“O, ÜST-ü Amerikanın suverenliyini pozmaqda günahlandırır, xüsusən də pandemiya razılaşması bağlandıqdan sonra bunu etməkdə günahlandırır. Trampın fikrincə, ÜST Çinlə əlaqəlidir və bütün COVID-19 epidemiyasını məhz Çin yayıb.

Bundan başqa, 2021-ci il yanvarın 6-da Kapitoli binasına hücum edən 1500-dən çox siyasi məhbusu əfv etdiyi barədə məlumat var. Onların üzərindən bütün cinayət ittihamları götürülüb”.

D. Qrevsova vurğulayıb ki, Tramp ekoloji məsələlərə də toxunub. O, Bayden tərəfindən ABŞ şelfində aparılan axtarış və qazma işlərinə tətbiq olunan məhdudiyyətləri ləğv edir:

"Təbii ki, miqrasiya məsələləri onun üçün prioritetdir. Milli fövqəladə vəziyyət elan edildiyi üçün sərhədə hərbi qüvvələr göndərir. Eyni zamanda, vətəndaşlıq hüququ ilə bağlı da dəyişikliklər edilir, məsələn, qeyri-qanuni olaraq ABŞ-yə gələn və ya burada doğulan uşaqların vətəndaşlıq alması nəzərdən keçirilir.

Hər şey daha hüquqi əsasda baş verir. O, miqrantlarla əlaqəli narkokartelləri də terrorçu təşkilatlar elan edir. Yəni Tramp hakimiyyətə gəldiyi ilk saatlarda ABŞ vətəndaşlarının həyatını birbaşa təsir edən çoxsaylı əhəmiyyətli fərmanlar imzalayıb. Buna görə də ilk çıxışı hələ də çox təsirli görünür”.

“24 saat ərzində bunu həll etmək çətin olsa da…”

Ukrayna - Rusiya müharibəsinə toxunan politoloq qeyd edib ki,  Tramp öz seçkiqabağı çıxışında savaşı 24 saat ərzində sona çatdırmağın mümkünlüyünü deyib:

“Şübhəsiz ki, hakimiyyətə gəldikdən sonra ilk vəzifələrindən biri məhz bu münaqişəni həll etmək olacaq. Hər kəs başa düşür ki, 24 saat ərzində bunu həll etmək çətin olsa da, ən azından buna cəhd etməyə dəyər. Lakin öz andiçmə nitqində Tramp Ukrayna və ya Rusiya məsələlərini heç açmadı.

Amma hər kəs başa düşür ki, ondan məhz bu məsələnin həlli gözlənilir. Hətta Rusiyada belə mütəxəssislər arasında bu danışıqların nə vaxt və harada baş tutacağı müzakirə olunur. Trampın komandası isə bildirir ki, o, ilk iş günlərində Prezident Putinlə əlaqə saxlayacaq və birbaşa onunla görüş təyin edəcək.

Dünyada hər kəs başa düşür ki, bu müharibə Ukrayna və Rusiya arasında deyil, əsasən ABŞ ilə Rusiya arasında gedir. Ukrayna sadəcə Qərbin əlindəki bir kukladır. Lakin biz Trampın inauqurasiya nitqində dediyini də eşitdik ki, o, sülh və təhlükəsizlik tərəfdarıdır. Bu ümid verir ki, o, həqiqətən də sülhə və kompromisə doğru çalışacaq. Dünyanın əhalisini Üçüncü Dünya müharibəsi və ya nüvə apokalipsisinə sürükləməməyə çalışacaq.

Hazırda Rusiya və ABŞ arasındakı münasibətlərin necə inkişaf edəcəyi aydın deyil. Vladimir Putin və Donald Tramp arasında ilk danışıqlar baş tutmalıdır, bu danışıqların nəticələrinə əsasən tərəflərin nə qədər razılaşdığı və bir-biri ilə dialoqa nə dərəcədə açıq olduqları və ya əksinə, fikirlərini müdafiə edərək heç bir kompromisə getməyəcəkləri anlaşılacaq. Bu danışıqlardan sonra isə düşünmək olar ki, əlaqələr, o cümlədən diplomatik kanallar vasitəsilə ya yaxşılaşacaq, ya da indiki səviyyədə qalacaq".

Həm ABŞ, həm də Rusiya xalqları iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasını istəyir:

"Amma yeni prezidentlə rəhbərlik arasında müxtəlif məsələlərdə qarşılıqlı anlayışın nə dərəcədə olacağına dair proqnoz vermək çətindir. Lakin ən azından hər iki tərəf bir-biri ilə əlaqə qurmağa maraqlı olsa, bu, dialoqun əhəmiyyətli nəticələrə və daha əvvəlki prezident Bayden dövründəki blokadanın qırılmasına səbəb ola biləcəyinə ümid var.

ABŞ və Ukrayna arasındakı münasibətlərə gəldikdə isə, burası da çətin proqnozlaşdırılandır. Görünür, Ukrayna Prezidenti Zelenski Trampın hakimiyyətə gəlməsini birmənalı qarşılamayıb və Trampı daha çox Rusiya tərəfdaşı hesab edir.

Lakin əslində, Tramp Baydenə nisbətən daha neytral bir prezidentdir və əsasən şəxsi maraqlardan çox, amerikalı vətəndaşların maraqlarına yönəlir. Hazırda Ukraynada gedən müharibə amerikalıların maraqlarına uyğun gəlmir. Buna görə də Trampın Ukrayna ilə münasibətləri onun siyasətində ilk sırada yer almayacaq”.

Seçilən
1
5
cebheinfo.az

10Mənbələr