AZ

Britaniya universitetləri son dörd ildə Çindən milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb

London, 26 yanvar, AZƏRTAC

Böyük Britaniyanın aparıcı universitetləri son dörd ildə Çin təşkilatlarından on milyonlarla funt sterlinq məbləğində maliyyə yardımı alıb.

AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, bu, Pekinin qlobal təsirini genişləndirmək və tənqidləri susdurmaq səylərinin bir hissəsidir.

Rusell Qrupu Universitetlərinə (Böyük Britaniyanın 24 aparıcı tədqiqat universitetindən ibarət birlik) göndərilən sorğu nəticəsində məlum olub ki, bu universitetlər son dörd ildə Çin mənbələrindən təxminən 50 milyon funt sterlinq əldə edib. Heç bir universitetin vəsaiti qanunsuz qəbul etməsi və ya başqa bir qanunsuz hərəkətə yol verməsi iddia edilmir. Ən çox maliyyə yardımı alan universitetlər Oksford və Kembric olub. Oksford Universiteti 2020-2024-cü illər arasında Çin mənbələrindən 24 milyon funt sterlinq, Kembric isə eyni dövrdə 12-19 milyon funt sterlinq arasında vəsait qəbul edib.

Mühafizəkarlar Partiyasının keçmiş lideri və Çin üzrə Parlamentlərarası Alyansın həmsədri İan Dunkan Smit xəbərdarlıq edib ki, Britaniya universitetləri Çin pullarından tamamilə asılı vəziyyətə düşüb. O bildirib ki, bu vəziyyət akademiklərin və təhsil müəssisələrinin Çin və onun mövqelərinə qarşı ehtiyatlı yanaşmasına səbəb olur. O, əlavə edib ki, Çindən gələn maliyyə axını bu ölkə ilə bağlı insan haqları pozuntuları məsələsində söz azadlığını və müzakirələri məhdudlaşdırır.

 

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
17
11
azertag.az

10Mənbələr