Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) ilk dəfə konsept trenajorda avarçəkmə yarışı təşkil edəcək.
Yeniyetmə və gənclər arasında avarçəkmənin təbliği və kütləviliyin təmin olunması məqsədi daşıyan birincilik fevralın 2-də, Azərbaycan Gəncləri Günündə keçiriləcək.
Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq yarışa Bakı və Mingəçevirdən olan 30-dan çox idmançı qatılacaq. Qaliblər federasiya tərəfindən diplomla mükafatlandırılacaq.
Qeyd edək ki, konsept trenajorda avarçəkmə yarışı dünyada geniş yayılıb. Bu növ üzrə Avropa və dünya çempionatları da keçirilir.