AZ

“Real”la “Barselona” 5, “Atletiko” 4 qol vurdu - İCMAL

İspaniya kubokunda 1/8 final mərhələsinin oyunları keçirildi. Təbii ki, nəhənglərin taleyi daha çox maraq doğururdu.

“Barselona” Superkubokun finalında “Real” üzərindəki parlaq qələbənin ardından daha bir darmadağına imza atdı. Flikin komandası heç də zəif sayılmayan “Betis”in qapısından da 5 top keçirdi. Kataloniyalıları dayandırmaq mümkünsüz idi. Bir neçə sayılmayan qol da onların əhvalını korlamadı. Artıq 3-cü dəqiqədə Qavi hesabı açdı. Təhlükəli vəziyyətləri sıralayan meydan sahibləri ilk yarıda darmadağını reallaşdıra bilərdi. Ancaq qol vəziyyətlərindən istifadə faizi aşağı idi.

Bununla belə, hissənin ortalarında Kunde fərqi artırdı. “Betis” isə yeganə təhlükəli vəziyyəti fasilə ərəfəsində yaratdı, onda da Penya Rokenin sərt zərbəsinin qarşısını aldı. 2-ci hissədə də oyunun axarı ciddi şəkildə dəyişmədi. Qonaqlar, sadəcə, “Barsa”nın sürətinə çatdırmırdı. Saatın tamamında Rafinya fərqi darmadağın həddinə çatdırdı. 9 dəqiqə sonra yenicə meydana çıxan Torres fərqləndi. “Barsa”nın dayanmaq fikri yox idi. 5-ci qol yorulmaq bilməyən Yamalın hesabına yazıldı.

“Betis”in gücü isə yalnız təsəlli qolunu vurmağa çatdı. Son 4 gündə ikinci dəfə rəqib qapısına 5 qol vuran “Barsa” “Xetafe” ilə oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşacaq. “Betis” isə artıq diqqətini çempionata və Konfrans Liqasına yönəltməlidi.
“Real” “Selta”nın müqavimətini yalnız əlavə vaxtda qırdı.

Madrid nəhəngi ilk yarıda oyunun axarına tam nəzarət etdi və bunun da məntiqi nəticəsi kimi Mbappe hesabı açdı. Fransalı ulduz bununla da klub tarixinə bir mövsüm ərzində 6 turnirdə (La Liqa, İspaniya kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, Qitələrarası kubok, UEFA Superkuboku) fərqlənən 2-ci futbolçu kimi düşdü. Əvvəllər bunu yalnız Kərim Benzema bacarmışdı (2022/23 mövsümündə). 2-ci hissənin əvvəlində Mbappe – Dias – Vinisius kombinasiyasını sonuncu qolla bitirdi. Amma Xiraldesin əvəzetmələri sayəsində viqolular oyuna döndü. 83-cü dəqiqədə Bamba fərqi azaltdı, əsas vaxtın sonunda isə məhz ona qarşı kobudluğa görə penalti təyin olundu. Alonso topla qapıçı Lunini fərqli künclərə göndərdi.

Əlavə vaxtda “Selta” yalnız bir hissə dözə bildi. 2-ci 15 dəqiqədə madridlilər üç qol vurdu. “Real” Superkubokun finalındakı biabırçılığa görə “günahını yusa” da, azarkeşlər belə oyuna görə komandanı fitə basdı.

Madridin digər nəhəngi “Atletiko” aşağı dəstənin liderlərindən “Elçe”ni darmadağın etdi. Bəlkə də hesab belə olmaya bilərdi. Sadəcə, “Elçe”nin argentinalı yarımmüdafiəçisi Merkau 50-ci dəqiqədə meydandan qovulmaqla komandasını pis vəziyyədə qoydu. “Atletiko” ardıcıl qələbə sayına görə klub rekordunu bir qədər də yaxşılaşdırdı. “Hindular”ın qələbə seriyası 15-ə çatdı. Onlar La Liqada 8, ölkə kubokunda 4, ÇL-də 3 qələbə qazanıb, bu müddətdə top fərqi 39-8 olub.

“Osasuna” “Atletik”i, “Real Sosyedad” “Rayo Valyekano”nu mübarizədən kənarlaşdırdı. Bu mərhələdə aşağı dəstə klubları ilə qarşılaşan heç bir elita təmsilçisi büdrəmədi. “Leqanes” “Almeriya”nı, “Valensiya” “Ourense”ni, “Xetafe” “Pontevedra”nı məğlub etdi.

1/8 final
Real – Selta 5:2, əlavə vaxtda
Mbappe, 37. Vinisius, 48. Endrik, 108; 120. Valverde, 112 – Bamba, 83. Alonso, 90+1-p.
Real: Lunin, Vaskes, Asensio, Rüdiger, F.Qarsiya (Bellingem, 90+2), Çuameni, Modriç (Valverde, 79), Sebalyos (Kamavinqa, 70), Dias (Gülər, 70), Mbappe (Endrik, 79), Vinisius (Rodriqo, 106).
Barselona – Betis 5:1
Qavi, 3. Kunde, 27. Rafinya, 59. Torres, 67. Yamal, 75 – Roke, 84-p.
Barselona: Penya, Kunde, Kubarsi, Arauxo (E.Qarsiya, 64), Martin, De Yonq, Qavi (Lopes, 72), Yamal (Torre, 77), Pedri (Viktor, 72), Rafinya (Torres, 64), Olmo.
Elçe (D-2) – Atletiko 0:4
Sörlot, 8; 29-p. Rikelme, 62. Alvares, 76.
Atletiko: Musso, M.Lyorente (Lemar, 73), Vitsel, Le Norman, Aspilikueta, Qallaher (Mandava, 66), Lino (De Paul, 61), Rikelme (Alvares, 73), Korrea, Sörlot (Molina, 46).
Atletik – Osasuna 2:3
İ.Uilyams, 45+3. De Markos, 55 – Oros, 40. Budimir, 44-p.; 70.
Real Sosyedad – Rayo Valyekano 3:1
Oyarsabal, 23. Olasaqasti, 45+1. S.Qomes, 79 – Trexo, 45+7-p.
Almeriya (D-2) – Leqanes 2:3
Suares, 38. Lazaro, 52 – Altimira, 33. De La Fuente, 77-p. Kampos, 87.
Ourense (D-3) – Valensiya 0:2
Karmona, 50-öz qapısına. Sadik, 78.
Pontevedra (D-3) – Xetafe 0:2
Rodriges, 2.

Oyundan sonra
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Bizi fitə basdılar? Bu, azarkeşlərin haqlı siqnalıdı, “Barselona” ilə oyunda yaşananları nəzərə alsaq. Sonra yaxşı reaksiya verdik. Bu gün “Bernabeu” bizi ayıltmaq üçün fitə basdı. Ancaq stadion dəstək verməyə başlayanda xüsusi durum yaranır”.
Seçilən
11
12
football-plus.az

10Mənbələr