AZ

"Qarabağ"ın Avropa səhnəsindəki uğuru burada futbola marağı artırıb" - MÜSAHİBƏ

Futbolun coğrafiyası hər nə qədər geniş olsa, bu sahədə inkişaf daha da sürətlənər.

Yeni istedadlar ortaya çıxar, rəqabət artmış olar.

Yaranmış kütləvilik məşqçilərin seçim imkanını da artırar.

Bu baxımdan Xudatda yaradılan yeni futbol akademiyasına yalnız sevinmək olar. Söhbət bir neçə ay əvvəldən "Xudat City" adı altında bölgədə fəaliyyətə başlayan futbol kademiyasından gedir.

Akademiyanın mətbuat xidmətinin rəhbəri Rəşad Ağaşirinovla söhbətimiz də məhz "Xudat City"nin yaradılması, görülən işlər və gələcək planlar barədə oldu.

- Ölkə futbolunda hər kəsin ən çox danışdığı mövzu məhz uşaq futbolunda problemlərin olmasıdır. Belə məqamda akademiya açmaq ideyası necə yarandı?

- Futbol idmanın şahıdır. Hər evdə bu idman növü ilə maraqlanan, məşğul olan mütləq olur. Xudat şəhərində də vaxtı ilə futbol komandaları olub. İdman müəllimlərinin məşğul olduğu hansısa bir yaş qrupunu qeyd etmək olar. Amma kütləvi və qeydiyyatdan keçmiş formada olmayıb. "Qarabağ"ın Avropada uğurlu çıxışı bölgələrdə futbola marağı bir qədər də artırdı. O cümlədən də Xudatda.

- Niyə məhz Xudat?

- Bizə bu sual çox verilir. Xudat zamanında Quba xanlığının mərkəzi olub. Təxminən 20 min əhalisi var. Bir neçə millətin sıx və tolerant yaşadığı ərazidir. Qonşu rayonların Xudata gəlib-getməsi daha münasibdir. Baza kimi buranın seçilmə səbəbi budur. Biz də valideynlərin müraciəti əsasında "Xudat City" akademiyasını təsis etməyi qərara aldıq. 2024-cü ilin may ayında rəsmi şəkildə bütün prosedurları keçdik. Avqust ayında akademiyanın açılışı oldu. Tanıtım tədbirində yerli qurumların, AFFA-nın, Gənclər və İdman Nazirliyinin nümayəndəsi iştirak etdi.

- Hazırda Xudat akademiyasının infrastrukturu hansı səviyyədədir?

- Xudat şəhərinin stadionu yoxdur. Hazırda məşqlər Xaçmaz rayonun Balovsar, Otçağlı kəndində və Şollar qəsəbəsində keçirilir. Köhnə Xudat stadionun yerində təmirə başlamışıq. Yer artıq şumlanıb. Ora tam düzənləndən sonra uşaqların istifadəsinə verməyi düşünürük.

- Əhalinin futbola marağı sizi qane edir?

- Əlbəttə. Açığı, bu qədər müsbət rəy alacağımızı düşünmürdük. Hazırda akademiyamızda 5 yaşdan başlayaraq 250-yə yaxın uşaq məşqlərə qoşulur.

- Gələcək planlara nə daxildir?

- 10 illik strateji planımız var. İşimizin əsası futbolun kütləviliyini yaratmaqdır. Uşaqların təhsili və idmanı kompleks şəkildə olsun. Həm burada qala, qidalana, həm də təhsil ala bilsinlər. Həftədə 1 dəfə evə istirahətə buraxılmaq şərti ilə. Bir sözlə, əsl futbol akademiyası kimi fəaliyyət göstərmək istəyirik.

- Uşaq futbolu böyük maliyyə tələb edir. Xərcləri necə qarşılayarsınız?

- Futbolda maliyyə olmadan nəticə əldə etmək çətin başa gələn işdi. Maddi dəstək mütləqdir. Hazırda daxili qərara görə Xudatda yaşayan uşaqların aylıq ödənişi 35 manat təşkil edir. Amma Qubadan, Xaçmazdan, Qusardan gələn uşaqlar var. Ona görə də məsafəyə görə qiymətlər dəyişir. 30, 25, 20, 15 manat arasında ödəniş edən uşaqlar da var. Aylıq ödəniş qarşılığında uşaqların ofisdən məşq meydançasında aparıb-gətirmək üçün servis təşkil olunur. Yarışlarda bütün yaş qrupları məşq və oyunlarda formalarla təmin edilir. Səfər oyunlarındakı nəqliyyat xərcləri qarşılanır. Bundan başqa aylıq alınan puldan ofisin xərclərinə ayrılır. Məşqçilərin maaşları tam da olmasa müəyyən qədər qarşılanır. Açığı, xərclərimizi böyük çətinliklə qarşılayırıq.

- Aylıq ödənişlərlə bağlı uşaqlara hər hansı güzəştlər nəzərdə tutulub?

- Şəhid və qazi övladları ödənişsiz akademiyamıza qəbul edilir. Aylıq ödənişi gecikən uşaqlar var. Gedib yaxından maraqlanmışıq. Görürük ki, sosial durumları yaxşı deyil, amma perspektivi var. Biz həmin uşaqları da nəzərə alaraq ödənişdən azad etmişik. Amma uşaq bundan xəbərsizdir. Çünki hansısa psixoloji sarsıntı keçirməsini istəmirik.

- Əlavə maliyyə dəstəyi var?

- Hər hansı güclü sponsora sahib deyilik. Dəstək olanlar barəsində danışası olsaq Xaçmazdan deputat seçilən Sevil Mikayılova bir neçə dəfə bizim ofisdə qonaq olub. Müəyyən görüşlərin təşkilində yaxından iştirak edir. Davamlı bizimlə maraqlanır. Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev tədbirlərə bizi də dəvət edir. Mənəvi dəstəyini hər zaman hiss edirik. Xudatın köhnə kənd bələdiyyəsinin sədri Faiq müəllim də bizə dəstək olduğunu deyə bilərəm.

- Bəs yerli iş adamları?

- Şimalda olan bütün iş adamlarına, şirkətlərə, ticarət mərkəzlərinə bir-bir müraciət etmişik, görüşmüşük. Təəssüf ki, yaxın gələn yoxdur.

- Niyə?

- Heç maraq göstərmirlər. Hazırda bu məsələ sıfır nöqtəsindədir. Düzdü, kömək üçün əlini uzadan bir neçə şəxs olub. Onların da o qədər böyük imkanları yoxdur. Biri forma, digər top alınmasında dəstək olub. Hazırda vəziyyət ürəkaçan deyil. Öz gücümüz hesabına ayaqüstə dayanmışıq.

- Hazırda akademiyanın say tərkibi necədir?

- Qeydiyyatdan keçmiş. 25 nəfərdən ibarət rəhbərlik və məşqçi heyətimiz var. Məşqçilərimiz B və C kateqoriyasına sahib olanlardı. Futbol anlayışı olan insanlardı. Arasında peşəkar Futbol karyerasını bitirənlərlə bərabər, bu gün də aktiv karyerası olanlar var. İdman akdemiyasını bitirən, məktəbdə dərs deyən müəllimlər aramızda yer alır.

- AFFA-dan sizinlə maraqlanan, işinizlə tanış olan olub?

- Bəli. Bir neçə dəfə AFFA rəsmiləri ilə görüşlərimiz olub. İlk dəfə texniki idman departamentinin rəhbəri Cahangir Həsənzadə ilə görüşdük. Növbəti dəfə AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev bizi qəbul etdi. Fikirlərimizi dinlədilər. Amma hər hansı formada yardım olmayıb. Sadəcə qrafikdən əlavə təlimlər üçün bizə məşqçilər göndərildi. Biz Sərxan müəllimin yolunu gözləyirik. Çünki akademiya ilə yerində tanış olacağını bizə demişdi.

- Hazırda akademiyanın yaş qrupları hansı liqalarda iştirak edir?

- Akademiyada U-10, U-12, U-13, U-14, U-15, U-17 yaş qrupları əsas komanda fəaliyyət göstərir. Hazırda U-12, U-13, U-14 komandalarımız liqalarda çıxış edir. 4 aylıq tariximizə baxmayaraq hətta pley-off mərhələsinə vəsiqə qazanan kollektivlərimiz var. Gələcəkdə digər yaş qruplarının da liqalarda iştirak etməsini planlaşdırırıq.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Seçilən
1
50
sportinfo.az

10Mənbələr