Milli Məclisdə "Ali təhsi haqqında qanun" layihəsi üzərində 4 ildir ki işlər davam edir. İndi deyəsən bu işə yenidən start veriləcək. Bu halda proses hələ xeyli davam edə bilər.
Bizdə belə təsəvvür var ki, intizarla gözlənilən hansısa qanun qəbul edilən kimi, bu sahənin bütün problemləri avtomatik həll ediləcəkdir. Sahənin inkişafı üçün mükəmməl qanunvericilik aktlarının olması zəruridir, lakin bu kafi deyil. Əlavə digər məsələlər də həll edilməlidir.
2000-ci illərdə "Təhsil haqqında qanun" müzakirə edilən ərəfədə hansı təhsil problemi müzakirə edilirdisə, təhsil məmurları tez deyirdilər ki, yeni qanun qəbul edikdikdən sonra bu problemlər həll ediləcəkdir. Belə müzakirələrin birində dedim ki, köhnə qanun da pis deyil, əgər normal tətbiq edilsəydi, heç bu problemlər yaranmazdı. Səriştəli məmurlar, pis qanunlarla da ölkəni inkişaf etdirə bilər. Amma səriştəsiz məmurlar, hətta yaxşı qanunlarla da heç nə edə bilməz. Məsələn, 2009-cu ildə qəbul edilən "Təhsil haqqında Qanunu"a, nəhayət ki, distant təhsil haqqında maddə daxil edildi. O vaxta qədər məmurlar deyirdilər ki, bizim qanunda distanrt təhsil haqqında heç nə yoxdur, onu tətbiq edə bilmərik. Amma, yeni qanuna bu barədə maddi daxil edilsə də, distant təhsil 16 ildir ki, yoxdur. Başqa nümunələr də gətirə bilərik, əvvəlki məqalələrdə buna toxunmuşuq.
İndi bizdə ali təhsil haqqında hələ ki, qanun yoxdur, amma "Təhsil haqqında Qanun" və digər normativ sənədlər var, onlara doğru-düzgün əməl edilsə, mövcud problemlərin çoxu həll edilə bilərdi. Amma bunlara çox vaxt əməl edilmədi. Son illər isə "Təhsil haqqında Qanun" baza prinsiplərinin pozulması, onlara zidd qərarların qəbul edilməsinin şahidi oluruq.
"Təhsil haqqında Qanun"nun qəbulunda sonra, gözlənildiyi kimi, problemlr avtomatik həll edilmədi. Əksinə problemlər ilbəil artdı. Bu gün də təhsildə olan bir çox problemlər, baş verən bəzi proseslər “Təhsil haqqında qanun” ilə heç də uzlaşmır.
İndi də nə vaxtsa, gec-tez "Ali təhsi haqqında qanun" qəbul ediləcək, amma bu gedişlə ali təhsil problemlərimiz tezliklə öz həllini tapmayacaq.
Qanunlar sanki, yol hərəkəti qaydalarıdır. Amma bu qaydalarin hara, niyə və necə gedəcəyini bilməyən, cüzi maliyyələşən, 30 il ərzində problemlərinin qalaqlandığı universitetlərə köməyi az olacaqdır. Bəh-bəhlə qəbul edilən universitetlərin PHŞ olması haqqında qərar yaxşılığa doğru nəyi dəyişdi ki? Əksinə oldu.
Qanundan əvvəl və ya paralel olaraq ali təhsilə dair yol xəritəsi, inkişaf strategiyaları olmalıdır. 30 ildir hələ də ali təhsilə dair normal strategiyamız yoxdur. Son15 ildə ali təhsilə dair cəmi bir strategiya qəbul edilib (2009-2013-cü illər üzrə), onun da icrası da yarımçıq oldu.
Keçən il isə "Sabah" qruplarının fəaliyyətinin genişləndirilmədi haqda qərar oldu, amma bu da strategiya deyil. Yəni, 15 ildən sonra ali təhsilin inkiaşfına dair normal bir stategiya hazırlamaq olardı hər halda. Əgər sahənin inkişafı üzrə strateji yol xəritəsi yoxdursa, yol hərəkət qaydaları (yəni, "Ali təhsi haqqında qanun"), heç nəyi dəyişə bilməz.
RF-da hələ də "Ali təhsil haqqında qanun" yoxdur, amma bu Rusiya universitetlərinin inkişafına mane olmur.
İlham Əhmədov, dosent
Demokratikmusavat.com