CDU/CSU fraksiyası Almaniya sərhədlərində uzunmüddətli nəzarətin tətbiq edilməsini və ölkədə qalmaq icazəsi olmayan bütün əcnəbilərin ölkəyə girişinin qadağan edilməsini istəyir.
Xristian Demokrat və Xristian Sosial İttifaqının (CDU/CSU) fraksiyası miqrasiya siyasəti ilə bağlı təklifləri əks etdirən qətnaməni Bundestaqda səsverməyə çıxarmaq niyyətindədir. “Bild” qəzetinin yazdığına görə, sənəddə qeyri-qanuni miqrant axını ilə əlaqədar Almaniyada fövqəladə vəziyyət elan edilməsinin zəruriliyi ilə bağlı bənd var ki, bu da hakimiyyətə qonşu ölkələrlə sərhədlərdə tam nəzarət tətbiq etməyə imkan verəcək.
Nəşrin istinad etdiyi qətnamə layihəsində ölkənin getdikcə daha çox üzləşdiyi “yeni zorakılıq səviyyələri”ndən bəhs edilir. Bu yaxınlarda bir əfqanın Aschaffenburq şəhərində yoldan keçənlərə hücumu və bir uşaq da daxil olmaqla iki nəfərin ölümü ilə nəticələnib.
CDU/CSU Almaniya sərhədlərində uzunmüddətli nəzarət tətbiq etməyə və icazəsi olmayan bütün əcnəbilərin ölkəyə girişini qadağan etməyə çalışır. Ölkəni tərk etmələri tələb olunanların deportasiyaya qədər dərhal nəzarətə götürülməsi gözlənilir. Mühafizəkarlar hesab edirlər ki, onları yerləşdirmək üçün boş kazarmalar və müvəqqəti konteyner şəhərciklərindən istifadə etmək olar. CDU/CSU həmçinin Almaniyadan çıxışın təmin edilməsinə cavabdeh olan mərkəzlərin yaradılmasını və deportasiya uçuşlarının sayını əhəmiyyətli dərəcədə artırmağı, miqrantların, o cümlədən Əfqanıstan və Suriya kimi ölkələrə göndərilməsini təklif edir.
Mühafizəkarlar hesab edirlər ki, federal polisə deportasiyaya məruz qalan insanlar üçün müstəqil həbs qərarı vermək səlahiyyəti verilməlidir. Onlar cinayətkarların və ya potensial təhlükəli miqrantların vaxt məhdudiyyəti olmadan həbsdə saxlanmasını istəyirlər.
CDU/CSU gələn həftə qətnaməni səsverməyə çıxarmağı planlaşdırır, lakin onun dəyişdirilib-dəyişdirilməyəcəyi hələ məlum deyil. Eyni zamanda, sənəddə fraksiya ayrıca qeyd edir ki, qeyri-qanuni miqrasiya ilə mübarizə populistlərə bu məsələdən öz siyasi məqsədləri üçün istifadə etməyə imkan verməyəcək.
Çərşənbə günü Aschaffenburq şəhərindəki parkda 28 yaşlı əfqan gəncin bıçaqla yoldan keçənlərə hücumundan sonra ölkədə miqrasiya qanunlarının sərtləşdirilməsinin zəruriliyi ilə bağlı müzakirələr yenidən güclənib. Şübhəli şəxs saxlanılıb. Həmin şəxs Almaniyaya 2022-ci ilin noyabrında gəlib, lakin ona sığınacaq verilməyib.
Əziz Mustafa, Oxuməni.az