730 mindən çox məktəbli Amerika Birləşmiş Ştatlarından deportasiya oluna bilər.
Bu barədə "Washington Post" qəzeti məlumat yayıb.
"ABŞ-da 733 000 sənədsiz məktəb yaşlı uşaq yaşayır”, deyə nəşr yazır.
Nəşr vurğulayır ki, miqrasiya xidmətləri məktəblərdən, xəstəxanalardan və kilsələrdən yan keçməyəcək. Bu səbəbdən ABŞ sakinləri vətəndaşlığı olmayan uşaqlarını evdən buraxmaqdan qorxurlar.
ABŞ prezidenti Donald Tramp inauqurasiyadan sonra ilk çıxışında qeyri-qanuni mühacirlərin ABŞ-a girişini dayandıracağını və milyonlarla miqrantı deportasiya edəcəyini vəd edib. O, həmçinin Meksika ilə sərhəddə yaranmış vəziyyətlə əlaqədar fövqəladə vəziyyət elan edəcəyini və ora qoşun göndərəcəyini bildirib.
Tramp administrasiyası artıq qeyri-qanuni mühacirlərin mühakimə olmadan deportasiyasına icazə verib və sələfi Co Bayden tərəfindən ləğv edilmiş "Meksikada qal” proqramının bərpa olunduğunu elan edib. Proqram sığınacaq axtaranlardan öz işləri ilə bağlı qərarları Birləşmiş Ştatlarda deyil, Meksikada gözləmələrini tələb edir. Bir çox fəallar bu qərarı tənqid edirlər, çünki miqrantlar antisanitar şəraitin və yüksək cinayətkarlığın hökm sürdüyü sərhədə yaxın müvəqqəti düşərgələrdə yaşamağa məcburdurlar.