Tanınmış iş adamının həbs edildiyi bildirilir
Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyevin həbs edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qafqazinfo” məlumat yayıb.
Qeyd olunub ki, biznesmen dələduzluqda ittiham olunur.
““Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə saytımıza da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi”, - məlumatda deyilir.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib:
“İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib”.