Azərbaycan, Çin, Türkiyə və Qırğızıstanda şirkətləri olan iş adamı Rövşən Mehdiyev dələduzluq ittihamı ilə həbs edilib.
"Bakuinfo"nun məlumatına görə, "Union Logistika" yükdaşıma şirkətinin rəhbəri olan Mehdiyev bir sıra müştərilərin şikayətləri əsasında cinayət məsuliyyətinə cəlb olunub. Müştərilər bildiriblər ki, Çindən aldıqları malları şirkətə təhvil versələr də, məhsullar aylardır ünvanlarına çatmayıb. Şirkət nümayəndələri isə yanvar ayının sonuna qədər malların təhvil veriləcəyini vəd etmişdilər.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaq zamanı məlum olub ki, şirkət şikayətçilərlə müqavilələr bağlayıb, lakin öhdəliklərini yerinə yetirməyib. Proses zamanı iş adamının sərbəst qalmasına razılıq verilməyib. Zərərçəkənlərə dəyən maddi ziyanın ümumi məbləği yarım milyon manata yaxın hesablanır.
Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Rövşən Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Rövşən Mehdiyev biznes sahəsində tanınmış fiqurlardan biridir. O, 20 illik iş təcrübəsinə malikdir və dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən "Caspian Energy Club"un Qırğızıstan nümayəndəliyinin sədri olub. Onun rəhbərlik etdiyi əsas şirkətlər arasında Çində "Falson", Qırğızıstanda "Brok Magistr" və Türkiyədə AEMİ yer alır. 2022-ci ildə isə Azərbaycanda "Union Logistika" şirkətini təsis edib.