AZ

Qaymoritin ev şəraitində müalicəsi mümkündür? - Həkim açıqladı

"Qaymoritdən danışmadan öncə burunətrafı ciblər haqqında məlumat vermək lazımdır. Belə ki, burunətrafı ciblər bizim üz skletimizin içində olan havalı boşluqlardır. Bu boşluqların tamamı da burun içinə açıldığı üçün burunətrafı ciblər adlanır. Latın və ingilis dilində sinuslar adlandırıldığı üçün bunların iltihabına sinusit deyilir. Ümumiyyətlə, burunətrafı ciblər alın cibləri, əng cibləri, xəlbir hüceyrələri və əsas ciblər olaraq 4 qrupa bölünür". 

Bu sözləri News24.az-a danışan uzman doktor Elnur Əkbərov deyib.

Onun sözlərinə görə, burunətrafı ciblərin bir neçə əsas funksiyası var ki, bunlar bizim sağlamlığımızda rol oynayır. 

"Bunlardan birincisi nəfəs aldığımız havanın isinməsidir, nəfəs aldıqca hava kütlələri isinir ağciyərlərimizə isinmiş hava keçir. İkincisi rezonator funksiyadır, yəni, bizim nitqimizdə iştirak edir. Bəzi hərfləri burun vasitəsilə deyirik və burada ciblər mühüm rol oynayır. Üçüncüsü selik əmələ gətirməklə qoruyucu funksiyadır ki, bu seliyə kiçik parçacıqlar yapışmaqla xaric olunur.

Bir az əvvəl vurğuladığım kimi bu ciblərin iltihabına sinusit deyilir və ciblərin hansının iltihaba cəlb olunduğuna görə, biz qaymorit, etmoidit, frontit kimi adlarla üz-üzə qala bilirik", - deyə o əlavə edib.

Elnur Əkbərov

Qaymoritə gəldikdə isə o deyib ki, bu əng cibinin iltihabıdır, gedişatına görə kəskin və xroniki ola bilir: 

"Kəskin qaymorit iki aya qədər davam edən iltihabı prossesdir. Əksər hallarda üst tənəffüs yollarının virus infeksiyaları zamanı meyfana gəlməkdədir, çox nadir hallarda isə tək başına izlənilə bilir.

Xroniki qaymorit isə iki aydan artıq davam edən iltihabı prosesə deyilir. Allergik və ya immun sistemi zəif olan insanlarda müşahidə oluna bilir.

Eyni zamanda, qaymoriti birtərəfli və ikitərəfli olaraq səciyyələndiririk. Yəni, bir cibdə zədələnə bilər, iki cib də.

Hər iki qaymoritin ümumi əlamətləri belədir:

  • burunla nəfəs almaqda çətinlik
  • burundan axıntı
  • burundan geriyə,yəni, gənizə axıntı
  • asqırma
  • üz bölgəsində orta dərəcəli və ya şiddətli ağrı hiss edilə bilir
  • üzdə dolğunluq hiss oluna bilir
  • qoxu bilmə pozuntusu müşahidə olunur", - deyə, o qeyd edib.

E.Əkbərov vurğulayıb ki, kəskin qaymorit zamanı iltihabi proses əng sümüyünün içində getdiyi üçün qonşu orqanlar da zədələnə bilir. 

"Belə ki, göz yuvası, kəllə əsası, diş köklərinə doğru infeksiyanın yayılması mümkündür. Bu da öz növbəsində daha böyük fəsadlara və daha ciddi tədbirlərə əl atmağa məcbur buraxır.

Xroniki qaymoritlər isə burun boşluğundakı poliplərdə əmələ gələ bilir. Müalicə taktikası, əsasən, xəstəliyin gedişatında remisyalar, yəni, sakitləşmələr əldə etmək məqsədi güdür. Xroniki qaymoriti olan şəxslər ildə bir-iki dəfə dərman müalicəsi almalıdırlar ki, həyat komfortları çox pozulmasın. Xroniki qaymoritlərdə müalicə ilə yanaşı bəzən əməliyyata da ehtiyac yaranır.

Müalicəyə gəlincə, kəskin qaymorit ambulator şəraitdə, yəni, evdə müalicə oluna bilən bir xəstəlikdir. Sadəcə, daha öncə diaqnozun qoyulması, düzgün müalicə taktikasının seçilməsi vacibdir. Bu zaman burun boşluğuna, buruna damar büzücü damcı və spreylərin istifadəsi tövsiyə olunur. Əgər, 3 gündən artıq qızdırma olar və davam edərsə, antibiotiklərin istifadəsinə zərurət yaranır, bununla da qaymoritin önünə keçə bilərsiz. Eyni zamanda, qaymoritin müalicəsində xüsusi yeri yerli streoid preparatlar alır", - deyə o, fikirlərini yekunlaşdırıb.

Günel Məlikzadə

Seçilən
15
39
news24.az

10Mənbələr