AZ

Sosial şəbəkələrdə yeni FIRILDAQÇILIQ – Digər şəxslərin “WhatsApp” mesajlarını izləmək MÜMKÜNDÜR?

Müasir insanın təhsili, işi, maraq dairəsi haqqında bütün məlumatları sosial şəbəkələr vasitəsilə öyrənmək mümkündür. Şəxsin paylaşımları, izlədiyi ictimai fiqurlar, fikir bildirdiyi mövzular onun haqqında müəyyən qədər məlumat verir. Lakin bunlar istifadəçinin özünün paylaşdığı, icazə verdiyi, ictimailəşdirdiyi informasiyalardır.

Sosial şəbəkələrdə istifadəçilərin şəxsi yazışması, özünün qeydləri isə tam məxfidir. Məxfi olmasına rəğmən tez-tez elə sosial şəbəkələrdə hər birimizin qarşısına “WhatsApp mesajlarını oxuma”, “WhatsApp izləmə”, “Instagram yazışmaları görmə” kimi xidmətlər təklif edən profillər çıxır. Həmin profillər istənilən şəxsin mobil nömrəsini bilməklə müəyyən pul qarşılığında onların profillərini ələ keçirəcəyi vədini verirlər.

Bəs birinin votsap mesajını oxumaq hansı halda mümkündür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bunun mümkünsüz olduğunu deyib:

“Daha öncə də bu tip kiberdələduzluq halları baş vermişdi. Qeyd etmək lazımdır ki, “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələri, onların verdiyi xidmətdən kənar hər hansı bir cəhdlə onları qırmaq, uzaqdan izləmək qeyri-mümkündür. Əgər dələduzların belə bir bacarıqları olsaydı onlar bu işi 30-50 manata görməz, böyük İT şirkətlərində işləyərdilər.

“WhatsApp” və “Instagram” kənar izləməyə qapalıdır. Bütün mesajlaşmalar ucdan -uca şifrəlidir. Bu təklifi edən hakerlər, sadəcə, dələduzluq növü ilə insanları tələyə salıb, onların şəxsi məlumatlarını oğurlamaq və ya pul almaq adı ilə onların hər hansı bank məlumatlarını əldə etməyi hədəfləyirlər”.

Ekspert hesab edir ki, bu proqramlardan digər cihazda istifadə yalnız şəxsin özünün razılığı ilə xüsusi kodla mümkündür:

“Bugünə qədər “Meta” şirkətinin heç bir məhsulu qırılmamışdır. Bu yoldaşların təklifi o deməkdir ki, “Meta” şirkətinin nəzərdə tutduğundan kənar müdaxilə baş verəcək. Bu isə qeyri-mümkündür. İstifadəçilər bu tip təkliflərə aldanmasınlar. Qeyd etmək lazımdır ki, “Instagram” və “WhatsApp”ən öz daxilində kənar bir cihazla əlaqələndirmə, qoşma funksiyası var. Bu, QR kodla mümükündür. Yəni bu, kənar müdaxilə yox, istifadəçinin öz icazəsi ilə baş verir. Əksi heç bir halda mümkün deyil”.

Günay Şahmar, Bizim.Media

Seçilən
20
39
bizim.media

10Mənbələr