AZ

Bakıda mühakimə olunan şəxslərlə bağlı Paşinyan absurd iddia irəli sürdü...

Image

Abutalıb Səmədov: "Bu məsələnin əsas indikatoru odur ki, Paşinyanın söylədikləri ağ yalandır, uydurmadır - əgər bu kəşfiyyat məlumatları olsaydı, az da olsa həqiqət payı olardı"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib ki, İrəvandakı kəşfiyyat məlumatlarına görə, Bakıda saxlanılan erməni məhbuslara psixotrop maddələr verərək, onları regionda gərginliyi artıracaq bəyanatlar verməyə təhrik edirlər.

“Mən Bakıda ittaham edilən şəxslərin heç birini özümə siyasi rəqib hesab etmirəm. Üstəlik, baş verənlər təkcə ciddi narahatlıq doğurmur, həm də regionda yeni eskalasiyalara təhrik etmək üçün istifadə olunacaq. Bizdə kəşfiyyat məlumatları var ki, həmin şəxslərdən istədikləri ifadəni almaq üçün onlara qarşı qadağan olunmuş psixotrop dərmanlardan istifadə olunur. Biz bu problemi hər cür həll etməyə çalışırıq”, - deyə Nikol Paşinyan bildirib.

Paşinyanın psixotrop maddələrlə bağlı söylədiyi yalanı bir yana, çünki yayılan kadrlardan da hiss olunur ki, bu ağ yalandır, doğrudanmı Azərbaycanın məhkəmə-hüquq və ya ədliyyə sistemində Ermənistanın agentləri ola bilər?

Baki-xeber.com saytına açıqlamasında politoloq Abutalıb Səmədov bildirdi ki, Paşinyan Azərbaycana böhtan atmaqla kifayətlənmir, eyni zamanda, hüquq-mühafizə orqanlarında, məhkəmə-ədliyyə sistemində kimlərəsə qarşı şübhə yaratmağa cəhd göstərib: "Bir tərəfdən Azərbaycanı nüfuzdan salmağa çalışır, digər tərəfdən isə məhkəmə-ədliyyə sistemində fəaliyyət göstərən işçilərə qarşı sübhələr, insanların bir-birinə şübhə ilə yanaşmasına şərait yaratmaqla prosesin səmərəli aparılmasına mane olmaq istəyir.

Nikol bu müsahibədə növbəti yalanını səsləndirir ki, Qarabağda mənim siyasi rəqiblərim yox idi. Bu bir erməni yalanıdır. Hamı çox yaxşı bilir ki, Ruben Vardanyan Moskvadan Paşinyanın rəqibi kimi göndərilmişdi. Onun əsas görəvi Qarabağda müəyyən uğurlara nail olub, sonradan Ermənistanda hakimiyyətə gətirilmək idi. Bunu Paşinyan çox yaxşı başa düsürdü.

Yeri gəlmişkən, Ruben Vardanyanın "dövlət naziri" vəzifəsindən istefa verməsi də Paşinyanın təkidi ilə reallaşmışdı. Ona görə də Arayik Arutyunyan onu vəzifədən uzaqlaşdırmaq məcburiyyətində qalmışdı. Təbii ki, Azərbaycan da Ruben Vardanyanın vəzifə tutmasına kəskin etirazını bildirmişdi - Azərbaycan prezidenti açıq şəkildə demişdi ki, Ruben Vardanyan Moskvanın göndərdiyi bir nümayəndədir. Moskvanın məqsədi isə aydın idi. Çunki Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağa dəfələrlə cəhd göstərmişdi. Lakin Paşinyanın elə bir nüfuzlu rəqibi olmadığına görə Moskva buna nail ola bilmədi. Hətta ağır məğluniyyətlə başa çatmış 44 günlük ikinci Qarabağ müharibəsindən sonra keçirilən seçkilərdə belə Paşinyan qələbə qazandı. Bu da Moskva üçün çox gözlənilməz oldu. Moskvada keçmiş təcrübəni nəzərə alaraq qərara gəlmişdilər ki, cinayət yolu ilə milyonlarla dollar kapital toplamış Ruben Vardanyanı Qarabağa göndərsinlər. Orada o, Köçəryanın və Sarkisyanın keçdiyi yolu təkrərlasın və son nəticədə iki Qarabağ cinayətkarı kimi Ermənistanda hakimiyyəti ələ keçirsin. Sözsüz ki, bu həm Paşinyanı qane etmirdi, o dəfələrlə bunu açıq şəkildə qəbul etmədiyini dilə gətirmişdi, həm də Azərbaycan buna kəskin şəkildə etirəz etdi. Son nəticədə Ruben Vardanyan vəzifədən uzaqlaşdırıldı və Moskvanın planı pozuldu. Rusiya da sonadək təkid etmədi. Çünki gördü ki, nə şərait 90-cı illərin şəraitidir, nə də Ruben Vardanyan cinayətkar Köçəryan və Sarkisyan qədər "siyasi istedada" malikdir. Bu səbəbdən də Paşinyanın "orada mənim siyasi rəqiblərim yox idi" deməsi riyakarlıqdan başqa bir şey deyil. Ən azından, Ruben Vardanyan onun siyasi rəqiblərindən biri idi.

Eyni zamanda, Arayik Arutyunyan da onun üçün kifayət qədər təhlükəli idi və onun da vəzifədən uzaqlaşdırılmasında Paşinyan müəyyən qədər rola malik oldu.

Azərbaycanda məhbus həyatı yaşayan Qarabağ cinayətkarları öz saxlanma şəraitindən, onlara münasibətdən heç vaxt şikayət etməyiblər. Düzdür, son vaxtlar Ruben Vardanyan cəhdlər göstərir ki, öz ifadələrindən imtina etmək üçün Azərbaycanı günahlandırsın. Ancaq bütün hallarda Azərbaycanda bu adamlarla humanist rəftar olunur, hüquq normalarının tələblərinə ciddi şəkildə əməl edilir. Bu səbəbdən aparılan məhkəmənin ədalətliliyini şübhə altına almaq nə onlara, nə də Paşinyan kimi riyakarlara müyəssər olacaq.

Eyni zamanda, Azərbaycanın məhkəmə-ədliyyə sistemində çalışan işçilərə qarşı şübhə yaratmaq barədə düşünülən plan baş baş tutmayacaq. Çunki Azərbaycanda və yaxud hər hansı bir ölkədə həbsdə olan şəxslərə qarşı psixtrop maddələrdən istifadə olunması barədə ittiham səsləndirmək üçün nə kəşfiyyat məlumatlarına, nə də elə böyük ağıla ehtiyac var. Bunu səsləndirmək elə bir cətinlik törətmir. İstənilən ölkə istədiyi ölkənin hüquq sistemi barədə belə bir əsassız bəyanat verə bilər. Üstəlik, "kəşfiyyat məlumatları"na istinad etdiyini də iddia edə bilər. Amma bir sübut yoxdursa, bu, siyasi boşboğazlıqdan başqa bir şey deyil. Ona görə də sübhə etmirik ki, Azərbaycan tərəfi buna heç bir əhəmiyyət verməyəcək və Paşinyan da arzuladığı nəticəyə nail ola bilməyəcək. Azərbaycanın ədliyyə-məhkəmə sistemində erməni kəşfiyyatının olması məsələsi qəti inandırıcı deyil. Orada çalışan hər bir şəxs illərlə sınaqdan keçirilmiş, müxtəlif təşkilatlarda şərəflə çalışmış, dürüst insanlardır. Onların fəaliyyəti daima nəzarət altında olub və bundan sonra da belə olacaq.

Hesab edirəm ki, bu cür erməni böhtanlarına biz əhəmiyyət verməməliyik.  Bu məsələnin əsas indikatoru odur ki, Paşinyanın söylədikləri ağ yalandır, uydurmadır - əgər bu kəşfiyyat məlumatları olsaydı, az da olsa onun həqiqət payı olardı".

Dəniz NƏSİRLİ





Seçilən
5
50
baki-xeber.com

10Mənbələr