AZ

"MicroStrategy" və "BlackRock" dayanmır: Hər qiymətə "Bitkoin" alırlar!

"MicroStrategy", "Bitkoin" strategiyasını gücləndirmək məqsədilə 1,1 milyard dollarlıq sərmayə ilə daha 10.107 "Bitkoin" alıb. 

Valyuta.Az-ın verdiyi xəbərə görə, şirkət bu alışını 105.596 dollar orta qiymətlə reallaşdırıb. Bununla şirkətin ümumi "Bitkoin" ehtiyatları 471.107 BTC-yə çatıb və ümumi dəyəri 30,4 milyard dollar olub. Şirkətin "Bitkoin" başına orta alış qiyməti isə 64.511 dollar olaraq yenilənib.  

2025-ci ilin əvvəlindən etibarən "MicroStrategy" 24.707 BTC satın alıb. İl ərzində 2,9%-lik "Bitkoin" gəliri əldə edən "MicroStrategy" ("MSTR"), səhmdarların təsdiqi ilə "Class A" səhmlərinin sayını 10,3 milyarda çıxararaq daha çox kapital artırma imkanı əldə edib. Şirkət bu qərarla 42 milyard dollara qədər kapital toplamağı hədəfləyir.  

Vergi öhdəlikləri və şirkətin gələcəyi  

Bitkoin ehtiyatlarının yenidən dəyərləndirilməsi nəticəsində "MicroStrategy" 2026-cı ildən vergi öhdəlikləri ilə üzləşə bilər. ABŞ-da 2022-ci ildə qüvvəyə minmiş "İnflyasiyanın Azaldılması Qanunu" çərçivəsində, şirkət reallaşdırılmamış qazanc üzərindən 15%-lik "korporativ alternativ minimum vergi" ödəməli ola bilər. Bu vəziyyət, "MicroStrategy"-nin 17 milyard dollara çatan reallaşdırılmamış "Bitkoin" qazancı üzərində ciddi vergi borcunun yaranmasına səbəb ola bilər.  

Şirkət bu qanunvericilik üçün Tramp administrasiyasından istisna tələb etməyi planlaşdırır. Lakin qanunda dəyişiklik edilməzsə, "MicroStrategy"-nin müəyyən miqdarda "Bitkoin" satmağa məcbur olacağı gözlənilir. 5 fevralda keçiriləcək şirkətin 2025-ci ilin dördüncü rüb maliyyə nəticələrinin elanında bu məsələlərin ətraflı şəkildə müzakirə ediləcəyi gözlənilir.  

"BlackRock"-un da "Bitkoin" ETF sərmayələri artır  

"MicroStrategy" ilə yanaşı, "BlackRock" da "Bitkoin" sərmayələrini artırmağa davam edir. Şirkət 22 yanvarda həyata keçirdiyi alışla 1 milyard dollar dəyərində "Bitkoin" satın alıb. Bununla "BlackRock"-un ("BLK") ümumi "Bitkoin" ehtiyatları 572.616 BTC-yə çatıb və bu, ümumi "Bitkoin" təklifinin 2,7%-ni təşkil edir.  

"BlackRock"-un "iShares Bitcoin ETF"-si ("IBIT") "Bitkoin"ə olan institusional marağın artdığını göstərir. 2024-cü ildə rekord artım nümayiş etdirən ETF, 2025-ci ildə də sürətlə böyüməyə davam edir. "BlackRock", "Bitkoin"in qəbullanmasının hələ ilkin mərhələdə olduğunu vurğulayaraq, qiymətlərin uzunmüddətli perspektivdə daha yüksək səviyyələrə çatacağını proqnozlaşdırır.  

Kriptovalyuta bazarında eniş davam edir  

Bitkoin həftəyə enişlə başlayaraq 100.000 dollar səviyyəsinin altına düşüb. Hal-hazırda 99.090 dollardan ticarət edilən "Bitkoin", son 24 saat ərzində 5,6% dəyər itirib. Bazarlarda 860 milyon dollarlıq likvidasiya baş verib, bunun 260 milyon dolları "Bitkoin" əməliyyatlarından qaynaqlanıb.  

Bazar mütəxəssisləri bu enişi Çin mərkəzli süni intellekt şirkəti "DeepSeek" tərəfindən atılan son addımın texnologiya sektorunda yaratdığı qeyri-müəyyənlik və yaxınlaşan FOMC toplantısından çıxan gözləntilərlə əlaqələndirirlər. Bəzi analitiklərə görə, "Bitkoin"in qısamüddətli dövrdə 91.000 dollar dəstək səviyyəsinin altına düşməsi boğa bazarının davamını təhlükəyə ata bilər. Lakin uzunmüddətli investorlar "Bitkoin"in potensialını qoruduğuna inanırlar.  

Aydın
 

Seçilən
12
50
valyuta.az

10Mənbələr