Elşad Həsənov: “Tərəflər arasında ikili oyun gedir və Ermənistanı çox sıxmaq istəmirlər”
Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Akopyan Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkini qəbul edib.
Səfir tərəflər arasında sıx əməkdaşlığın daha da möhkəmlənəcəyinə və həm ikitərəfli əməkdaşlıq çərçivəsində, həm də Avrasiya İqtisadi İttifaqı ilə əməkdaşlıq çərçivəsində hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Görüşdə gömrük və vergi sahəsində əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə olunub. Tərəflər, həmçinin, “Yuxarı Lars” keçid məntəqəsində problemlərin yaranması, onların mümkün həlli yolları və operativ reaksiya ilə bağlı məsələləri müzakirə ediblər.
Səfirlikdə bu qədər əminlik hardandır ki, Avrasiya İqtisadi İttifaqı ilə Ermənistanın əlaqələri daha da inkişaf edəcək? Ermənistan bir tərəfdən Avropa İttifaqına üzv olmaq üçün müraciət edir, o biri tərəfdən də Aİİ ilə sıx əlaqələrdən bəhs edilir. Sanki Rusiya ilə Ermənistan gizli oyun oynayır.
“Faktiki olaraq, İrəvan öz ağasını ABŞ-a dəyişir və bunu görməmək üçün gərək siyasi baxımdan kor olasan”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Rusiya hələ də nəyəsə ümid edir: “Ancaq mövcud reallıq fərqli proseslərin getdiyini ortaya qoyur. Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Qərbi seçib. Bayden hakimiyyəti gedərayaq Ermənistanla ABŞ arasında əməkdaşlığa dair xartiya imzalayıb. Faktiki olaraq, İrəvan öz ağasını ABŞ-a dəyişir və bunu görməmək üçün gərək siyasi baxımdan kor olasan. Çünki ABŞ yavaş-yavaş Ermənistanın sərhəd və gömrük təhlükəsizliyində iştirak etməyə başlayır. Artıq buna qərar verilib və ABŞ hərbçilərinin gəlməsinə sayılı günlər qalıb. Ermənistan bir sıra addımları ilə göstərir ki, onlar Rusiyadan qopmaq istəyirlər. Düzdür, Ermənistan sanksiyalardan yayınmaq üçün Rusiyaya kömək edir, amma bu biri tərəfdən də Qərblə yaxınlaşma yolunu tutur. Sanksiya məsələsində Paşinyan həm də özünü Rusiyadan qoruyur. Ancaq reallıq odur ki, artıq 3 ildir Ermənistan KTMT-də fəaliyyətini dondurub. Lakin Aİİ-də iştirak edirlər. Burda da erməni hiyləgərliyi var. Çünki Ermənistan Aİİ hesabına böyük iqtisadi dividendlər əldə edir. Rusiya Ermənistana ən ucuz qiymətə qaz ixrac edir. Rusiya bundan imtina etsə, Ermənistan bunu digər mənbələr hesabına əvəz edə bilməz. Qərb soruşmur ki, necə olur zəif iqtisadiyyata malik Ermənistan Rusiya ilə 14 milyard dollar ticarət dövriyyəsinə malikdir. Belə görünür ki, Qərb də bu ikili oyunun fərqindədir. Çünki istəmirlər ki, Rusiya revanşistlərin timsalında Paşinyan hakimiyyətini güc yolu ilə devirsin. Bax, tərəflər arasında belə ikili oyun gedir. Düzdür, ABŞ-ın Maliyyə Nazirliyi bəzi erməni şirkətlərinə qarşı sanksiya tətbiq etdi, amma bunun üzərinə çox getmədilər. Çünki Ermənistanı çox sıxmaq istəmirlər. Rusiya bəyan edir ki, Ermənistan həm Aİİ-də, həm də Avropa İttifaqında eyni vaxtda ola bilməz. Ancaq o zamana qədər Ermənistan Aİİ-dən maksimum faydalanmağa çalışır”.
Vidadi ORDAHALLI