AZ

Lavrovun Mirzoyanla görüşü çox gərgin keçdi- Rusiya ya ikibaşlı oynayır, ya da qorxur...

Image

Rəşad Bayramov: “Lavrov baş verənləri nə qədər malalasa da faktlar ortadadır”

Rusiya Ermənistanın müttəfiqidir və iki ölkə arasında qarşılıqlı razılaşmalar var. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı bildirib: “Ermənistanın KTMT-yə üzvlüyünə gəlincə, bilirsiniz ki, bizim Rusiya ilə çox ciddi, güclü ikitərəfli razılaşmalarımız var və biz həqiqətən müttəfiqik”. 

Mirzoyan   əlavə edib ki, Ermənistan İranla çox yaxşı qonşuluq və tərəfdaşlıq münasibətləri inkişaf etdirib. Rusiyanın İranla əməkdaşlığından İrəvanın da fayda görəcəyinə əmin olduğunu bildirən Mirzoyan Rusiya hərbçilərinin Ermənistan-İran sərhədindəki keçid məntəqəsindən çıxarılmasına da münasibət bildirib. Nazir qeyd edib ki, sərhədçilər orada müvəqqəti yerləşdirilmişdi: “İrəvan Rusiya tərəfinə belə uzun xidmətə görə təşəkkür edir. Gələcəkdə Ermənistan sərhədinin bu hissəsini erməni hərbçiləri özləri qoruyacaq”.

Rusiya XİN-i Mirzoyanla aparılan danışıqlarla bağlı elə məlumatlar yayıb ki, guya orada hər şey qaydasında gedib. Halbuki, Ermənistan KTMT-ni iqnor edir, orada fəaliyyətini dondurur. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü ola-ola, bu qurumu boykot edərək Avropa İttifaqına can atır. Yanvarın 9-da Aİ-yə üzvlüklə bağlı qanun qəbul edib. Yenə Ermənistan ABŞ-la strateji tərəfdaşlıqla bağlı qanun imzalayıb. Həmin sazişdə Ermənistan ABŞ-a imkan verir ki, Ermənistandan ikili təyinatlı malların ixracı üzərində nəzarət həyata keçirsin. Bu, birbaşa Rusiyanın mənafelərinə ziddir. Bundan başqa, Ermənistan icazə verir ki, bu ölkənin sərhəd mühafizəsi ilə ABŞ məşğul olsun. ABŞ gəlib orada Atom Elektrik Stansiyası tiksin. Bütün bunların fonunda Mirzoyanın Moskva danışıqlarını elə təqdim edirlər ki, sanki Rusiya ilə Ermənistan arasında ciddi yaxınlaşma var, hansısa gərginlik olmayıb. Əslində o danışıqlar çox gərgin keçib. Necə deyərlər, Mirzoyanın üzünə tüpürüblər. O da onların üzünə tüpürüb ki, “əcəb edirik, Ermənistan müstəqil dövlətdir”. 

Maraqlıdır, Rusiyanın dövlət məmurları Ermənistanın dövlət elitası ilə aparılan bu danışıqların həqiqi gərgin məzmunu ilə bağlı niyə informasiya vermirlər? Niyə həmişə bununla bağlı məsələləri malalayırlar? Rusiyanın burada marağı nədən ibarətdir? Ancaq aşkar həqiqətdir ki, Rusiya burada ikiüzlü oyun oynayır. Ya həqiqətən həmin danışıqlar gərgin keçib, amma Moskva məlumatları gizlədir. Ya da Rusiya Ermənistanla ikibaşlı oyun oynayır. Pərdə arxasında Ermənistanı qızışdırırlar ki, Qərblə oyun oynasın və oradan ölkəyə investisiya cəlb etsinlər. Bir sözlə, bəlkə ikibaşlı oyun gedir?

“Aİ missiyasının Ermənistan sərhədində yerləşdirilməsi, Aİ-yə üzvlüklə bağlı proseslərə start verilməsi, KTMT-nin...” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra bəyanatları ictimai rəyin gözünə kül üfürmək məqsədi daşıyırdı: “Bununla saxta görüntü yaratmağa çalışırlar ki, guya hər şey yaxşıdır. Məsələ ondadır ki, bu cür saxta görüntü hər iki tərəfin maraqlarına cavab verir. Belə ki, Ermənistan üçün Rusiya ilə münasibətlərin yaxşı olmasının illüziyasını yaratmaq. Bununla daxildə Rusiyameyilli müxalif qüvvələrin mövqelərini zəiflətmək istəyirlər. Rusiya üçün isə bu, bir tərəfdən Qərbə verilmiş mesaj kimi dəyərləndirilməlidir. Yəni Ermənistan və Rusiyanın müttəfiq olduqlarını “sübut” etmək istəyir. Moskva göstərməyə çalışır ki, arada kəskin fikir ayrılıqları olsa da, bu dövlətlər müttəfiqdilər. Daha doğrusu, müttəfiq görüntüsü yaratmağa çalışırlar. Başqa bir tərəfdən bu, həm də Azərbaycana verilmiş mesaj kimi qəbul olunmalıdır. Məsələ ondadır ki, son vaxtlar Rusiya KİV-lərində birbaşa Kremlin sifarişi ilə anti-Azərbaycan kampaniyası aparılır. O üzdən, Lavrov-Mirzoyan cütlüyünün bəyanatı həm də bizə verilən mesaj kimi dəyərləndirilməlidir. Ancaq reallıqda Rusiya-Ermənistan münasibətlərinin nə vəziyyətdə olması faktlarla ortadadır. Ötən ilin aprelində Brüsseldə keçirilən üçtərəflu görüşdən (ABŞ-Avropa İttifaqı-Ermənistan) sonra İrəvan faktiki olaraq Moskvadan uzaqlaşma mövqeyini ortaya qoyub. Aİ missiyasının Ermənistan sərhədində yerləşdirilməsi, Aİ-yə üzvlüklə bağlı proseslərə start verilməsi, KTMT-nin iqnor edilməsi, ABŞ-la xartiya imzalanması, sərhəd mühafizəsi ilə bağlı birgə tədbirlər və s. Bütün bunlar faktiki olaraq Ermənistanın Rusiyadan uzaqlaşmasının göstəricisidir. Lavrov baş verənləri nə qədər malalasa da faktlar ortadadır. Yəni bu iki ölkə arasında müttəfiqlikdən hazırda əsər-əlamət qalmayıb. İndiyə qədər Rusiya buna seyrçi yanaşırdı. Çünki faktiki olaraq Ermənistandan faydalanırdı. Söhbət sanksiyalardan yayınmaqdan gedir. Ancaq indi ABŞ-la Ermənistan arasında imzalanan xartiyadan sonra ikili təyinatlı məhsulların ixracına nəzarət artır. Bu o deməkdir ki, Ermənistan artıq əvvəlki kimi sanksiyalardan yayına bilməyəcək. Bu baxımdan malalamağın bir mənası yoxdur. Hətta bundan sonra Rusiyanın Ermənistana təzyiqləri artacaq. O üzdən, Ermənistanın timsalında Rusiya üçün qatar artıq gedib”.

Vidadi ORDAHALLI





Seçilən
7
50
baki-xeber.com

10Mənbələr