AZ

Ermənistan öz intiharına razı olacaq

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda keçirilən görüşdə iki dövlət arasında strateji tərəfdaşlığa dair sənəd imzalayıblar.

İmzalanma mərasimi Dövlət Departamentinin “YouTube” kanalında yayımlanıb. Qeyd edək ki, İrəvan və Vaşinqton arasında ikitərəfli strateji dialoqu strateji tərəfdaşlıq səviyyəsinə çatdırmaq niyyəti hələ 2024-cü ilin iyununda elan edilmişdi.

Strateji tərəfdaşlıq anlayışı nədir?

Bu, İki ölkə arasında uzunmüddətli və davamlı əməkdaşlıq qurmaq məqsədi daşıyan bir modeldir. Oxşar saziş 2021-ci ildə ABŞ və Ukrayna arasında imzalanmışdı və bu, ABŞ-nin Ukraynaya genişmiqyaslı hərbi yardımını təmin etmişdi.

Son illər Ermənistan rəhbərliyi xarici siyasətini diversifikasiya etməyə çalışır, yəni yalnız Rusiyadan asılı qalmamaq üçün yeni tərəfdaşlar axtarır.

Bəs Ermənistanı bu addıma sürükləyən amillər nələrdir?

Donald Trampın qələbəsi Ermənistanın və erməni diasporunun maraqları üçün təhlükə yaradıb. Avropa və ABŞ-də qüvvələr balansı dəyişir. Trampın qələbəsi Vaşinqtonda izolyasiya meyllərinin güclənəcəyinə işarə edir. Bundan əlavə, hər kəs bilir ki,  Paşinyan Corc Sorosun dəstək verdiyi fiqurdur, Soros isə Trampın birbaşa, şəxsi düşmənidir. 

Xatırlatmaq yerinə düşər ki, Blinkenin səlahiyyət müddəti Trampın 20 yanvarda andiçmə mərasimi ilə başa çatır. Buradan belə anlamaq olar ki,  ABŞ Prezidenti Co Baydenin səlahiyyətlərini başa çatdıran administrasiyası bu addımla Trampın siyasi komandasına son dəfə zərbə vurmağa çalışır.

Rusiyanın yüksək rütbəli rəsmiləri bu sazişə görə ehtiyatlı və balanslı açıqlamalar veriblər. Prezident Vladimir Putinin sözçüsü Dmitri Peskov qeyd edib ki, bu, Ermənistanın suveren hüququdur. Bununla belə, Rusiya rəsmiləri bu addımın Ermənistan-Rusiya münasibətlərinə təsirini diqqətlə izləyəcəklərini bildiriblər.

Ciddi risklər var

Ermənistanın bu addımı uzunmüddətli perspektivdə ciddi risklər daşıyır. Bu risklərə Rusiya ilə münasibətlərin pisləşməsi, regionda gərginliyin artması , daxili siyasi problemlər daxildir. Ermənistanın xarici ticarət dövriyyəsinin 40%-ə qədəri Rusiyanın payına düşür. İqtisadi münasibətlərdə kəskin dəyişikliklərin baş verməsi mümkündür.  Bundan əlavə, ABŞ-nin Ermənistanda hərbi iştirakının güclənməsi İran və Türkiyənin narahatlığına səbəb ola bilər və eyni zamanda,  Ermənistan daxilində ABŞ-yə yaxınlaşmaya qarşı çıxan siyasi qrupların təzyiqləri artacaq.

Rusiyalı politoloq Vitali Arkov “Cümhuriyət”-ə bildirib ki, Vaşinqton bu razılaşmanı indiki ABŞ Prezidenti Cozef Baydenin səlahiyyət müddəti bitməmiş imzalamağa tələsib. Aydındır ki, bu addım  2021-ci ildə Ukrayna ilə olduğu kimi ilk növbədə Rusiyaya qarşı yönəlib. 

"Yeni seçilmiş Prezident Donald Tramp isə Moskva ilə konstruktiv dialoqu bərpa etməyə çalışır və belə bir provokasiya törətməyə tələsməzdi. Əksinə, Ağ Ev və Kreml arasında dialoq qurularsa, belə bir addımdan tamamilə imtina edə bilərdi.

Beləliklə, vəzifədən gedən demokratlar komandası respublikaçılara maksimum problem yaratmağa çalışır. Xatırladaq ki, daha öncə Bayden ABŞ-nin uzaqmənzilli sistemlərinin Kiyev tərəfindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadəsinə icazə vermişdi. Bu isə Trampın Rusiya ilə Ukrayna böhranının həlli ilə bağlı elan etdiyi danışıqların başlanğıc şərtlərini tamamilə dəyişdi”.

Paşinyan nə istəyir?

Ekspert hesab edir ki,  Ermənistan xalqı üçün bu razılaşma heç bir müsbət nəticə gətirməyəcək:

“Baş nazir Paşinyanın rəhbərlik etdiyi komanda, yəqin ki, bu yolla ABŞ, Kanada və ya Fransada rahat təqaüd həyatı təmin etmək istəyir. Lakin Ermənistan xalqı, Vaşinqton və ya Parisin əmrləri ilə hərəkət edərək, tamamilə "təxribatçı" bir siyasət yeridə və Qarabağı "geri qaytarmağa" cəhd edə bilər.

Bu razılaşmaya əsasən, ABŞ əvvəlcə Ermənistana hücum xarakterli silahlar tədarük edəcək, eynilə Ukrayna ilə etdikləri kimi. Qeyd etmək lazımdır ki, Fransa artıq Ermənistana silah verir və onun Azərbaycanla sülh müqaviləsi imzalamasına hər vəchlə mane olur.

Eyni zamanda, bu razılaşmanın imzalanması İranda da narahatlıq doğurmalıdır. Daha əvvəl qeyd etdiyim kimi, Ermənistan ABŞ və onun müttəfiqlərinin İslam Respublikasına qarşı hərbi təcavüzü üçün plasdarma çevrilə bilər. Azərbaycan isə İranla bağlı hər hansı avantürada iştirakdan imtina edəcək, Türkiyə də belə bir addımın ağır nəticələrini başa düşür.

Amma Vaşinqton və Parisin bütün əmrlərini qeydsiz-şərtsiz yerinə yetirən Ermənistan faktiki olaraq öz intiharına razı olacaq. Bu dəfə isə Rusiya artıq köməyə gəlməyəcək. Çünki Rusiya yalnız dostlarını xilas edir, xəyanət edənləri yox".

Seçilən
9
50
cebheinfo.az

10Mənbələr