AZ

Tural İsmayılov: “Rusiya ABŞ-ilə Ermənistan arasındakı müqavilədən narahatdır”  

Bir həftə ərzində Ermənistan xarici işər naziri Ararat Mirzoyanın Vaşinqton və Moskva səfərləri ekspertlərin diqqətindən yayınmır və ciddi müzakirə olunur. Vaşinqtonda ABŞ ilə Ermənistan arasında  strateji tərəfdaşlıq xartiyasının imzalanmasından dərhal sonra, Mirzoyan Moskvaya çağırılır və orada bəzi müzakirələr aparılır. Əslində, Qərbin oyuncağına çevrilən Ermənistanın tutduğu mövqe aydın deyil.

Ermənistan nə istəyir və Paşinyanın yürütdüyü siyasi kurs nəyə hesablanıb?

KONKRET.az-a açıqlama verən Sosial Araşdırmalar Mərkəzinin sektor müdiri Tural İsmayılov bildirib ki, İrəvan uzun müddətdir Rusiyanın Ermənistan ərazilərindəki hərbi mövcudluğunu sona çatdırmaq üçün əlindəki bütün vasitələrdən istifadə etməyə çalışır:

“Bu konteksdə də ən vacib hadisələrdən biri həm də artıq İran sərhədlərindən Rusiya sərhədçilərinin çıxarılması oldu. Təbii ki, bunu Rusiyanın Ermənistandan çıxarılması kimi qələmə verib Ermənistanın şişirtmək bir qədər  yanlışlıq  olardı. Faktiki olaraq Ermənistanda nə qədər sorosçular at oynatsa da, Ermənistan hələ də Rusiyanın boyunduruğu altındadır. Rusiyanın boyunduruğundan xilas olmaq üçün müəyyən addımlar atırlar.  Hazırkı dönəmdə Rusiyanın Ermənistandan çıxarılması haqqında söhbət getmir. Çünki faktiki olaraq Ermənistan hələ də rəsmi şəkildə KTMT-nin üzvüdür və həmçinin Gümrüdə Rusiyanın 102-ci hərbi bazası mövcuddur.

Digər tərəfdən isə əlbəttə ki, Vaşinqton görüşündə ABŞ-Emənistan strateji əməkdaşlıq xartiyasının imzalanması Rusiyanın ciddi narahatlığına səbəb olub. Rusiya dəfələrlə hətta Aİ-nin Mülkü Müşahidə Missiyası adı altında Ermənistan sərhədlərində Qərbin casus şəbəkələrinin fəaliyyət göstərməsini Rusiyanın strateji prinsipləri üçün çox ciddi problem adlandırıb. Sonuncu olaraq Lavrovun və Zaxarovanın açıqlamaları onu göstərir ki, Rusiya Mirzoyanın Vaşinqton səfəri və ABŞ-ilə Ermənistan arasındakı müqavilədən narahatdır. Elə Mirzoyan da Rusiyaya boşuna getməmişdi. Çox güman ki, bu, Rusiyanın Ermənistandan hesab sorması idi. Bu baxımdan ABŞ-ilə Ermənistan arasında imzalanan saziş Rusiyanı ciddi şəkildə narahat edir. Ermənistan da qorxur ki, bu Rusiyanın hansısa demarşlarına və Ermənistan əleyhinə radikal iqtisadi qərarlara səbəb ola bilər.

Bu gün Rusiya ilə Ermənistan arasında münasibətlər zədələnsə də unutmamalıyıq ki, hələ də Ermənistan iqtisadiyyatı Rusiyadan asılı vəziyyətdədir. Ötən ilin sonunda açıqlanan statistik rəqəmlərdən də görünür ki, əslində 2024-cü ildə Rusiya ilə Ermənistan arasındakı  iqtisadi əlaqələr nəinki geri gedib, əksinə inkişaf etməkdə davam edir. Ona görə də Ermənistan başa düşür ki, Rusiya ilə tam bağlarını qopara bilməz. Çünki Ermənistanın bunun üçün siyasi müstəqilliyi mövcud deyil”.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
3
50
konkret.az

10Mənbələr