Bakının "Kubinka" adlanan ərazisindəki yaşı əsrə bərabər bir və ikimərtəbəli yaşayış binaları qəzalı vəziyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, həmin binalar hər an uçma təhlükəsi ilə üz-üzədirlər.
“Xəzər Xəbər”in vatsap ünvanına müraciət edən "Kubinka" sakini İndira Əsgərova deyir ki, yaşadıqları binanın bünövrəsi bir əsr əvvəl qoyulub. Ömrünün 50 ilini bu ünvanda yaşayan İndira Əsgərovanın mənzili də ərazidəki digər mənzillər kimi qəzalı vəziyyətdədir.
Sakinlər idddia edirlər ki, binanın qəzalı vəziyyəti ilə bağlı hələ illər öncə aidiyyəti qurumlar rəy verib.
Nəsimi Rayon İcra Hakimiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, rayonun Bakıxanov küçəsindən aşağıda yerləşən bütün ünvanlar ötən əsrin 50-ci illərində tikilib. Bu ünvanlardakı binalara dövlət qurumlarının iştirakı ilə baxış keçirilib. Bundan sonra İcra Hakimiyyəti əlaqədar qurumlara köçürülmə ilə bağlı müraciət edib. Hazırda rəylər toplanılır, Bakının Baş Planına uyğun olaraq köçürülmə istiqamətində işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.