AZ

Polşada Osvensim əsir düşərgəsinin azad edilməsinin 80 illiyi ilə bağlı anım mərasimi keçirilib

Berlin, 27 yanvar, AZƏRTAC

Yanvarın 27-də Osvensim (Auşvits-Birkenau) əsir düşərgəsinin azad edilməsinin 80 illiyi ilə bağlı Polşada – düşərgənin olduğu yerdə anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts, Polşa Prezidenti Andjey Duda, Britaniya Kralı III Çarlz, Kanadanın Baş naziri Castin Trudo və digər ölkələrin dövlət və hökumət başçıları, yüksək səviyyəli nümayəndələr, o cümlədən vaxtılə bu əsir düşərgəsində saxlanılmış məhkumlar iştirak ediblər.

Mərasim iştirakçıları əsir düşərgəsində qətlə yetirilən məhkumların xatirəsini dərin ehtiramla yad edib, xatirə guşəsinin önünə əklillər və gül dəstələri düzüb, şamlar yandırıblar.

Almaniya Prezidenti çıxışında nasist Almaniyası dövründə Osvensim və digər əsir düşərgələrində yaşananlar barədə bildirib: “Bu, bizim tariximizin bir hissəsidir və beləliklə üzləşməli olduğumuz kimliyimiz də bir hissəsidir”.

Kansler Olaf Şolts isə bu faciənin unudulmasına heç vaxt imkan verilməyəcəyini qeyd edib.

Xatırladaq ki, nasist Almaniyası tərəfindən 1940-cı ildə indiki Polşanın cənubunda kiçik Osvensim (Auşvits) şəhəri yaxınlığında qurulmuş düşərgənin ilkin təyinatı almanlara qarşı qalxan polyakların islahı olub. İki il sonra Auşvits II-Birkenau düşərgəsi yaradılıb və 1945-ci il yanvarın 27-də sovet ordusu tərəfindən azad edilənədək düşərgələr şəbəkəsi əsl soyqırımı məkanına çevrilib. Tarixi məlumatlara görə, bu düşərgələrdə əksəriyyəti yəhudilər olmaqla polyaklar, qaraçılar, sovet hərbi əsirləri və digər millətlərdən olan 1,1 milyon insan qətlə yetirilib.

2005-ci ildə BMT yanvarın 27-ni Holokost Qurbanlarını Beynəlxalq Anma Günü elan edib. Şoa və ya Holokost kimi də tanınan bu amansız proses İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Avropa yəhudilərinə qarşı törətdiyi soyqırımıdır. Qurbanların sayının təxminən 6 milyon nəfər olduğu təxmin edilir ki, onların da üçdə biri uşaqlardır.

Polşanın Krakov şəhərindən təxminən 50 kilometr qərbdə yerləşən düşərgələr kompleksi bu gün açıq səma altında muzey kimi fəaliyyət göstərir.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
16
azertag.az

10Mənbələr