Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.
Musavat.com xəbər verir ki, səfiri nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.
Görüş zamanı həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb.
Musavat.com-un şərhi
Təyyarəmizi raketlə vurub, sıradan çıxardan və öz səhvini etiraf etməyən Rusiya tərəfi Azərbaycan mətbuatında yayımlanan tənqidi yazılardan narahat olubmuş. Azərbaycanın narahatlıqları isə daha ciddi məsələlərdən qaynaqlanır. Xüsusilə, Rusiyanın Qroznı səmasında AZAL-ın mülki təyyarəsini vurması nəticəsində 38 dinc vətəndaşın həlak olması faktı və Rusiyanın bu məsələdə inadla susması Azərbaycanın əsas narahatlıq mövzusudur.
Azərbaycan, həmçinin Rusiya rəhbərlərinin bu hadisəyə obyektiv münasibət göstərməməsindən və rus mediasının Azərbaycana qarşı qərəzli kampaniyalar aparmasından narazıdır. Musavat.com qeyd edir ki, Rusiya Azərbaycanla münasibətlərə azacıq da olsa önəm verirsə, azərbaycanlıların gözündən "palçığa" düşməməsini istəyirsə, öz səhvlərini qəbul etməli, qəzaya səbəb olan təyyarə insidenti ilə bağlı üzr istəməli və zərərçəkmiş ailələrə kompensasiya ödəməlidir.
Musavat.com -a görə, Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan səfirini çağırması, ona faktiki olaraq nota verməsi bu ölkənin münasibətlərdə qeyri-konstruktiv mövqeyinin və inadkar həyasızlığın bir göstəricisidir. Azərbaycan mətbuatının bu məsələyə sərt reaksiya verməsi haqlıdır, bundan sonra daha da sərt münasibət sərgiləyəcəyik. Kreml faktiki olaraq 38 dinc insanın qanını batırır. Biz buna dözməyəcəyik. Narahat olanlar daha da narahat olsunlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta