AZ

Rəsmi Parisin aqressiyası səngimir

Çoxsaylı xalqların nümayəndələrini etnik təmizləməyə məruz qoyan, insanlara öz dilində danışmağı belə qadağan edən, müstəqilliyə can atan xalqları silah gücünə susduran Fransada neokolonializmin ən bariz nümunəsi təzahür edir. Təkcə Əlcəzairdə bir milyondan çox insanın etnik təmizlənməyə məruz qalması, qətlə yetirilməsi, bu ölkədə nüvə silahlarının sınaqlarının keçirilməsi üçün ərazilərin çirkləndirilməsi və beş milyondan artıq minanın basdırılması məhz rəsmi Parisin bəşəri cinayətləridir. Hələ də Fransanın keçmiş müstəmləkələrinə, dənizaşırı ərazilərinə qarşı aqressiyası səngimir. Rəsmi Paris hər vəchlə xalqların azadlıq və müstəqillik istəyinə qarşı çıxır, zorakılıqlara yol verir.

XX əsrdə dünya birliyi müstəmləkəçilik ideyalarından imtina etsə də, Fransa hələ də belə ərazilərə nəzarəti saxlayır, onları dənizaşırı ərazilər adlandırır, əslində isə onun müstəmləkələridir.

Makron hakimiyyətinin azğınlığı o həddə çatıb ki, Bakıda yanvarın 21-də keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" adlı beynəlxalq konfransdan geri dönən heyəti Parisdə saxlayıb, heç bir səbəb göstərmədən saatlarla sorğu-sual ediblər. Mediada yer alan xəbərlərə görə, Şarl de Qoll aeroportunda təhlükəsizlik xidməti tərəfindən saxlanılan heyət üzvlərindən Azərbaycana səfər etmələrinin səbəbi, Bakı Təşəbbüs Qrupu (BTQ) ilə əməkdaşlığın detalları soruşulub.

Makron hakimiyyətini təmsil edənlərin məqsədlərinə çatdığı bəlli olmasa da, hər halda bu addım Fransanın simasızlığını təcəssüm etdirir.

Rəsmi Parisin müxtəlif regionlarda, o cümlədən Cənubi Qafqazdakı ambisiyaları çoxlarına məlumdur. Azərbaycana qarşı qərəzli addımlar bu dövlətin xarici siyasətinin tərkib hissəsinə çevrilib  və məqsədli xarakter daşıyır. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu  göstərir. Fransa Prezidenti Emmanuel Makron 2024-cü ildə olduğu kimi, bu ili də Azərbaycana qarşı mübarizəni prioritet elan edib. Məsələn, o, ilin əvvəlində səfirlərlə görüşündə Azərbaycana qarşı əsassız iddia və real faktları təhrif edən təxribat dolu açıqlamaları ilə gündəmə gəlməyə çalışıb.

Makron iddia edib ki, Azərbaycan Fransanın daxili işlərinə qarışır. “Ermənistana münasibətdə Rusiya müttəfiqlik əlaqələrinə dəyişiklik edərək Azərbaycanın fəaliyyətini dəstəkləyib” - deyən Makron əlavə edib: “Fransanın özü son aylarda bir çox dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada Azərbaycan tərəfindən qəbuledilməz müdaxilələrlə hücumlara məruz qalıb”.

Azərbaycan tərəfinin bu cəfəng iddialara cavabı belə olub ki, Fransa ölkəmizə münasibətdə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur, Ermənistanın zaman-zaman Azərbaycana qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətini, kütləvi qırğınları və insanlıq əleyhinə cinayətləri heç zaman tənqid etməyib.

 Fransanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlar üçün haqq səslərini dünyaya çatdırmaq olduqca vacibdir. Fransa öz müstəmləkə siyasətini dünyaya elə təqdim edir ki, sanki bu normal haldır.   Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törətmişdir. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini soyqırımına məruz qoymuşdur.

Keçən ilin oktyabrında Parisdə Fransanın müstəmləkə siyasətinə qarşı çıxan siyasi fəal, jurnalist, keçmiş Fransa vətəndaşı Kemi Sebanın həbs edilməsini xatırlatmaq lazımdır. Maraqlısı odur ki, həbsindən bir neçə gün əvvəl Kemi Seba Bakıda Fransanın Afrikadakı neokolonial siyasətinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib. Bu tədbir Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilib.

Makronun bəyanatı, ilk növbədə, Azərbaycanın həyata keçirdiyi antikolonial siyasətin uğurunun etirafıdır. Makrondan sonra

Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniyanın yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir.  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə  Fransanın XİN başçısına cavab verərək bildirib ki, məhz Fransa həmişə regional məsələlərə qarışmış və Azərbaycanın sülh və sabitliyi bərpa etmək istiqamətində apardığı prosesi pozmağa çalışmışdır.

Mətbuat katibinin sözlərinə görə, Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkə siyasətini və dənizaşırı ərazilərdəki problemlərini ictimaiyyətə çatdırmağı hədəfləyir. Bu cür qrupların işini gözdən salmaq cəhdləri dekolonizasiya prosesini zəiflədir: “Keçən il güc tətbiqi nəticəsində azı 14 nəfərin öldüyü və bir çox insanın yaralandığı Yeni Kaledoniyanın yerli əhalisinə qarşı repressiya siyasətinə son qoymaq əvəzinə, Azərbaycana qarşı şantaj Fransanın xarici siyasət strategiyasının nə qədər əhəmiyyətsiz olduğunu nümayiş etdirir.

Bundan əlavə, Fransanın müxtəlif beynəlxalq təşkilatlardakı rol və resurslarından neomüstəmləkə siyasətinə qarşı təbliğat aparmağı hədəfləyən beynəlxalq QHT müdafiəçilərinə təzyiq göstərmək üçün sui-istifadə etməsi mənasızdır və heç bir nəticə verməyəcək.

Fransa xarici işlər nazirinin anti-Azərbaycan iddialarını qətiyyətlə rədd edir və pisləyirik.”

Göründüyü kimi, Fransa tərəfini,  özündən çıxaran dənizaşırı əraziləri təmsil edən heyətin Bakıda onun əleyhinə fikirlər səsləndirməsidir.

Azərbaycan hesab edir ki, hər bir xalq öz taleyini özü müəyyən etməlidir və bu səbəbdən də ölkəmiz müstəmləkə zülmündən əziyyət çəkən xalqlara dəstək göstərir. Fransa xalqların bu hüquqlarını pozur. Azərbaycan isə bu hala qarşı mübarizəni prioritet elan edib.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
7
35
ikisahil.az

10Mənbələr