AZ

“Qara qutu”ların materialları yaxın zamanda açıqlanacaq

Materialların surəti həm Azərbaycana, həm də Rusiyaya təhvil verilib

“Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı yeni detallar meydana çıxmaqdadır. Belə ki, AZAL-ın J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, yaxın zamanda açıqlanacağı gözlənilir. Qeyd edək ki, ötən həftənin sonunda bununla bağlı açıqlamasında Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirmişdi ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber.az” saytı isə mənbələrə istinadən yazıb ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi ilə vurulduğunu təsdiq edir.

Moskva həqiqətləri qəbul etməlidir...

Qeyd edək ki, hadisə baş verən andan etibarən məsələ dövlət başçısı tərəfindən şəxsən nəzarətə götürülüb, qəzanın səbəblərinin araşdırılması üçün Dövlət Komissiyası yaradılıb. Komissiya üzvləri qəza yerinə baxış keçiriblər, ekspertlər bununla bağlı fikirlərini bölüşüblər. Vurğulandığı kimi, Azərbaycan məsələ ilə bağlı həqiqətlərin açılması üçün var gücünü səfərbər edib. Dövlət başçısı ötən il dekabrın 29-da Azərbaycan televiziyasına müsahibəsində bildirmişdi ki, qəzanın təfərrüatları tam araşdırılacaq: “Bundan mənim şübhəm yoxdur”.

Təbii ki, baş verən hadisənin təfərrüatları “qara qutu”nun araşdırılması ilə tam şəkildə ortaya çıxacaq. Vurğulandığı kimi, artıq yekunlaşıb və “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib. Bu isə onu göstərir ik, rusiyanın bəzi orqanları məsələnin istiqamətini fərqli cəhətlərə yönləndirmək istəsələr də, bu mümkün olmayacaq - materiallar həm də Azərbaycana verildiyi üçün həqiqətlə barışmalıdırlar. Çünki həqiqəti gizlətmək cəhdi Moskva üçün indiki məqamda yaxşı heç nə vəd etməyə bilər. Hüquqi qiymətləndirmə nəticəsində baş verənlərdə günahı olanların məsuliyyətlərləri aydındır - Rusiya bununla bağlı lazımi addımları atmalıdır.

Artıq manipulyasiyaya yer yoxdur...

Azərbaycan hər zaman beynəlxalq hüquqa və ədalətə istinad edib - ümumiyytələ, dövlətlərarası münasibətlərdə xüsusilə qonşularla münasibətdə rəsmi Bakının tutduğu mövqe səmimi və davamlıdır. Rusiyanın bəzi dairələri məsələnin bu yolla ötüşdürülməsini, hətta bəzi məqamlarda unutdurulmasına çalışsalar da, bu mümkün deyil. Təsadüfi deyil ki, Rusiyada bəzi dairələr və şəxslər məsələ ilə bağlı səhv yol seçiblər - hətta Azərbaycana qarşı antikampaniya aparmaq üçün mediadan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycanın istəyi tam qanuni və şəffafdır - bu işdə məsuliyyətin, ədalətli istintaqın, günahkarların cəzalandırılmasının və zərərçəkənlərə kompensasiya ödənilməsinin vacibliyi ön plana çəkilir. Rusiyanın bəzi instansiyaları isə gah Azərbaycanı neonasistlərin dili ilə hədələyir, gah da “Komsomolskaya pravda”da bir sifarişli mirzənin vasitəsilə uydurmalar qoşur. Artıq hər hansı manipulyasiyaya yer yoxdur - “qara qutu”nun oxunması bütün suallara cavab verəcək. Rusiyadan gözlənilən mövqe ondan ibarət idi ki, dost və qonşu dövlət kimi davranmalı, suallara cavab verməli, məsələni obyektiv araşdırılmasına kömək etməli və üzərinə düşən vəzifələri yerinə yetirməli idi. Amma onlar bu addımların əvəzinə oyun oynamağa üstünlük verdi.

Gözləntilərimiz...

Azərbaycan hər zaman hüquqi prosedurlara, eyni zamanda, etik qaydalara riayət edib - hətta 2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən Rusiya helikopterinin vurulmasında, eləcə də 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatları zamanı “sülhməramlılara” məxsus avtomobilin atəşə məruz qalmasında günah rusiyalı hərbçilərdə olduğu halda, Azərbaycan üzr istədi, təzminat ödədi və lazımi hüquqi ölçü götürüldü. İndiki məqamda rusiyanın da öhdəsinə düşən məhz bu prosedura layiqli şəkildə əməl etməsidir. Azərbaycan Prezidenti müsahibəsində bildirmişdi ki, biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik: “Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir?

Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir. Burada hər hansı bir fövqəladə tələb, yaxud da ki, məsələ yoxdur və bu, beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Bax, budur. Yenə də deyirəm, Azərbaycan ictimaiyyəti məsələnin bütün tərəfləri barədə məlumatlandırılacaq və məlumatlandırılır. Dediyim şərtlər də, bunlar təbii olaraq ictimaiyyətə sizin vasitənizlə çatdırılır və yenə də deyirəm, mən ümid edirəm ki, bizim şərtlərimiz qəbul ediləcək”.

Bəli, Azərbaycan hər zaman bütün dövlətlərlə qarşılıqlı əlaqələrin intensivliyində maraqlıdır, münasibətlərin dost və tərəfdaş müstəvisində inkişaf etməsinin tərəfdarıdır. Bizim üçün əsas olan amil hüquqi məsuliyyətin dərk edilməsi və bu ölçüdə davranılımasıdır. Vurğulandığı kimi, rusiyadan gözləntilər də bundan ibarətdir. Yaxın günlərdə “qara qutu”dan çıxan informasiyaların açıqlanması ilə bütün qaranlıq suallara cavab gələcək. Həmin vaxt Rusiya üzərinə düşəni yerinə yetirməlidir...

P.İSMAYILOV 

Seçilən
20
50
yeniazerbaycan.com

10Mənbələr