Binəqədi rayon sakini Qocayev Rizvan Teymur oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyeva müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Bakı şəhəri, Binəqədi rayonu, M.Ə Rəsulzadə qəsəbəsində yaşayıram. Qonşum Əliyev Ləyaqət Nurəddin oğlunin mənim evimin qarşısında (ara məsafəmiz 5 metrdir) 1 mərtəbəli evi vardı. O, evi sökdü, 2 mərtəbəli ev tikməyə başladı. Mən ona bildirdim ki, 6 sot torpağın var, mümkündürsə biraz qabaq hissədə ev tik. O, isə mənə dedi ki, “ürəyim hardan istəyir, ordan da tikərəm”.
Evi tikməyə başladı. İcra Hakimiyyətinə mürcaiət etdim. İcra Hakimiyyətindən gələn nümayəndələr söylədilər ki, Memarlıq və Şəhərsalma İdarəsinin verdiyi qanuna əsasən, ara məsafəsinə riayət edilməlidir. Ona bildirdilər ki, tikintini saxla, qonşunla razılığa gəl.
Bir ildən çox olardı ki, tikinti dayandırılmışdı. 2 ay əvvəl Ləyaqət Əliyevin bibisi oğlu - Qaradağ postunun komandiri Etibar adlı şəxs mənə zəng vurub görüşmək istədiyini bildirdi. O, mənə pul təklif etdi. Mən pulu götürmədim. Dedim ki, onun qabaqda ev tikmək imkanı var, niyə mənim evimə düşən günəş işığının qarşısını kəsir?! İstədiym odur ki, Memarlıq və Şəhərsalma İdarəsinin qanununa riayət etsin. Etibar bəy dedi ki, əgər mənimlə razı deyilsənsə, hara istəyirsən şikayət et, mən evi tikəcəm.
Elə də oldu. O gündən başlayaraq, ev tikilməyə başlanıldı. Artıq evin damını da vurublar.
Yenidən İcra Hakimiyyətinə getdim. Orada bildirdim ki, keçən il tikintini dayandırmışdınız, bu il necə oldu yenidən tikinti başlanıldı? Keçən il qanunsuz idi, bu il qanuni oldu?
Bu barədə Bakı Şəhər Memarlıq və Şəhərsalma İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Prezident Adminstrasiyasına və bir çox qurumlara ərizə yazmışam. Hamısı da bildirib ki, Binəqədi rayon İcra Hakimiyyətinə məlumat vermişik.
Məhkəməyə müraciət etmişəm. 10.01.2025-ci ildə hakim Pərviz Məmmədovun sədrliyi ilə məhkəmə prosesi keçirildi. Əks tərəf məhkəməyə gəlmədi. Bu səbəbdən proses təxirə düşdü. Növbəti məhkəmə 07.02.2025-ci il tarixində olacaq".
Aynurə MUSTAFAYEVA
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.