Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.
Bu barədə RİA “Novosti” mənbəyə istinadən məlumat yayıb.
Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl onun barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb.
Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl (20 min dollar) ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb.
“Qızıl hakim” qızına 2 milyon dollara başa gələn toy mərasimindən sonra gündəmə gəlib.
Eyni zamanda, Xaxalevanın gəlir hesabatında 2016-cı ildə cəmi 2 milyon rubl (33 min dollar) qazandığı bildirilir.
Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.