AZ

"Uşaqlar sosiallaşmaqla bağlı problemlər yaşaya bilir” - RƏYLƏR

Hər bir uşaq üçün məktəb həyatına başlamaq həm sevindirici, həm də stressli addımdır. Çünki ilk başlarda yeni qarşılaşdığı məktəb ortamı, dərslər, ev tapşırıqları və s. uşağı qorxuda bilər. Buna görə də ölkəmizdə şagird birinci sinifə başlamadan öncə məktəbəqədər hazırlığa cəlb olunur. Bir çox valideyn uşağını məktəbəqədər hazırlığa cəlb etsə də, bu prosesin effektiv və lazımlı olmadığını düşünənlər də var. Bəs həqiqətən də məktəbəqədər hazırlıq uşağın məktəbə adaptasiya olmağı üçün önəmlidir? SİA mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı və Sosioloq Üzeyir Şəfiyevin fikirlərini öyrənib.

Ekspert məktəbəqədər hazırlığın məktəbə adaptasiya olmağa kömək etdiyini təsdiqləyir: "Hazırda Azərbaycan təhsil sistemində yalnız ibtidai və orta təhsil pilləsi məcburi sayılır, yəni qanunla valideynlər övladlarını məktəbəqədər təhsilə cəlb etməyə də bilərlər. Əslində, təhsil uşağın həyatının ilk günündən başlayır desək, yanılmarıq. Bu baxımdan məktəbəqədər təhsil nə qədər çox uşağı əhatə etsə, bir o qədər yaxşı olar. Bu hazırlıq prosesi uşaqlarda müəyyən qədər ilkin biliklər və bacarıqlar formalaşdırır. Ən əsası isə uşaqlar "şagird" anlayışına, məktəb fəaliyyətinə yiyələnirlər. Həmçinin, birbaşa məktəbə gələn uşaqlarda rast gəlinən psixoloji baryeri də aşmış olurlar’’.

Cahid İmanlı Elm və Təhsil Nazirliyinin bu sahə üzrə apardığı islahatlardan da bəhs edib: "Bu sahə sırf islahatlar mərhələsindədir deyə bilərik. Belə ki, məktəbəqədər təhsil müəssisələrinə pedaqoji kadrların qəbulu artıq mərkəzləşmiş qaydada həyata keçirilir, həmin müəssisə rəhbərləri də müsahibə yolu ilə mərkəzləmiş imtahan nəticələrinə görə seçilirlər. Eləcə də məktəbəqədər təhsil kurikulumları hazırlanıb. Ümid edirəm ki, bu müsbət dəyişikliklər yaxın zamanda məktəbəqədər təhsildə keyfiyyət göstəricilərinin artmasına səbəb olacaq’’.

Sosioloq Üzeyir Şəfiyev açıqlamasında məktəbəqədər təhsilin uşaqlara davranış qaydalarını, cəmiyyətdə olan normaları mənimsəməyə kömək etdiyini vurğulayıb: “Uşaqlar məktəbəqədər təhsildə valideynlərin iştirakı olmadan özlərini təsdiq etmək, formalaşdırmaq imkanı əldə edirlər. Məktəbəqədər təhsil uşaqların emosional-sosial həyatına da təsir edir. Komanda şəraitində uşaqlar birgə fəaliyyətdə olurlar, bir-biriləri ilə müqayisələr apara bilirlər və sosiallaşırlar. Məktəbəqədər təhsilə getmədən birbaşa məktəbə gedən uşaqlar sosiallaşmaqla bağlı problemlər yaşaya bilir”.

Sosioloq bu prosesdə kadrların önəmindən söz açıb: “Bu mərhələdə təhsil müəssisələrində fəaliyyət göstərən kadrların keyfiyyət göstəricilərindən çox şey asılıdır. Yeni nəslin göstəriciləri nəzərə alınaraq yeni metodiki müdaxilə proqramlarını tətbiq etməyi bacarmalıdılar. Uşaqların inkişafına yönəlmiş oyunlar, tapşırıqlar üstünlük təşkil etməlidir. Burada məqsəd uşaqları həm mənəvi-psixoloji cəhətdən, həm də növbəti təhsil pilləsinə hazırlamaqdır”.

Ayaz Zeynalzadə

Seçilən
13
14
sia.az

10Mənbələr