Ali təhsil müəssələrində artıq qış sessiyası dövrü başa çatmaq üzrədir və semestr imtahanları keçirilir. Hazırda sonuncu kurs bakalavr və magistr tələbələrinin qarşısında elmi iş, diplom işi yazmaq məsələsi durur.
Müşahidələr onu deməyə əsas verir ki, bəzi tələbələr dissertasiya mövzularını pul ödəyərək başqalarına yazdırır. Burada da bir neçə sual yaranır. Universitetdə alınan təhsil tələbələrə elmi iş yazacaq səviyyədə yetişdirmir və ya tələbələr artıq bunu mənasız hesab edir.
Məsələ ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elçin Əfəndiyev vurğulayıb ki, tələbələrin əksəriyyəti ayrı-ayrı şəxslərə və ya təşkilatalara ödəniş edərək elmi iş yazdırırlar:
“Təssüf ki, son dövrlərdə tələbələrin əksəriyyəti fərqli-fərqli şəxslərə və ya təşkilatlara ödəniş müqabilində elmi və diplom işlərini yazdırırlar. Bu da onu deməyə əsas verir ki, tələbələrin əksəriyyəti götürdükləri elmi işlə bağlı informasiyaya sahib deyillər və məlumatları yoxdur. Bunlar gələcəkdə necə mütəxəssis olacaqlar, özü belə, sual altındadır. Əlbəttə, bunun qarşısı mütləq alınmalıdır və bu istiqamətdə Elm və ali təhsil üzrə dövlət agentliyi müvafiq tədbirlər planı hazırlayır. Tələbələrin özlərinin elmi iş yazmaqda maraqlı olmamalarına gəldikdə isə, burada müəyyən qaydalara riayyət etmədiklərini bilirlər, yaxud düşünürlər ki, onların yazdıqlarına elmi rəhbər tərəfindən müsbət rəy verilə bilməz".
O qeyd edib ki, Nazirlər Kabinetinin 2020-ci il qərarı əsasənda bu dövrdən etibarən ali təhsil müəssələrindən təhsil alan tələbələrin təxminən 70 faizi diplom işi və dövlət imtahanı kimi proseslərdən azaddırlar: "Bu da ümumilikdə 60-a yaxın ixtisası əhatə edir. Bəzi labaratoriya şəraiti ixtisaslarda diplom işi və dövlət imtahanının saxlanılmasına razılıq verilib. Bu bir qədər tələbələrin yükünü azaltmış oldu".
Ekspert söyləyib ki, hansı ixtisaslarada diplom işi saxlanılıbsa, agentlik həmin məsələyə diqqət yetirməlidir:
"Ali təhsil müəssələrinə, müəssə rəhbərlərinə, eyni zamanda elmi işin müdafiəsinə nəzarət edən kommisiyalara xüsusi tapşırılqar verməlidir ki, tələbələr məhz elmi işlərini özləri hazırlasınlar. Yaxud da elmi iş dəqiq yoxlanılsın. Məlum olsun ki, həmin tələbə, həqiqətən də, sözügedən mövzuda bilik və bacarıqlara malikdir yoxsa yox. Beləliklə hansısa plagiat məsələni görmək və qarşısını almaq daha asan olacaq".