AZ

Çin yenə dünyanı bir-birinə qatdı – “ChatGPT”ə rəqib gəldi

Çinin “DeepSeek” startapı tərəfindən yaradılan “DeepSeek R1” süni intellekt modeli hazırda bütün dünyanın gündəmindədir. 

“Qafqazinfo” xəbər verir ki, Çin şirkəti ötən həftə sözügedən süni intellektin yenilənmiş modelini təqdim etdikdən sonra proqram istifadəçilər arasında sürətlə populyarlıq qazanmağa başlayıb.

Belə ki, həftə sonu “DeepSeek-R1”in yüklənmə sayı 2,5 milyonu ötüb və yanvarın 27-də o, ən populyar pulsuz tətbiqetmə olub. İstifadəçilər tərəfindən yüklənmə həddindən artıq çox olduğundan şirkətin saytında problemlər də yaranıb. Startap bildirib ki, genişmiqyaslı kiberhücuma məruz qaldıqdan sonra, yeni istifadəçilərin qeydiyyatına müvəqqəti məhdudiyyətlər tətbiq etməli olub.

Model haqqında onu qeyd etmək lazımdır ki, tərtibatçılar onun ABŞ-nin “OpenAI” şirkəti tərəfindən yaradılan “ChatGPT” çat-botuna rəqib ola biləcəyini qeyd edib. Üstəlik layihənin həyata keçirilməsi üçün 6 milyon dollar tələb olunub ki, bu da ABŞ-dəki analoji layihələrin büdcəsindən qat-qat azdır. Eyni zamanda, onun yaradılması üçün daha az çipdən istifadə edilib.

İstifadəçilər də “DeepSeek-R1”in bir çox xüsusiyyətləri “ChatGPT”ni üstələdiyini vurğulayıblar. Onu cəlbedici edən xüsusiyyətlər arasında, həmçinin istifadəsinin pulsuz olması, modelin bir neçə dil tanıması, cavabların daha effektiv və dəqiq olması var. “Bloomberg” qeyd edib ki, yeni texnologiya insan düşüncələrinin gedişatını da imitasiya edə bilər.

Əlbəttə ki, süni intellekt modelinin qısa zaman ərzində bu uğuru digər texnoloji şirkətlərə təsirsiz ötüşməyib və ABŞ-nin dünyada texnoloji liderliyini təhlükə ilə üz-üzə qoyub. 

Bu hadisələr fonunda ABŞ fond birjası bir gün ərzində 1 trilyon dollar həcmində zərər görüb. Xüsusilə qeyd etmək lazımdır ki, “DeepSeek”in uğuru səbəbindən dünyanın 500 ən varlı şəxsinin sərvəti 100 milyard dollardan çox azalıb. “Bloomberg”in məlumatına görə, ən çox zərərlə ABŞ-nin “Nvidia” texnoloji şirkətinin rəhbəri Censen Huanq üzləşib və onun itkisi 20 milyard dollardan çox təşkil edib. Şirkətin səhmləri isə yanvarın 27-də 18 faiz ucuzlaşıb. ABŞ-nin çip istehsalçı şirkəti üçün bu, təqribən 600 milyard dollar kapital və ən bahalı şirkət statusunun itirilməsi demək olub. Bununla yanaşı, “Dell” şirkətinin təsisçisi Maykl Dell 13 milyard dollar, “Binance”in yaradıcısı Çanpen Çjao isə 12 milyard dollardan çox itirib.

Sözügedən şirkətlərlə yanaşı, yeni modelin uğuruna görə “Google” 100 milyard dollar, “Microsoft” isə 7 milyard dollar zərər görüb, eyni zamanda, bir neçə Avropa texnoloji şirkətinin səhmləri də ucuzlaşıb.

Məsələyə ABŞ Prezidenti Donald Tramp da münasibət bildirib və startapın uğurunu “həyəcanverici siqnal” olaraq xarakterizə edib. “Reuters” isə öz növbəsində yazır ki, hazırda investorlar bahalı süni intellekt modellərinə yatırım etməyin nə dərəcədə effektiv olması barədə düşünürlər.

“DeepSeek”in gözlənilməz nailiyyətinin nə qədər müddət davam edəcəyini demək çətin olsa da, onun bütün texnoloji şirkətlərin maliyyə sabitliyini artıq pozduğu faktdır.

Seçilən
17
3
tribunainfo.az

10Mənbələr