AZ

“Kapital Bank”ın “Birbank” tətbiqi niyə çökmüşdü? - Ekspert mümkün səbəbləri açıqladı

Ötən gün “Kapital Bank”ın “Birbank” tətbiqində yaranan problem səbəbindən istifadəçilərin kart məlumatları silindi, əməliyyatların icrası mümkünsüz oldu. Problem 7 saatdan artıq davam etdi. Bank problemin "proflaktik tədbirlərdən" qaynaqlandığını bildirdi və səbrlə yanaşdıqları üçün müştərilərə təşəkkür etdi.

Teleqraf.com xəbər verir ki, ölkənin bank sistemində bu kimi hallar mütəmadi olaraq qeydə alınır.

Ötən ilin yanvarında Azərikard”da ciddi problem yaranmışdı və məsələni yalnız 7 saatdan sonra yoluna qoymaq mümkün olmuşdu. Elektrik sistemində baş verən nasazlıqdan sonra bu mərkəzin bütöv sistemi dayanmışdı və saatlarla bərpa edilməmişdi.

“Birbank” ilə bağlı yaşanan vəziyyəti Teleqraf.com-a şərh edən İKT üzrə mütəxəssis, Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov bildirib ki, bank problemlə bağlı ictimaiyyəti məlumatlandırmalıdır. Bu, həm də “ISO 27001” standartının tələblərindən biridir.

"Banklar eyni zamanda lisenziyalı korporasiya qurumudur və onlar Mərkəzi Bank tərəfindən lisenziyaya müvafiq olaraq, qoyulan qaydalara riayət etməlidirlər. Burada bir çox istiqamətdə, həmçinin də təhlükələrlə bağlı qaydalar var. İstər xidmətin keyfiyyəti baxımından, istərsə də təhlükəsizlik baxımından banklar öz iş prinsiplərini bu qaydalara uyğun qurmalıdırlar”.

Mütəxəssis qeyd etdi ki, təhlükəsizlik sadəcə informasiya texnologiyaları müstəvisində nəzərdə tutulmur:

“Eyni zamanda elektron müstəvidə də problemlər mümkündür. Xidmətin yenilənməsində müxtəlif problemlər yarana bilər. Bu da o deməkdir ki, onlar sınaq mərhələsində kifayət qədər test aparmayıblar. Bank həmçinin kiber hücumlara məruz qala bilər. Bunlar təbiidir və heç bir korporasiya bundan tam sığortalanmayıb. Hər bir halda, əgər bank geniş bir müştəri seqmentinə xidmət edirsə, mütləq ictimaiyyəti məlumatlandırmalıdır.

Təəssüflər olsun ki, ekspertlər olaraq bu mövzunu şərh edə bilmirik, çünki bu bank qapalı mövqe seçib və cəmiyyətə heç bir məlumat vermir. Bir çox ehtimallar var və onlardan biri də budur ki, bu problem bankın öz rəqəmsal xitmətlərini təkmilləşdirdiyi zaman yaranıb”.

Elvin Abbasov diqqətə çatdırıb ki, bu günə qədər Azərbaycanda bank sistemi haker hücumuna məruz qalmayıb.

“Ölkədə vətəndaşların bank vəsaitlərinin oğurlanması kiberdələduzluq müstəvisində baş verib, bank müstəvisində yox. Heç bir bankın təhlükəsizlik sisteminin qırılması nəticəsində pullar oğurlanmayıb. Yalnız vətəndaşların məlumatları və OTP kodları əldə olunub və bu vasitə ilə vətəndaşların pulları oğurlanıb”.

Mütəxəssis “Kapital Bank”ın “Birbank” tətbiqindəki problemin kənar müdaxilədən qaynaqlandığını düşünmür: "Çox güman ki, yaranan problemlər elektronik avadanlıqlarda, serverlərdə və sistem yenilənməsi zamanı yaranan məsələlərlə bağlıdır".


Müəllif: Mirvari Əzizova
Seçilən
4
3
teleqraf.com

3Mənbələr