Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də “Azərbaycanlılarla yanaşı, yunanlar və ermənilərin yaşadığı Allahverdi” adlı süjet hazırlanıb.
“Far.Az” xəbər verir ki, süjetdə ermənilərin addəyişmə "terroruna” məruz qalan Allahverdi, Allahverdibəy və Almalı toponimi haqqında söz açılır.
Bildirilir ki, ermənilərin əsrlər, minilliklər boyu Qərbi Azərbaycan ərazisində formalaşmış toponimlər sistemini kökündən dəyişdirməsi türklərin həmin tarixi-coğrafi ərazidəki izlərinin silinməsinə xidmət edir.
Allahverdi - Loru-Pəmbək qəzasında kənd, indiki Ermənistanda inzibati ərazi vahidi - rayon və rayon mərkəzi olub. Burada azərbaycanlılarla yanaşı, yunanlar və ermənilər də yaşayıb. Yunanlar filiz mədənlərində işləmək üçün buraya 1790-cı ildə gəliblər. Ermənilər isə 1828-ci ildən sonra köçürülüblər. 1918-cı ildə qovulan azərbaycanlıların bir qismi 1920-ci ildə geri qayıdıb və 1988-ci ilədək yaşayıblar. 1969-cu ildə kəndin adı dəyişdirilərək Tumanyan qoyulub.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.