AZ

Bəşəriyyət üçün ən böyük təhdid...

Yanvarın 29-u Beynəlxalq nüvə müharibəsi əleyhinə səfərbərlik günüdür

XX əsrin ən böyük hərbi təhlükəsi olan nüvə silahının icad edilməsindən, daha doğrusu, ilk istifadəsindən sonra nə qədər böyük dağıdıcı və məhvedici gücə malik olduğunu ortaya qoydu. Bəşəriyyətə, insanlığa qarşı bir silah kimi xarakterizə olunan nüvə silahı ayrı-ayrılıqda dünyanın aparıcı dövlətləri sayılan ölkələrin də qorxulu kabusudur. Xüsusilə, son illərdə, qlobal təhlükəsizliyin təhdid qarşısında qaldığı zamanda nüvə müharibəsi ritorikası daha da intensivləşib. Bu isə bütövlükdə yer kürəsi üçün, bəşəriyyət üçün qorxulu bir siqnaldır. Bu təhlükəli müharibənin qarşısını almaq üçün bütün dünya səfərbər olmalıdır.

Dehli Bəyannaməsinin ildönümü...

Yeri gəlmişkən, bu gün, yanvarın 29-u Beynəlxalq nüvə müharibəsi əleyhinə səfərbərlik günüdür. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2001-ci il noyabrın 5-də qəbul etdiyi qərarla yanvarın 29-nu Nüvə Silahı Əleyhinə Səfərbərlik Günü elan edib. Həmin təqvim hər il yanvarın 28-29-da 1985-ci ildə Hindistanın paytaxtı yeni Dehlidə qəbul edilmiş   Dehli   Bəyannaməsinin ildönümü kimi qeyd olunur. Dehli Bəyannaməsi ilk olaraq Hindistan, Argentina, Yunanıstan, Meksika, Tanzaniya və İsveç hökumətləri tərəfindən imzalanıb. Bəyannamədə nüvə silahlanması rəqabətinin dayandırılması və beynəlxalq səviyyədə nüvə silahı cəbbəxanalarının tədricən aradan qaldırılması haqqında çağırış edilib. Bəyannamənin imzalanmasına səbəb hərbi konfliktlər zamanı ətraf mühitə vurulan zərər, müharibələrin bitməsindən çox illər sonra da ekosistemin vəziyyətinə, təbii sərvətlərə, hətta bir nəslin həyatına olan mənfi təsir haqqında hər kəsi məlumatlandırmaqdır.

Qeyd edək ki, nüvə silahı 1945-ci ildə iki dəfə istifadə olunub. Yaponiyanın Naqasaki və Xirosima şəhərlərinin bombardman edilməsindən sonra bu qorxunc silahdan istifadə olunmasa da, yeni bir nüvə təhdidinin yaranması bütövlükdə yer kürəsinin sonu demək olar. Çünki, əgər ötən əsrin əvvəlində yalnız bir və ya iki ölkənin nüvə silahı vardısa, bu gün dünyanın əksər dövlətləri bu dəhşət saçan ölüm bombasına malikdirlər.

Ümumiyyətlə, nüvə silahından imtina məsələsi hər zaman beynəlxalq müstəvdə aktuallıq daşıyıb - hələ ötən əsrin ortalarında bu silaha malik iki ölkə, ABŞ və keçmiş SSRİ tərəfindən 1953-cü ildə atmosferdə nüvə sınağına moratorium qoyulmuşdu. Lakin bu qadağa keçmiş SSRİ tərəfindən 1961-ci, ABŞ tərəfindən isə 1962-ci ildə pozuldu. Bundan sonra Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma Komissiyası atmosfer, kosmos və su altında nüvə sınağını qadağan edən bir müqavilə hazırlayıb. Müqavilə ABŞ və keçmiş SSRİ də daxil olmaqla BMT-yə üzv olan 100-dən çox dövlət tərəfindən imzalanıb. 1968-ci ildə ABŞ, Rusiya, Fransa, İngiltərə, Çin istisna olmaqla bütün ölkələrə nüvə silahına sahib olmağı qadağan edən başqa bir saziş bağlanıb. 1990- cı illərin ortalarında sazişə 181 ölkə qoşulub, 1995-ci ildə isə vaxtı qeyri-müəyyən müddətə uzadılıb.

“Nüvə”lərin sayı...

Açıqlanan son statistik rəqəmlərə görə, dünyada ümumilikdə 12 min 500-13 min ədəd arasında nüvə döyüş başlığı mövcuddur. Bunların təxminən 90 faizi ABŞ və Rusiyanın arsenalına daxildir. Digər ölkələr isə kiçik və regional çəkindirmə məqsədlərinə uyğun arsenal saxlayır. Nüvə dövlətləri də iki kateqoriyaya ayrılır:

Rəsmi nüvə dövlətləri (BMT Təhlükəsizlik Şurasının daimi üzvləri):

- Rusiya dünya üzrə ən böyük nüvə arsenalına malikdir - təxminən 4500-dən artıq aktiv döyüş başlığına sahibdir. Rusiyanın həm də modernləşdirilmiş qitələrarası raket texnologiyası mövcuddur;

- ABŞ isə təxminən 3700 aktiv döyüş başlığı ilə siyahıda ikinci yeri tutur. ABŞ da strateji müdafiə üçün istifadə olunan qitələrarası ballistik raketlərə sahibdir.;

- Çində isə təxminən 400 dən artıq nüvə başlığı var;

- Fransa son statistikaya göbrə 290 nüvə başlığına sahibdir və bu arsenal əsasən sualtı gəmilərdə yerləşdirilib;

- Böyük Britaniyanın isə təxminən 225 başlıqdan ibarət arsenalı var ki, bu ölkənin də müdafiə strategiyası əsasən sualtı bazalara yönəldilib.

Rəsmi olmayan nüvə dövlətlərinə gəldikdə isə:

- Hindistanın təxminən 164 nüvə başlığı var. Hindistan nüvə potensialını həm Pakistan, həm də Çin ilə münasibətləri nəzərə alaraq inkişaf etdirir.

- Pakistanın isə 170 nüvə başlığının olduğu bildirilir. Pakistan isə nüvə strategiyasını əsasən Hindistana qarşı balans yaratmaq məqsədilə formalaşdırıb.

- Şimali Koreyada təxminən 30-40 növə başlığı mövcuddur. Şimali Koreya əsasən strateji və regional çəkindirmə məqsədlərinə yönəlmiş proqramlarla məşğuldur.

- İsrailin isə rəsmi olaraq təsdiq etməsə də, təxminən 90 nüvə başlığına sahib olduğu düşünülür.

Bombadan istifadə üçün “hüquqi zəmin”-“Nüvə doktrinası”...

Amma bu silahlardan istifadə dövlətlərin hər dəfə “istəyi” ilə baş verə bilməz - hər bir ölkənin “Nüvə doktrinası” mövcuddur. Məsələn, Rusiyada ötən ilin sonlarına yaxın  “Nüvə silahının tətbiqinin qarşısının alınması sahəsində dövlət siyasətinin əsaslarının təsdiq edilməsi haqqında” fərman imzalandı və Rusiya hərbi kosmik hücum silahlarının, o cümlədən PUA-ların kütləvi şəkildə havaya qalxması və onların Rusiya sərhədini keçməsi barədə etibarlı məlumat əldə edəcəyi təqdirdə nüvə silahından istifadə üçün hüquqi zəmin formalaşdırdı.

Birləşmiş Ştatlar isə 2022-ci ildə təsdiqlənmiş “Nüvə Siyasətinin İcmalı”nda (Nuclear Posture Review) nüvə silahının hansı şərtlər altında istifadə oluna biləcəyini açıqlamır. Sənədə görə, “Birləşmiş Ştatlar nüvə silahından yalnız ekstremal şəraitdə ABŞ və ya onun müttəfiqlərinin, tərəfdaşlarının həyati maraqlarını qorumaq üçün istifadə etməyi nəzərdən keçirə bilər”. Sənədə əsasən, ABŞ nüvə silahı olmayan dövlətlərə qarşı nüvə silahından istifadə etməyi planlaşdırmır. Eyni zamanda, ilk zərbədə nüvə silahından istifadə edilməməsi ilə bağlı ifadə son redaktə sənəddən çıxarılıb.

Böyük Britaniyanın nüvə silahından istifadə prinsipləri 2023-cü ilin martında qəbul edilmiş xarici siyasət doktrinasında ifadə olunub. Ölkə NATO müttəfiqlərinin müdafiəsi də daxil olmaqla, “yalnız özünümüdafiə üçün ekstremal şəraitdə” ondan istifadə etməyə hazırdır.

Fransa nüvə silahlarına yanaşmasını oxşar şəkildə müəyyənləşdirir - “Strateji İcmal”da (2022) “həyati maraqları” qorumaq üçün bu cür silahlardan istifadə etməyə hazır olduğu bildirilir.

Çin yeganə ölkədir ki, onun doktrinasında nüvə silahından ilk istifadə etməməklə bağlı müddəa var. 2019-cu ildə nəşr olunan “Yeni erada Çinin Milli Müdafiəsinə dair Ağ Kitab”ın onuncu nəşrində Pekinin nüvə silahı olmayan ölkələrə qarşı nüvə silahından istifadə etməyəcəyi vurğulanır.

P.SADAYOĞLU

Seçilən
4
50
yeniazerbaycan.com

10Mənbələr