AZ

Yeni Dövlət Proqramı nəqliyyat infrastrukturunun daha da müasirləşməsini təmin edəcək - AÇIQLAMA

Dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirildi. Dövlət başçıcı həmin müşavirədə nəqliyyat sahəsində Azərbaycanın uğurları ilə bağlı bir çox məsələlərə toxundu. Əsasən Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişaf perspektivləri müzakirə olunub, böyük infrastruktur layihələrinin icra edildiyi bildirildi.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında qeyd edib.

K.Bayramov bildirib ki, cənab Prezidentin qeyd etdiyi kimi, Bakıda bir çox böyük layihələrə imza atılıb, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər inşa edilib, yeni yollar salınıb. Dövlət başçısı Azərbaycanın beynəlxalq nəqliyyat xəritəsində oynadığı rola toxundu.  Həqiqətən də coğrafi mövqeyimizdən səmərəli istifadə edirik və beynəlxalq nəqliyyat dəhlizləri məhz Azərbaycanın ərazisindən keçir ki, bu da ölkəmizin regionda, ümumiyyətlə, dünyada əhəmiyyətini daha da artırır.

Cənab Prezident görüləcək işlər barədə də kifayət qədər geniş məlumat verdi. Məsələn, Sumqayıt-Yalama dəmir yolunun tikintisi ilə bağlı işlərin böyük bir hissəsi həyata keçirilib. Eyni zamanda, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminal kompleksi, 10 yeni metro stansiyası tikiləcək. Bakıda və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ilə bağlı yeni Dövlət Proqramı qəbul ediləcək. Düşünürəm ki, Dövlət Proqramının qəbul olunması Bakı şəhərində tıxacların azalmasına, eyni zamanda, nəqliyyat infrastrukturunun daha da müasirləşməsinə xidmət edəcək.

Səbinə Kazımova, “İki sahil”

Seçilən
3
50
ikisahil.az

10Mənbələr