“Azərbaycan elə bir strateji coğrafi regionda yerləşir ki, burada nəqliyyat infrastrukturunun beynəlxalq standartlar çərçivəsində qurulması olduqca vacibdir. Həm ölkə vətəndaşlarının, həm də digər iştirakçıların bu infrastrukturun imkanlarından rahatlıqla istifadə edə bilməsi üçün dövlətimiz bu günə qədər çox böyük layihələr həyata keçirib. Görülən işlərin nəticəsidir ki, ölkəmiz qədim İpək Yolunun mərkəzində yerləşərək Şərq ilə Qərb arasında mühüm körpü rolunu oynamaqda davam edir. Beynəlxalq nəqliyyat dəhlizlərinin əsas hissəsinə çevrilın Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişmə nöqtəsində yerləşərək, bir sıra hallarda Avrasiya iqtisadiyyatının şah damarı qismində çıxış edir. Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Dövlətimiz təkcə beynəlxalq səviyyəli nəqliyyat infrastrukturlarının deyil, həm də daxili yollarımızın da müasir standartlara cavab verəcək səviyyədə qurulması üçün böyük işlər görür. Bu mənada yanvarın 28-də Prezidenti İlham Əliyevin rəhbərliyi ilə keçirilən nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çox ciddi məqamlara toxunuldu. Mövcud problemlər sadalandı, onların həlli yolları göstərildi, eləcə də yeni layihələr, planlar ictimaiyyətə təqdim olundu”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, müşavirədə əsasən Bakı şəhərinin və onun ətrafında yerləşən ərazilərin nəqliyyat infrastrukturunun inkişafını müzakirə edildi: “Doğrudan da, son illər paytaxtımızın nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün böyük işlər görülsə də, hələ də tıxacları aradan qaldırmaq mümkün olmayıb.Ölkə əhalisinin sayının 10 milyon nəfəri keçməsi, avtomobillərin sayının artması, əhalinin paytaxta axın etməsi Bakıda nəqliyyat sıxlığının əsas səbəbləridir. Ötən gün açıqlanan rəqəmə görə, gün ərzində 630 mindən çox sərnişin-vətəndaş Bakı şəhərinin mərkəzinə doğru yönəlir. Həmin vətəndaşlar təxminən 300 min avtomobillə şəhərin mərkəzinə doğru hərəkət edirlər. Xüsusən də Sumqayıt-Xırdalan istiqaməti burada böyük paya malikdir. Müşavirədə o da diqqətə çatdırıldı ki, Bakı şəhəri və onun ətrafında yerləşən ərazilərdə nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün yeni dövlət proqramı qəbul ediləcək. Artıq bu proqramın əsas elementləri ictimaiyyətə açıqlanıb. Bilgəh-Novxanı-Xırdalan-Şamaxı avtomobil yolu, Sabunçu-Sulutəpə avtomobil yolu və birinci dairəvi yolu Ziya Bünyadov prospektinə birləşdirən dairəvi yol yenidən qurulacaq, genişləndiriləcək. Məqsəd şəhər mərkəzindəki nəqliyyat axınını bu yollara yönəltməkdir. Bundan başqa Xırdalan dairəsindən başlayaraq Tbilisi prospektinə, 20 Yanvardan başlayaraq Ziya Bünyadov prospektinə birləşənə qədər 15 yol kəsişməsində təhlillər aparılıb. Ziya Bünyadov prospekti istiqamətində yollar genişləndiriləcək, Şamaxı yolundan Xırdalan şəhərinə yeni yollar açılacaq. Sumqayıtda da yol və nəqliyyat infrastrukturunun inkişafı istiqamətində böyük işlər həyata keçirilib. Şəhərin əsas prospektləri, küçə və məhəllələr asfaltlanıb.
Sumqayıt-Yalama dəmir yolunun tikintisi artıq 80 faiz səviyyəsində təmin edilib və yəqin ki, yaxın zamanlarda tam istifadəyə veriləcək. Bu günlərdə Sumqayıta sıxılmış qazla işləyən yeni müasir Çin istehsalı 10 avtobus gətirildi. 29 yerlik olan bu avtobusların sayı gələcəkdə artırılacaq. Görülən işlər Sumqayıtda sosial-iqtisadi həyatın canlanmasına töhfələr verir”.
M.Vəliyeva qeyd etdi ki, digər vacib layihələrdən biri Dəniz Ticarət Limanının inşası oldu: “Köhnə limanın şəhərin mərkəzindən kənara köçrülüməsi, onun yerində istirahət zonalarının yaradılması Bakının vizual görüntüsünü dəyişəcək. Yeni Dəniz Ticarət Limanının illik imkanları 25 milyon tona çatdırılacaq. Buna səbəb Şərq-Qərb nəqliyyat dəhlizi üzrə yüklərin həcminin sürətlə artmasıdır. Prezidentin qərarı ilə yaradılan AZCON ticarət limanının fəaliyyətini əlaqələndirəcək və perspektiv inkişaf planını hazırlayacaqdır. Son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanının inşa edilməsini də böyük uğur kimi qiymətləndirmək olar. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Qəbələ, Zaqatala, Füzuli və Zəngilanda yeni hava limanları inşa olundu. Bu il Laçında yeni hava limanı istifadəyə veriləcək. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.
Millət vəkili bildirdi ki, dünya okeanına çıxışı olmayan bir ölkənin nəqliyyat mərkəzinə çevrilməsi yalnız düşünülmüş, uzaqgörən siyasətin sayəsində mümkün ola bilərdi. Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinə təlabat iildən-ilə artır. İndi bu dəhlizlərin aşırma qabiliyyətini artırmaq üçün əlavə sərmayəyə ehtiyac vardır və dövlətimiz bu məsələni öz imkanları hesabına həll edəcəkdir. Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Azad edilmiş ərazilərimizdə də böyük nəqliyyat layihələri icra olunmaqdadır. 3400 kilometrə yaxın avtomobil yolu layihəsi icra edilib. Bu işlər davam etməkdədir. Son 20 il ərzində 1500 kilometrdən çox dəmir yolu tikilib, 1800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox olan Abşeron dairəvi xətti istifadəyə verilib. Dövlətimizin təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu zamanında böyük müqavimətlə qarşılaşdı. ABŞ-dakı erməni diasporu və onların dostları bu layihəyə qarşı çıxdılar. Ermənistandan kənar keçən bu layihə onları qane etmirdi. Ovaxtkı Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Tbilisi buna razılıq verməsin. Bir neçə il ərazində aparılan danışıqlardan sonra Gürcüstanı layihəyə razı salmaq mümkün olmuşdu. Əgər Bakı-Tbilisi-Qars dəmir yolu tikilməsəydi, bu gün Orta Asiyadan yüklərin Avropaya daşınmasında ciddi problemlər yaşanacaqdı. Bu gün müxtəlif ölkələrin yükləri Bakıdan Avropaya, Türkiyəyə daşınır”.
Zəngəzur dəhlizi termininin artıq beynəlxalq leksikona daxil edildiyini diqqətə çatdıran millət vəkili Ermənistan tərəfinin bu dəhlizə qarşı çıxdığını, amma gec-tez Azərbaycanın tələblərini yerinə yetirməli olacağını diqqətə çatdırdı: "Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Heç bir maneə, yoxlanış olmadan vətəndaşlarımız, avtomobillər Naxçıvana gedib, geri qayıda bilməlidir. Bu Azərbaycanın tələbidir. Biz Ermənistansız da, İran vasitəsi ilə Naxçıvana yeni yollar çəkə bilirik. Əgər Ermənistan dəhlizin açılmasına razılıq verməsə, o daha da təcrid olunacaq, dalan ölkəyə çevriləcək”.