Səhərlər Çinin Siçuan şəhərində bir çox insan ölkənin ən məşhur pandası Hua Huanı görmək üçün Çenqdu Nəhəng Panda Yetiştirmə Araşdırma Bazasına axışır.
Hafta.az-ın yazdığına görə, Aqiu də panda görmək üçün tələsənlərdən biridir. Yaxınlıqda mənzil kirayələyən 32 yaşlı kişi TikTok-un bacısı Douyin proqramında 10 min izləyicisi üçün Hua Hua filmini çəkir.
O, yayda gecə saat 3-də oyanaraq növbənin başına keçdiyini deyir və əlavə edir: “Sadəcə onun üzünü görmək məni inanılmaz dərəcədə sevindirir”.
4 yaşlı dişi panda o qədər məşhurdur ki, 30 nəfər onu eyni anda cəmi üç dəqiqəyə görə bilir.
Hua Huanın fotolarını şəhərdəki hədiyyə mağazalarında, kafelərdə, poçt şöbələrində və reklam lövhələrində tapmaq olar. Onun videolarına Çin sosial mediasında baxış sayı milyardlarla ifadə edilir.
Bu heyvanlar yaraşıqlı görünüşü ilə bütün dünyada diqqəti cəlb etsə də, son vaxtlar Çində panda çılğınlığı yaşanır. Dövlətin onilliklər ərzində göstərdiyi səylərdən sonra əvvəllər az tanınan bu heyvanlar indi “milli simvollar” kimi qəbul edilir.
Digər tərəfdən, cəmiyyətin bu heyvanlara qucaq açması “panda diplomatiyası”na əngəl yaratmağa başlayıb.
Pekin administrasiyası bu heyvanlardan ikisini ABŞ-ın o zamankı prezidenti Riçard Niksonun administrasiyasına göndərməklə “panda diplomatiyası” səylərinə başladı.
Pekin 1972-ci ildə Vaşinqtondakı Milli Zooparka bir cüt panda hədiyyə etdikdən sonra bu heyvanlar iki ölkə arasında dostluğun simvoluna çevrildi. Daha sonra pandalar Çindən ABŞ-ın digər zooparklarına icarəyə verilib və bir müddət Amerikada qaldıqdan sonra bu heyvanlar yenidən pandaların mühafizəsi proqramına aparılıb.
Lakin son vaxtlar Çin ictimaiyyəti arasında ABŞ və digər ölkələrə göndərilən pandaların geri alınması tələbləri qaldırılıb. Çinin “milli sərvəti” sayılan pandaların xaricdəki zooparklarda yaxşı baxılmaması ilə bağlı iddialar sosial mediada müzakirələrə səbəb olur.
Çinə dönməsi gözlənilən ikilidən Ya Yanın 2023-cü ildə çox zəif bir vəziyyətdə görünməsi və Le Lenin ölməsi ABŞ-ın Memfis Zooparkında qalan pandaların yaxşı olmadığına dair söz-söhbətlərə səbəb olub. ABŞ-ın əleyhdarları pandalarla qəsdən pis rəftar edildiyini bildiriblər.
Ötən il ABŞ-a göndəriləcək iki pandanın qaldığı Dujiangyan Panda Bazasının qarşısında keçirilən etiraz aksiyaları da diqqət çəkib. Çin administrasiyası bütün cəhdlərinə baxmayaraq, transfer əməliyyatını gizlədə bilməyib.
Fəallar iddia edirlər ki, pandalar "yumşaq güc" üçün zərər görməməlidir.